Загрузка...

Nardaran məhbusu hakimlərə ağ vərəq və qələm göndərdi...

Nardaran məhbusu hakimlərə ağ vərəq və qələm göndərdi...
Загрузка...

Nardaran hadisələrindən sonra həbs olunub, terrorçuluq, dövlət çevrilişinə cəhd kimi ağır maddələrlə məhkəmə qarşısına çıxarılan daha 12 nəfərə dekabrın 28-də hökm oxunacaq. Onların arasında “Müsəlman Birliyi” hərəkatının sədr müavini, ilahiyyatçı-alim Elçin Qasımov da var.

Şərti olaraq, “Nardaran işi-2” adlandırılan bu məhkəmə prosesi 2017-ci il yanvarın əvvəlindən gedir. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İşgəncə göstərişini kim verib?

Dekabrın 27-də keçirilən məhkəmədə təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Amma çıxışlar başlanmazdan öncə Elçin Qasımov onlara işgəncə verilməsi haqda göstərişdən danışıb. İlahiyyatçının sözlərinə görə, ötən məhkəmədə təqsirləndirilən şəxslərdən bəziləri ilə konvoylar arasındakı narazılıqdan sonra dustaqların bir neçəsini təcridxanada incidiblər: “Buradakı insidentdən sonra akt tərtib olunub, tələb edilib ki, bizlərdən bir neçəsinə təcridxanada işgəncə verilsin. Hər halda, təcridxana rəis bizə belə dedi. Mən bilmək istəyirəm ki, bu göstərişi kim verib? Qanunda işgəncə cəza növü varmı? “Kars”a salmaq olar, daha işgəncə verilməsini tələb etmək nədi?”

Elçin
Elçin Qasımov

İlahiyyatçı bu məsələnin araşdırılmasını istəyib. Hakim isə bildirib ki, belə bir qərardan ümumiyyətlə, xəbəri yoxdur. Hakim təqsirləndirilən şəxslərə vəd verib ki, heç bir cəzalanma olmayacaq.

Ardınca təqsirləndirilən şəxslər son sözlərini deyiblər. İttihamların başdan-ayağa qurama olduğunu, istintaqın qanun pozuntuları ilə keçdiyini deyən Seymur Axundov bildirib ki, günahsız olduğu üçün bəraət hökmü çıxarılmasını istəyir. Amma məhkəmənin də müstəqil olmadığını nəzərə alaraq, ədalətli nəticə gözləmir.

“Bunu eləyənlərə necə “şərəfli” deyim?”

Digər təqsirləndirilən Elgün Axundov deyir ki, bu iş qanunsuzluqla başlayıb, o cür də davam edib. Onun sözlərinə görə, qanunsuzluğu edənlər də polislər, bu saxta cinayət işini düzüb-qoşanlar, evlərə silah atanlar olub. Axundov deyir ki, məhkəmədə dindirilən polislər yalan ifadələr veriblər.

“Bu işdə heç bir qanunun tələbinə əməl olunmayıb. Evlərimizə basqın edib, silahları, kitabçaları atıblar, sonra da özləri götürüblər. Azərbaycan polisi belə olmalıdırmı? Prezident deyir ki, Azərbaycan polisi şərəflidir. Bu işləri görən adamlara necə “şərəfli” deyim?”, - Elgün Axundov son sözündə belə deyib.

Çıxışının sonunda isə hakimlərdən ədalətli hökm çıxarmağı istəyib: “Biz güzəşt istəmirik, ədalət istəyirik. Bu şərləmə ilə biz dəyişən deyilik. Amma ədalətli qərar tələb etməyi özümə borc bilirəm”.

