MTN polkovniki vəkil tutmağa pulu olmadığını bildirir

MTN polkovniki vəkil tutmağa pulu olmadığını bildirir
Загрузка...
Azər Mehdiyevə dövlət tərəfindən vəkil təyin olunub
Ləğv olunmuş MTN-nin Antiterror Mərkəzinin əməkdaşı, həbsdə olan polkovnik Azər Mehdiyev vəkil tutmağa pulu olmadığını deyir. O, aprelin 12-də məhkəmədə dövlət hesabına vəkil istəyib. Antiterror Mərkəzinin keçmiş rəisi, 10 il 6 ay azadlıqdan məhrum edilmiş general Elçin Quliyev və 8 il cəza almış Azər Mehdiyevin hökmdən verdiyi şikayət üzrə Bakı Apelyasiya Məhkəməsində proses davam edir.
Məhkəmədə məlumat verilib ki, A.Mehdiyevin vəkili Qubad Salayev vəfat edib. Hakim yeni vəkil məsələsi ilə əlaqədar A.Mehdiyevə müraciət edəndə o deyib ki, ailəsinin yeganə gəlir gətirəni özü idi. Onun həbsindən sonra ailənin maddi durumu çox ağırdır. Hakim bildirib ki, əgər onun yeni vəkilinin olmaması maliyyə vəziyyəti ilə bağlıdırsa, dövlət hesabına da müdafiəçi ayrıla bilər. Əlavə edib ki, sonradan ailə üzvləri öz istədikləri vəkillə müqavilə bağlasalar, yeni müdafiəçinin də işə qoşulmasına maneə yoxdur. "Əgər məqsədə uyğundursa, dövlət hesabına vəkil təyin olunsun”, - A.Mehdiyev bildirib.
Məhkəmə MTN polkovnikinə dövlət hesabına vəkil təyin olunması barədə qərar qəbul edib və icrası üçün 17 saylı hüquq məsləhətxanasına göndərilib. Bir qədər sonra həmin məsləhətxanadan A.Mehdiyev üçün vəkil göndərilib. Yeni vəkil işlə tanışlıq üçün məhkəmədən vaxt istəyib. Ona görə də məhkəmə aprelin 19-na qədər təxirə salınıb. CM-nin 182 (hədə-qorxu ilə tələb etmə), 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə ittiham olunan E.Quliyev və A.Mehdiyev 2015-ci ilin sonunda həbs olunub.
Bakı Hərbi Məhkəməsi onlara 8 və 10 il 6 ay həbs cəzası verib. Hökmə əsasən, onların əmlakları da müsadirə olunub, rütbələrindən də məhrum ediliblər. Lakin onlar hökmdən apellyasiya şikayəti verdiyinə görə hökm hələ qüvvəyə minməyib.
Загрузка...
Загрузка...

Xəbər lenti