Məşhur biznesmen Ceyhun Cəfərovu güllələyən killerlər necə ələ keçdi... - ƏSL KRİMİNAL Məşhur biznesmen Ceyhun Cəfərovu güllələyən killerlər necə ələ keçdi... - ƏSL KRİMİNAL

Məşhur biznesmen Ceyhun Cəfərovu güllələyən killerlər necə ələ keçdi... - ƏSL KRİMİNAL
Загрузка...
Detektiv seriallara bənzəyən, onlardan geri qalmayan real kriminal hadisələrin iştirakçılarının Saratovda törətdikləri qətllərlə bağlı bəzi detallar üzə çıxıb. Məlum olub ki, bir neçə il öncə sözügedən şəhərdə əslində killer xidmətləri ilə məşğul olan firma özəl mühafizə xidməti adı altında fəaliyyət göstərib. Criminal.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı sahibkar Ceyhun Cəfərov, sabiq prokurorluq əməkdaşı Maksim Stadnik və ər-arvad baykerlər – Dmitriy və Yelena Tarasovalar məhz bu killer dəstəsinin qurbanları olub. Qurbanların dördü də 2015-2017-ci illər ərzində qətlə yetirilib.
Qatillər heç bir iz qoymayaraq gizlənməyə müvəffəq olublar. Polis əməkdaşları onları noutbuka quraşdırılmış partlayıcı qurğunu partlatmağa cəhd etdiklərindən sonra saxlayıblar. 20 illik iş staja malik mühafizə xidmətinin əməkdaşlarının insanları aradan götürməklə bağlı nə zamandan bəri sifariş aldıqlarını işi aparan müstəntiqlər araşdırır. 

Mixail Silenko
Saratov vilayətinin Volqa rayon məhkəməsi tərəfindən qətldə şübhəli bilinən dörd nəfər - Mixail və Roman Silenko, Aleksey Klusov və Yuliya Bistrova saxlanılıb. Yaxın günlərdə onlara qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, ölümə sui-qəsd və qanunsuz odlu slah saxlama maddələri ilə ittiham irəli sürüləcək.
Killer kontoru, yoxsa özəl mühafizə şirkəti?
Məlumatlara görə, "Qranit-Müdafiə" MMC-nin baş direktoru və təsisçisi Roman Silenko, təşkilatın təsisçilərindən biri onun oğlu Mixail Silenko, həmtəsisçilər isə Yuliya Bistrova və Dmitri Denisov olub. Roman Silenko həmçinin təsisçisi olduğu "Qrand-Müdafiə" MMC-yə də başçılıq edib. 39 yaşlı Aleksey Klusov isə şəriklərindən fərqli olaraq hər hansı biznes əlaqələrinə malik olmayıb. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 1990-cı illərdə Çeçenistanda və Dağıstanda aparılan döyüşlərdə iştirak edib, təqaüddə olan gizirdir. İstintaqın versiyasına görə, məhz A.Klusov "Qatillər dəstəsi”nin icraçısı olub. O, hələlik yeganə cinayətkardır ki, öz etirafedici ifadələrindən imtina etmir. 

Aleksey Klusov
Roman Silenko istintaq dövründə etirafedici ifadələr versə də, sonradan məhkəmə proseslərində ilkin ifadələrini təzyiq altında verdiyini bildirib. Onun oğlu Mixail Silenko isə ümumiyyətlə ittihamları rədd edib. Şirkətin yeganə qadın əməkdaşı isə hər hansı bir məlumata malik olmadığını, bir ay öncə mühafizə xidmətindən işdən çıxdığını bəyan edib. İstintaqı araşdıran müstəntiqlərin fikrincə isə mühafizə firmasının əməkdaşlarının imtina etmələrinə baxmayaraq, əyalətdə rezonans doğuran cinayətlərdə məhz onların əli olub. 

Roman Silenko
Polislərə sui-qəsd cəhdi Nüfuzlu azərbaycanlı biznesmen Ceyhun Cəfərovun qətlinin araşdırılması ilə əlaqədar tədqiqatçılar iş üzrə şahid qismində ifadəsi vacib sayılan şəxsləri dindirməyə çalışıblar. Görüş yerinə - Engels rayonunun "Krasnıy Yar”kəndi yaxınlığına çatan polis əməkdaşları orada noutbuk aşkar ediblər. Noutbuku açmağa cəhd etdikdə isə partlayış baş verib. Partlayış zamanı ciddi xəsarətlər alan polis əməkdaşları xəstəxanaya yerləşdiriliblər. 

