Polis: ''Qoca'' maşının yük yerindən qaçıb

Polis: ''Qoca'' maşının yük yerindən qaçıb
Загрузка...
Polkovnikə verilmiş ittihamla bağlı vəsatət təmin edilib
2017-ci ilin oktyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya qaytarılarkən Biləcəri dəmiryol stansiyasında qatardan iki dustağın qaçmasına görə həbs olunan 13 nəfərin məhkəməsi sentyabrın 3-də davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə keçirilən məhkəmədə Ağstafa rayon Polis Şöbəsinin əməkdaşı Fərhad Quliyev dindirilib. O, qaçan dustaqlardan biri – "Qoca” ləqəbli Etibar Məmmədovun olduğu maşını postda saxlayıb. Həmin vaxt "Qoca” maşının yük yerində olub və oradan çıxıb qaçıb. F.Quliyevin sözlərinə görə, dustaqların qaçmasından sonra rəhbərliyin göstərişi ilə rayon ərazisində postlar qurulmuşdu. Məqsəd şübhəli şəxsləri müəyyənləşdirmək idi. Şahid polis bildirib ki, bir maşına baxış keçirəndə arxadan gələn "Opel”in posta yaxınlaşarkən qəbildən dönüb qayıtdığını görüb şübhələniblər: "Biz o maşının arxasınca getdik. Kəndin girəcəyində maşın dayandı. Biz yaxınlaşanda sürücü düşdü. Yük yerindən bir nəfər düşüb qaçdı. Arxa oturacaqda bir xanım da əyləşmişdi. Biz dərhal məruzə edib hər iki şəxsi bölməyə apardıq”.
Məhkəmədə şahid qismində Ədalət Zeynalov da ifadə verib. O, təqsirləndirilən şəxslərdən müğənni Fədayə Laçının bacısı Telli Ağayevanın iş yoldaşıdır. "Qoca”nın vaqonun pəncərəsini açmaq üçün istifadə etdiyi açarı Ə.Zeynalov verib. Şahid açarı niyə və necə verdiyini danışıb. Ə.Zeynalov bildirib ki, Fədayə Laçının bacısı Telli Ağayeva vaqon rəisi idi: "Mən də vaqon nəzarətçisi. Bir iş yoldaşı kimi, həmin açarı məndən istədi. Xüsusi açar deyil, hər yerdən tapmaq mümkündür. Qapı, pəncərə və şitlərin açılmasında istifadə edilir. Mən də açarı tapdım. Telli xanım demişdi, Fədayə xanıma verməliydim, gəlib götürməliydi. Amma zəng eləyib dedi ki, çəkilişi var, ona görə başqa adam götürəcək. Gecə dəmir yolunda bir nəfərə verdim. Qaranlıq olduğundan üzünü tam xatırlamıram”.
T.Ağayeva özü də ötən məhkəmə iclaslarının birində dindirilərkən bildirmişdi ki, bacısı ondan açarı istəyərkən bir tanışının öz həyətində qəfəsi açması üçün lazım olduğunu deyib. Təqsirləndirilən Fuad Hacıyevin vəkili məhkəmədə vəsatət qaldırıb. Bildirib ki, həbs edilənlərdən polkovnik Bəhruz Abdullayevə qarşı mənimsəmə ittihamı irəli sürülüb. İttihamda göstərilib ki, Bəhruz Abdullayev işçisi Fuad Hacıyevə ayrılmış ezamiyyət və digər xərcləri mənimsəyib:
"Bu ittiham heç bir sübuta əsaslanmır. İşdə zərərçəkmiş yoxdur. Bəhruz Abdullayevin Fuad Hacıyevin pulunu mənimsədiyi qeyd edilir, amma o, zərərçəkmiş kimi tanınmayıb. İstintaq orqanı böyük prosessual pozuntuya yol verib. Heç istintaq zamanı Fuad Hacıyevə təklif də edilməyib ki, zərərçəkmiş olsun. Fuad Hacıyev məhkəmədə suallarımızı cavablandırarkən bildirdi ki, onun pulu mənimsənilməyib. Pulu onun kartına köçürülüb və bütün məbləği də özü alıb. Əgər Bəhruz Abdullayevə bu ittiham verilibsə, o zaman Fuad Hacıyev zərərçəkmiş kimi tanınmalıdır. Zərərçəkmiş kimi tanınmayıbsa, deməli, onun hüquqları pozulub. Biz vəsatət verib istintaq orqanının bu məsələyə münasibət bildirməsini, aydınlaşdırmasını tələb edirik”. Məhkəmə vəsatəti qəbul edib.
Proses sentyabrın 5-də davam edəcək.
Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, "Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Daha bir nəfər axtarışdadır. Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. Polkovnik B.Abdullayevə mənimsəmə ittihamı da elan olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti