“Palmali” rəsmən müflis olur - PROSEDUR BAŞLADI

“Palmali” rəsmən müflis olur - PROSEDUR BAŞLADI
Загрузка...
Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi "Palmali Shipping” şirkətlər qrupunun törəmə şirkəti olan "Palmali” MMC-yə qarşı müflisləşmə prosedurunu başladıb. Virtualaz.org xəbər verir ki, məhkəmə müflisləşmə prosedurunun başlanğıcı olaraq şirkət üzərində müşahidə tətbiq edib. "Palmali” MMC-nin müflis elan edilməsinə dair iddianı "Lukoil” şirkətinin Sankt-Peterburqdakı törəmə şirkəti "Lukoul-Bunker” qaldırıb.
İddiaçının təklifi ilə məhkəmə "Palmali” MMC-yə kənar idarəçi qismində Ravil Latıpovu təyin edib. "Lukoil” şirkəti "Palmali”nin ən iri kontragentlərindən biri olub. Mübariz Mənsimovun şirkətinin gəmiləri "Lukoil”un neft məhsullarının Qara dəniz və Baltik dənizi üzərindən daşımalarını həyata keçirib. Lakin son illər tərəfdaşlar arasında münaqişə yaranıb və bu münaqişə artıq mətbuata çıxıb. 

"Palmali” London Yüksək məhkəməsində "Lukoil”a qarşı 2 milyard dollarlıq təzminat iddiası qaldırıb. İddiaçı bildirir ki, "Lukoil” "Palmali” ilə neft və neft məhsullarının daşınmasına dair müqavilənin şərtlərini pozub. Bu günlərdə isə məlum olmuşdu ki, "Lukoil”un törəmə şirkəti olan "Litasco” "Palmali”nin iki tankerinə bunker hesablarının ödənilməməsinə görə həbs qoydurub.
Rusiya mənbələri bildirir ki, "Palmali” üçün ilk həyacan zəngi 2014-cü ildə çalınıb. Rusiyanın vergi orqanları "Palmali” MMC-ni vəsaitləri qanunsuz yollarla offşora çıxardığı üçün 6 milyard rubl məbləğində cərimələyib. Məhkəmə çəkişmələri zamanı şirkət cərimə məbləğinin 1.7 milyard rubla qədər azaldılmasına, habelə Apellyasiya instansiyasında cərimənin ödənilməsinin üç il təxirə salınması barədə qərar çıxarılmasına nail olub. Şirkət bunu belə əsaslandırıb ki, cərimənin hamısını birdən ödəsə müflis olacaq. 

Beləliklə, "Palmali” həmin məbləği 2018-ci ilin dekabrına qədər ödəməlidir. Arbitraj məhkəməsinin sənədlərinə əsasən "Palmali” MMC-nin 51 gəmisi var. Lakin həmin gəmilərin az qala hamısı vergi orqanları ilə məhkəmə çəkişməsi başlayandan bəri "Sberbank”da girovdur. Gəmilərin balans dəyəri cəmi 16 milyard rubl qiymətləndirilir. "Palmali” MMC 2013-2014-cü illərdə aşağıdakı məbləğlərdə kreditlər alıb: illik 6.7 faiz olmaqla 54 milyon dollar, illik 7 faiz olmaqla 104 milyon dollar, illik 6 faiz olmaqla 60 milyon dollar. İlk iki kreditin ödənilməsi üçün 134 ay, sonuncu üçün 130 ay vaxt qoyulub. Habelə məhkəmə sənədlərinə görə "Palmali” MMC-nin "Lukoil-Bunker”, "Rostovtormet-Yuq” (Taqanroq), "Baltik Turbo” (Sankt-Peterburq), "Priçal ASB” (Həştərxan), "Rusbunker” (Rostov) da daxil olmaqla daha bir neçə müəssisəyə borcları var. 1.7 milyard rubl vergi cəriməsi də hesaba alınmaqla hazırda "Palmali” MMC-nin borcu 18 milyard rubla yaxındır. 

Bu da şirkətin donanmasının balans dəyərindən yuxarıdır və deməli "Palmali” müflis durumdadır. Lakin "Lukoil-Bunker”in iddiası təmin olunarsa şirkətin donanmasının az qala bütün gəmiləri "Sberbank”da girov olduğuna görə iddiaçı tərəf heç nə əldə etməyə bilər. Çünki gəmilər bankın girovluğunda olduğu üçün onların hərracda satılıb vəsaitin iddiaçıya ödənilməsi mümkün olmayacaq. "Sberbank” məsələni şərh etmək istəməyib. Rusiya mətbuatı qeyd edir ki, Mübariz Mənsimovun donanmasının "batması” onun Rusiyada vergi orqanları ilə münaqişəsindən sonra sürətlənib. 

Həmin dövrlər beynəlxalq mətbuatda "Palmali”nin adı İŞİD-in Suriya və İraqdan hasil etdiyi neftin daşınmasında hallanıb. Daha sonra "Lukoil” "Palmali” ilə əməkdaşlığı dayandırıb, Mənsimov London məhkəməsində iddia qaldırıb. Mənsimov bildirir ki, 2005-2010-cu illərdə "Lukoil” şirkəti ilə "məhsuldar əməkdaşlıq” edib. 2010-cu ildə onlar müqaviləni daha 10 illiyə uzadıblar. "Biz bu müqaviləyə əsasən əlavə gəmiər aldıq, ancaq qarşı tərəf öhdəliklərini yerinə yetirmədi”-Mənsimov "Hürriyet”ə müsahibəsində demişdi. Qeyd edək ki, "Lukoil” şirkəti ilə yanaşı "Palmali” ilə SOCAR arasında da münaqişənin yarandığı məlumdur. SOCAR bildirmişdi ki, "Palmali”nin onlara "külli miqdarda” borcu var. "Palmali Shipping”in donanmasında cəmi 100-ə yaxın gəmi var. Həmin gəmilərin 51-i Rusiyadadır və göründüyü kimi "Sberbank”da girovdur. "Palmali”nin 14 tankeri isə SOCAR tərəfindən alınmışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti