Siyavuş Novruzov: Gənclər Vidadi İsgəndərlidən intiqamını bu cür alıb

Siyavuş Novruzov: Gənclər Vidadi İsgəndərlidən intiqamını bu cür alıb
Загрузка...
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov hazırda Fransada yaşayan Vidadi İsgəndərlinin atasının Göyçaydakı məzarının təhqir olunması məsələsinə münasibət bildirib.
S.Novruzov Sfera.az-a müsahibəsində deyib ki, Vidadi İsgəndərli Azərbaycan xalqını təhqir etdiyi üçün bir qrup gənc ondan intiqamını bu cür almağa çalışıb: "Gərək hər bir insan mübarizəsini kişi kimi aparsın. Daha ayrı-ayrı insanların şəxsi həyatını, ailəsini və qohumlarını öz çirkin mübarizəsinə şərik etməməlidir. Bu etik normalara sığmayan hərəkətdir. Siyasi mübarizəni belə kişi kimi aparmaq lazımdır! İndi qaçıb Avropada gizlənmisən deyə, insanların ailəsi və övladları haqqında çirkin, əxlaqsız və yalan fikirlər söyləməlisən? Axı sənə kim ixtiyar verir ki, insanların şəxsi həyatlarını öz çirkin mübarizənə qoşursan? Belə olanda da bu cür xoşagəlməz nəticələr ortaya çıxır. Hər kəsin bir xasiyyəti var, birinin əsəbləri dözür, birinin isə dözmür. Vidadi İsgəndərli öz hərəkətlərinə fikir versəydi, Azərbaycan xalqını təhqir etməsəydi, o zaman nəticəsi də belə olmazdı. O, özünü xalqa qarşı doğru aparmadığı üçün belə hallar baş verir. Mən hər hansı anti-milli, dini və milli mentalitetə uyğun olmayan hərəkətlərinin əleyhinəyəm".
S.Novruzov siyasi mövqeyindən asılı olmayaraq, hər bir qanunazid əməl törətmiş şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparıldığını söyləyib: "Vidadi İsgəndərlinin atasının məzarı ilə bağlı hüquq-mühafizə orqanları müvafiq araşdırmalar aparacaq. Ancaq həmin Vidadi İsgəndərli mütəmadi olaraq Azərbaycanın hüquq-mühafizə orqanları rəhbərləri haqqında da təhqiramiz ifadələr işlədir. O, təkcə hüquq mühafizə orqanları haqqında deyil, müxtəlif vəzifəli şəxslər, siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələri haqqında da olmazın fikirlər səsləndirir. Təbii ki, bütün bunlar onun tərbiyyəsinin və əxlaq səviyyəsinin necə olmasından xəbər verir”.
Загрузка...
Загрузка...

Xəbər lenti