Perinatal Mərkəzin direktoru: "Hansı həkim istəyər ki, onun tutduğu doğuşda uşaq ölsün?!"

Perinatal Mərkəzin direktoru:
Загрузка...
"Azərbaycanda doğuş zamanı ana ölümlərinin sayı ildən-ilə azalır", - Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, bu ilin üç ayı ərzində Azərbaycanda 7 ana ölümü faktı qeydə alınıb. 2016-cı ildə bu rəqəm 21, 2017-ci ildə isə 20 olub. Mərkəzin direktoru bu il baş verən ana ölümləri ilə bağlı 12 tibb işçisinə töhmət verildiyini qeyd edib.
Sevinc Məmmədova doğuş zamanı ölüm halları və səbəbləri barədə BBC Azərbaycanca-nın suallarını cavablandırıb.
- Ana və uşaq ölümlərinin əsas səbəbləri nələrdir?
- Ölümlərin əsas səbəbləri baş-beyində qan sızması, ürək xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, endokrinoloji patologiyası olan piylənmə ilə bağlı olub. Bəzi hallarda xanımlarda qan xəstəlikləri olur, laxtalanma sistemi pozulur, uşağa kifayət qədər qan getmir. Bəzi hallarda rezus konflikti olur, yəni rezusu mənfi olan ananın bətnində rezusu müsbət olan uşaq inkişaf edir. Bu zaman ana ilə uşağın qanında parçalanma baş verir. Ana bətnində belə uşaqlar tələf ola bilər. Buna görə dövlət təminatlı Rhogam preparatları doğuşa yardım müəssisələrinə paylanılır. Preparat hamiləliyin 28-ci həftəsində xəstəyə əzələ daxilinə vurulur və ana bətnində inkişaf edən uşağı ölümdən qurtarırıq.
- Bu preparat bahalıdırmı?
- Dərmanlar xaricdə 120-150 manata satılır. Amma Səhiyyə Nazirliyi tərəfindən "Ana və uşaq proqramı" çərçivəsində bizə hər il 1500-dən artıq Rhogam preparatı pulsuz verilir. Buna görə ana bətnində uşaq ölümünü sıfıra endirmişik. 600-dən çox tibb müəssisəsi təmir olunub, cəmi 2 doğum evi qalıb ki, bu il təmir edilir.
- Hamiləliyi başa çatmadan ölən anaların sayı nə qədərdir?
- Adətən ölənlərin içində 30 faizi təşkil edir. 2017-də qarnında diri uşaq olan ana ölümü baş verməyib. Qarnında ölü uşaqla müraciət edənlər də çox azdır. Vaxtından əvvəl doğuşların sayı ümumi doğuş sayının 15 faizini belə etmir.
- Doğuş zamanı yaranan problemlərin səbəbləri nədir?
- Müxtəlifidir. Bəzi hamilələr sancı başlayan zamanı tam axırıncı dəqiqəyə qədər evdə oturur ki, gücvermə vaxtı xəstəxanaya gəlsin. Bu zaman həkimlərin səylərinə baxmayaraq uşaqlar travmalı doğulur. Onlara yardım göstəririk, ancaq elə üçüncü-dördüncü dərəcəli tənəffüs mərkəzlərinə qansızmalar olur ki, bərpa etmək çətin olur. Bundan başqa bətndə göbək ciyəsində düyünlər yarana bilər. Bu da doğuş vaxtı gücvermədə tarıma çəkilir və anadan uşağa gedən qan dövranını pozur. Uşaq havasız qalır, ölü doğulur.
- Ölüm hallarında həkim savadsızlığı və ya xəstəxanada texniki avadanlığın çatışmazlığı faktorlarının rolu nə qədərdir?
- Hansı həkim istəyər ki, onun tutduğu doğuşda uşaq ölsün?! Axı biz 6 il oxuyuruq, 5 il də rezidentura keçirik. Hamı 4 il oxuyanda, həkim-ginekoloq 11 il oxuyur. Ona görə oxumuruq ki, doğuşda ana və ya uşaq ölsün. Bunu hansı normal həkim istəyər?!
- Bəs niyə ölüm halları baş verir?
- Bizim insanlarda maariflənmə aşağıdır. Bizim xalq televizorda şənlik verlişlərinə baxır, amma tibb verlişlərinə baxmır. Məsələn qadın məsləhətxanalarının nəzdində "mamalar məktəbi" var. Ayda bir dəfə gedirsən, həkimlər müvafiq hallardan, xəstəliklərdən, anaya, uşağa qulluqdan təlim verir. Bura mütləq getmək lazımdır. Bu, qanunvericilikdə var. Bizim gənc hamilələr isə o məktəblərə getmirlər. Onlar məsləhətxanaya gəlib, analiz verib, həkimə yaxşıyam deyib gedirlər. Dərsə dəvət edirsən, gəlmirlər. Heç bir xəstəliyi həkimdən gizlətmək olmaz, irsi xəstəliklər barədə məlumat verilməlidir.
- Ayın əvvəlində Şəkidə 31 yaşlı qadının doğuşdan sonra ölümü ilə bağlı aparılan araşdırma nəticəsində Şəki Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən şəxshəbs edilib.
- Rəhmətə gedən xəstənin ikinci hamiləliyi və ikinci qeysəriyyə kəsiyidir. Doğuşa gələndə uşaqlıq üzərində olan çapığı onu risk qrupuna salmağa şans vermişdi. Əməliyyat göstərişlə olub. Çapıq varsa, əməliyyat edilməlidir. Həbs edilmiş həkimin doğum taktikası seçimi düzgün olub. Ekspertlər rəy veriblər ki, doğuşun özünün qeysəriyyə kəsiyinin texniki kəsiminin icrası düzgün olub. Əməliyyat başa çatıb. Lakin 1 saat sonra qadında daxili qanaxma baş verib. İkinci qrup cərrahlar ikinci əməliyyatı edib və qarın boşluğunda heç bir açıq damar olmayıb. Cərrahlar uşaqlığın hər tərəfindən qan sızdığını görüblər və uşaqlıq götürülüb. Bu edilməli idi ki, ana sağ qalsın.
- Bu halda mərkəz rəhbəri niyə həbs edildi?
- Həbs ediblər ki, müəyyənləşdirsinlər və nə baş verdiyini araşdırsınlar. Ümidvaram ki, araşdırma aparılır və (həkimin) qeysəriyyə kəsiyini düzgün icra etdiyi sübut olunacaq.
- Bir çox vətəndaşlar dövlət xəstəxanalarında doğuş zamanı onlardan pul istənildiyini deyir.
-  Rəsmi çalışan doğum evlərinin hamısı pulsuzdur. Rəhbərliyimiz pulsuz təsdiqləyib. Vətəndaşların şikayətlərinə nəzarət edilir. Beş ildir ki, Səhiyyə Nazirliyinin qaynar xətti fəaliyyət göstərir. Şikayət olan kimi Səhiyyə Nazirliyinin əməkdaşları Antikorrupsiya idarəsilə birgə gəlib araşdırma aparır. Çox vaxt şikayətlər öz əksini tapmır. Eləsi var zəng vurub deyir ki, pul istəyirlər. Gedib görürlər ki, heç həkim əməliyyatdan çıxmayıb. Vətəndaşdan soruşursan ki, niyə şikayət etmisən, deyir əvvəlcədən dedim ki, məndən şirinlik istəməsinlər.
Загрузка...
Загрузка...

Xəbər lenti