Tanınmış QHT rəhbərinin nədə ittiham olunduğu BƏLLİ OLDU

Tanınmış QHT rəhbərinin nədə ittiham olunduğu BƏLLİ OLDU
Загрузка...
Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin nədə ittiham olduğu məlum olub. Lent.az-ın məlumatına görə, ittiham aktında yazılıb ki, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib və həmin əməli təkrarən törədib.
İttihamda qeyd edilir ki, K.Ağazadə 1998-ci ilin oktyabr ayından hazırkı vaxtadək Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində işləyərkən Səhiyyə Nazirliyi ilə "Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və müalicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmməlləşdirilməsi” layihəsinin tətbiqi üçün əməkdaşlıq edib. 2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb. Həmin müqavilənin müddəti bitdikdən sonra o, Səhiyyə Nazirliyində işləyən aidiyyəti üzrə vəzifəli şəxsə rüşvət verməklə əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına və bunun əsasında onlarla yenidən xidmət müqaviləsi bağlayacağının mümkün olduğunu bildirib.
K.Ağazadə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib. O, 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqları Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.
Qeyd edilən cinayət əməlini törətdiyinə görə K.Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb. Təşkilat rəhbəri həbs edilməyib. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Qeyd edək ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 30-da keçiriləcək.
Загрузка...
Загрузка...

Xəbər lenti