“Hər şey bir zənglə həll olunur”

İlahiyyatçı Nahid Qəhrəmanov da son sözünü deyib. Amma çıxışa başlamazdan öncə hakimlərə ağ vərəq və qələm göndərib. Bu addımının mənasını da belə izah edib: “Mənası odur ki, siz hansı cəzanı istəsəniz, ora yaza bilərsiz. Amma ədalətli olmayacaq…”

N.Qəhrəmanov çıxışında İslam dininin tarixindən, ardınca da ittihamların saxta olmasından danışıb. Bildirib ki, sifarişlə həbs olunduqları kimi, verilən sifarişə uyğun da onlara cəza kəsiləcək: “Hər şey bir telefon zənginə bağlıdır. Əgər sizə zəng edib desələr ki, “açıb buraxın”, siz də açıb buraxacaqsınız. Çünki sizin heç biriniz müstəqil deyilsiniz. Hacıbala demişkən, Azərbaycanda bir kişi var, o da İlham Əliyevdir. Hər şey yuxarıdan gələn zənglə həll edilir”.

N.Qəhrəmanov yuxusunda prezident İlham Əliyevi görməsindən də danışıb. Onun sözlərinə görə, yuxuda Prezidentlə eyni qatarda yol gedirmiş: “Ona deyirəm ki, bizə bu qədər zülm olub, niyə heç nə demirsən? Cavab verir ki, “mənlik deyil, elə yerdən tapşırıblar ki, keçə bilmərəm”. Çay təklif elədim, içmədi. Mən bu yuxuda həqiqət payı görürəm”.

Təqsirləndirilən Qəhrəmanov deyir ki, bu ölkədə məmurlar xalqın sərvətləri ilə yanaşı, insanların mənəviyyatını da oğurlayırlar: “Oğru gecə evə girəndə yatanların arasında bir az tərpənənə baxır axı… İndi biz də tərpənirdik, etiraz edirdik. Oğrular da narahatdır ki, birdən kimsə oyanar. Avropada göydə iki təyyarə toqquşur, bir nəfər xəsarət alır. Azərbaycanda bir maşın inəyə dəyir, dörd nəfər ölür. Çünki hər şey rüşvətlə olur, sürücülük vəsiqəsini də rüşvətlə alırlar. Ramzan Kadırova yeddi nəfər sui-qəsd eləmək istəmişdi, gedib onlarla görüşdü, bu addımlarının səbəbini soruşdu. Bəs İlham Əliyev niyə bizdən soruşmur ki, nədir istəyimiz, problemimiz?”

“Bizə saxta cinayət işi açanlar rüsvay oldular”

İlahiyyatçı Elçin Qasımov son sözündə deyib ki, heç bir cəza onları haqq bildikləri yoldan çəkindirə bilməz.

“Silahımız iman, gücümüz Allahdandır. Bütün bu baş verənləri Allah görür. Bizi cəmiyyətdən təcrid edənlər nəyəsə nail olduqlarını düşünürlər. Yanılırlar. Zindanda olan cismimizdir. Qoy Allah bizimlə düşmən arasında hakim olsun. Dünya yaranandan haqla batil mübarizədədir. 2015-ci il noyabrın 26-dan bu günə kimi olan məhkəmə və istintaq nəticəsində hüquq-mühafizə orqanlarının üzdəniraq fəaliyyətini hər kəs gördü. Haqqımızda saxta, qondarma cinayət işi açanlar bu gün rüsvay olub, qazdıqları quyuya düşüblər…”, - Elçin Qasımov son sözündə belə deyib.

Təqsirləndirilən Əli Şahbazov isə sön sözündə ailələrinə edilən zülmdən, özü ilə yanaşı, atası və iki qardaşının da saxta ittihamla həbs olunmasından danışıb. O da, digər təqsirləndirilən Seyfəddin Şirvanov da ittihamların əsassız olduğunu bildirərək, bəraət istəyiblər.

Bununla da təqsirləndirilən şəxslərin son söz demək mərhələsi də yekunlaşıb. Hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedib.

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ağır cinayətlərdə ittiham olunan T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Bağırov və onun müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı Facebook səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bu günlərdə şərti adı «Nardaran işi-3» olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə 12 il 3 aydan 17 ilə qədər olmaqla, ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Onların arasında ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev də var.

"Nardaran məhbusları" məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Загрузка...
Загрузка...

Xəbər lenti