Yuliya Bıstrova
Ertəsi gün Saratov vilayəti ərazisində, o cümlədən Engels rayonunda olayda əli olanların, polis əməkdaşları - Lepexin və Batyaşinin həyatına sui-qəsddə şübhəli bilinən şəxslərin saxlanılmasına başlanılır. Dindirilmələr zamanı məlum olur ki, saxlanılan şəxslər nəinki polis əməkdaşlarına sui-qəsddə və iş adamı Ceyhun Cəfərovun qətlində, həmçinin bir sıra sifarişli qətllərin həyata keçirilməsində iştirakçı olublar.
Sahibkar Ceyhun Cəfərovun qətli
Saratov vilayətində yaşayan 55 yaşlı biznesmen, Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin Saratov vilayətindəki nümayəndəliyinin aktiv nümayəndəsi Ceyhun Cəfərov ötən il oktyabrın 24-də Lenin rayonunun Zoologiçeski küçəsindəki evinin yaxınlığında öldürülüb. Naməlum şəxslər inşaat şirkətinin rəhbərini qaranlıq döngədə gözləyiblər. Axşam saatlarında C.Cəfərov özünə məxsus "Lexus” avtomobilində qaraja yaxınlaşıb, qapını açmaq istədikdə atəş asəsləri eşidilib. Biznesmeni orada gözləyən killer azərbaycanlı iş adamının ürəyindən üç gullə vurularaq qətlə yetirilib. 

Qətlin şahidləri tapılmasa da, qatil özü biznesmeninin evinin yaxınlığında quraşdırılmış müşahidə kameralarına tuş gəlib. Məhz həmin videogörüntülər nəticəsində istintaq ip ucu əldə edə bilib. İlkin olaraq tikinti sektorunda fəaliyyət göstərən C.Cəfərovun sifarişli qətlinin iqtisadi fəaliyyəti ilə əlaqədar olması barədə xəbərlər dolaşıb. Mərhumun yaxınları iş adamının heç kimlə biznes münaqişələrinə girişmədiyini, düşmənlərinin olmadığı söyləyiblər.
Cəfərov nə işlə məşğul olurdu...
"Vozrojdeniya-KDM” tikinti şirkətinin baş direktoru Ceyhun Cəfərov Saratov əyalətində məşhur iş adamı kimi tanınıb. Onun rəhbərlik etdiyi şirkət müqavilə əsasında memarlıq abidələrinin rekonstruksiyası ilə məşğul olub.
İş adamının ən böyük layihəsi 2012-ci ilin oktyabrında baş vermis yanğından sonra qədim Saratov Gənc Tamaşaçılar Teatrının binasının bərpası olub. Təmirə yarım milyon pul xərclənib. Onun 300 minini büdcə vəsaiti təşkil edib. Müqavilə üzrə əsas işlər 2015-2016-cı illərdə görülüb. Uşaq bağçaları, xəstəxanalar, təhsil müəssisələri – "Vozrojdenie-KDM” bu qəbildən on milyonlarla rubl dəyəri olan müqavilələr bağlayıb. Saratov gimnaziyasının yenidən bərpası üçün 2016-cı ildə şirkət 52,2 milyon rubl, binanın üz fəsadlarının dəyişdirilməsi üçün isə 10 milyon rubl alıb. Tikinti şirkəti həmçinin, Rus Pravoslav Kilsəsinin Balaşovda yeparxiyanın binasını təmir edib. 

Ceyhun Cəfərov
2017-ci il inşaat şirkəti üçün gəlirli il olmayıb. Şirkət əsasən onlara olan borclarını məhkəmələr vasitəsilə ilə qaytarılmasına cəhd göstərib. İnşaat şirkətinin rəhbərinin qətli ərəfəsində Saratov vilayətinin Arbitraj məhkəməsində "Vozrojdeniya-KDM"şirkətinin tikinti işləri ilə məşğul olan "Effin-qrup” MMC-yə qarşı iki iddiasına baxılıb. 2017-ci ilin martında C.Cəfərovun şirkəti montaj işləri üçün qanunsuz yolla ələ keçirilən yarım milyon rublu məhkəmə vasitəsilə "Effin-qrup"dan ala bilib. Tədqiqat zamanı Cəfərovun Saratov vilayətindəki sosial obyektlərin təmiri və tikintisi üzrə dövlət hərraclarının ən fəali iştirakçısı olduğu da müəyyən edilib. O, son 6 il ərzində milyardlarla tenderlərin qalibinə çevrilib. Bu müvəffəqiyyətlər yerli məmurların diqqətindən də yayınmayıb. Yaroslav Moiseyenkoyla birgə "Təmiz texnologiyalar" MMC-nin şərik olub. Hər ikisi bərabər paya malik olublar... 

Biznesmenin qətli araşdırılarkən istintaq bir neçə fərziyyələrin üzərində dayanıb. İstintaq Sarayevlə azərbaycanlı biznesmen arasında obyektlərin tikintisi ilə bağlı müqavilə öhdəliklərinin olduğu barədə məlumatları araşdırıb. Mətbuatda inşaat şirkətinin rəhbərinin qətlində Saratovun keçmiş başçısı Valeriy Sarayevin dindirilməsi ilə bağlı məlumatlar yer alıb. Sarayevin razılığı əsasında Cəfərovun işçilərinin "Sosenki” qəsəbəsində kotteclərin tikintisini apardıqları, amma görülən işin ödənişinin tam həcmdə ödənilməməsi bildirilirdi.
Tarasovların qətli
Ər-arvad baykerlər - Tarasovlar 21 iyul 2016-cı ildə "Kumısnoy polyanı” rayonunda qarajda öldürülüblər. Onların cəsədlərini qonşu aşkar edib. Cütlük odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. 35 yaşlı Dmitri Tarasov və onun arvadı Yelena Saratovdakı bayker cəmiyyətinin məşhur üzvləri olub. Dmitri motosikllərin təmiri ilə məşğul olub. Mühərrikləri öz qarajında təmir edib. 

Qatili isti izlərlə yaxalamaq mümkün olmayıb. Cinayətkarın fotorobotu tərtib edilib. Orada təsvir edilən şəxs bir neçə gün sonra özü polisə gələrək sözügedən qətllə heç bir əlaqəsi olmadığını sübut edib. İstintaq araşdırmaları qısa müddət dayandırılıb. Tarasovların hansı səbəbdən radikalcasına qətlə yetririlməsi bəlli olmayıb. Ər-arvad baykerlərin dostları iki versiya səsləndiriblər.
İlkin versiyaya görə hansısa müştəri təmirlə bağlı Dmitridən narazı qalıb, Yelena isə hadisənin təsadüfi qurbanı olub. İkinci versiyaya görə isə bu qətl Yelenanın Dmitriyə ərə getdiyi üçün onlardan qisas alan keçmiş sevgilisi tərəfindən törədilib. Bu fərziyyələrdən hansısının doğru, hansının isə yalan olduğunu Roman Silenko qatillərinin səsləndirdikləri ifadələrdən sonra məlum olacaq. 

Ceyhun Cəfərovun qətlə yetirildiyi yer
Keçmiş prokurorluq əməkdaşının qətli
2015-ci ilin 12-dən 13-ə keçən gecə ”Yubileynıy” qəsəbəsində Saratovdan olan sahibkarı Maksim Stadnikə qarşı sui-qəsd baş verib. Naməlum killer binanın girişində ona bir neçə atəş açıb. Baş nahiyyəsindən ağır yaralanan sahibkarı həyat yoldaşı xəstəxanaya çatdırıb. Uzun müddət xəstəxanada koma vəziyyətində olan iş adamı bir ay sonra elə oradaca keçinib. Sui-qəsddən bir il öncəyə qədər M.Stadnik Saratov vilayətinin Lenin rayon prokurorluğunda işləyib. 


Dmitri Tarasov və onun həyat yoldaşı
Hətta ən səthi analiz belə göstərir ki, sözügedən üç qətlin bir-birilə heç bir bağlılığı yoxdur. Onların nə biznes əlaqələri, nə də şəxsi münasibətləri olub. Cinayəti birləşdirən yalnız icra metodu və icraçılardır. 

Beləliklə, sual meydana çıxır-Ceyhun Cəfərovun, Stadnikin və ər-arvad Tarasovların mövcudluğu birbaşa Silenkonun strukturuna mane olurdu, onlar sırf öz maraqları üçün bu qətlləri törədirdi, yoxsa mühafizə şirkətinin əməkdaşları qətl sifarişlərin yerinə yetirib pul qazanırdılar? Əgər ikinci versiyadırsa gözləmək olardı ki, cinayət işinin fiqurantları sırasında tezliklə "sifarişçilər” adlanan daha bir neçə nəfər əlavə olunacaq... Lakin yazı çapa hazırlanarkən məlum oldu ki, bu kriminal trillerin baş qəhrəmanı Roman Silenko artıq sağ deyil-o, saxlanıldığı təcridxanada intihar edib. Yaxud Silenkoya o dünyaya yollanmaqda "kömək ediblər”. 

Rusiya KİV-lərinin məlumatlarına görə, R.Silenko bir neçə gün əvvəl saxlanıldığı ikinəfərlik kamerada ölü tapılıb. İntihardan əvvəl Silenkonun "hər şeyi öz boynuma götürürəm, cinayəti mən törətmişəm” məzmunlu məktub yazdığı məlum olub. İntihar aprelin 6-da baş versə də bu barədə məlumat bir neçə gün sonra mətbuata sızıb... Silenko artıq o dünyada olduğundan istintaq onun bandasının törətdiyi qətllərin sifarişçisini də müəyyən edə bilməyəcək. Və Cəfərovun qətlini də kimlərin sifariş verdiyi açılmamış qalacaq...
Загрузка...
Загрузка...

Xəbər lenti