Qaçan məhbusların məhkəməsində kim damarlarını kəsib?

Qaçan məhbusların məhkəməsində kim damarlarını kəsib?
Загрузка...
Şahid istintaqa verdiyi ifadəsini təsdiqləməyib
Məhbusların qaçmasına kömək göstərməkdə, onların saxlanmasına cavabdeh olduqları halda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 13 nəfərin məhkəməsi davam edir. Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə keçirilən prosesdə Elçin Mirzəyev ifadə verib. O, Biləsuvar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasının rəisidir.
Təcridxana rəisi bildirib ki, hadisədən öncə orada müvəqqəti saxlanması üçün Məhəmməd Heydərov adlı dustaq gətirilmişdi: "Onların cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxırdılar. Onun üzərinə baxış keçirən zaman xəsarətlər aşkarlandı. Mən də bu barədə rəhbərliyə məlumat verdim. Bizə məlumat daxil oldu ki, həmin dustaqlar Bakıya etap ediləcək. Biz də onu təhvil verdik”.
M.Heydərov Lənkərandan Bakıya qayıdarkən Biləcəri stansiyasında qatardan qaçan iki dustaq – Əli Ağami və "Qoca” ləqəbli Etibar Məmmədovla eyni cinayət işi üzrə mühakimə olunublar. Onlar qəsdən adam öldürməkdə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror sözügedən qətldə təqsirləndirilən 5 nəfərə, o cümlədən "Qoca”ya, Ə.Ağamiyə, M.Heydərova 19 il həbs istəyib. M.Heydərov məhkəmədə damarlarını kəsib. Həmin qətlə görə 18 il azadlıqdan məhrum edilən M.Heydərov da "Qoca” və Ə.Ağaminin qaçmasıyla əlaqədar məhkəmədə şahid qismində dindirilib.
O təsdiqləyib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə obyektiv baxılmadığına, ədalətsizliyə görə özünə xəsarət yetirib: "Məhkəməyə etiraz edib özümə xəsarət yetirdim. Çünki işə doğru-düzgün baxmırdılar. Qollarımın damarlarını, boğazımı kəsdim. Etibar Məmmədovla rayonda qonşu olmuşuq. Hadisə günü Bakıya da bizi eyni qatarda qaytarırdılar. Lakin onların qaçdığını görməmişəm. Pulum olmayanda "Qoca”dan istəmişəm, verib”. M.Heydərov istintaqdakı ifadəni təsdiqləməyib. Həmin ifadədə yazılıb ki, Lənkərandan gələrkən M.Heydərov qatarda Ə.Ağami və "Qoca”nın olduğu kamerada onlarla birlikdə söhbətləşdikdən sonra yatmağa gedib. Lakin məhkəmədə bunu təkzib edib: "Nəzarət güclü idi, orada belə hal baş verməyib”.
Məhkəmənin növbəti iclası sentyabrın 24-nə təyin edilib.
Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, "Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.
Daha bir nəfər axtarışdadır. Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov, ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilirlər. Polkovnik B.Abdullayevə mənimsəmə ittihamı da elan olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti