Lənkəranskidən oğru adını alan, "Lotu Quli"ni məğlub edən bir nömrə - "KRAL"IN DOSYESİ

Lənkəranskidən oğru adını alan,
Загрузка...
Moskvanın 50-60 kilometrliyindəki Ramenski qəsəbəsi. Əməliyyatçılar yaşıllıqlar qoynunda olan bir villaya basqın edirlər. Otaqların birində 3 ədəd karton qutu tapılır. Üstündə belə yazılıb: "Bruklin şəhərinin bankı”. Əvvəlcə heç nə başa düşmür sıravi əməliyyatçılar. Amma sonradan lap təcrübəli zabitlərə aydın olur. Bu, "obşak”dı. Qutulardan 1 milyon 200 min dollar və 3 milyon rubl çıxmışdı. Pullar isə Amerikaya gedəcəkdi. "Yaponçik”ə. Həmin vaxt ABŞ-da həbsdə yatan Rusiyanın ən titullu qanuni oğrusuna. Qutuların necə deyərlər, mühafizəçisi və villanın sahibi isə "Şişkan” idi. Oleq Şişkanov, qanuni oğru. Bir qədər əvvəl o, keçmiş SSRİ ərazisində 1 nömrəli qanuni oğru adını alıb.
Məlumata görə, bu məsələ Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxari Kalaşovun da (Şakro Molodoy) "skype”la qatıldığı "sxodka”dan sonra həll edilib. "Sxodka”da o da qərara alınıb ki, keçmiş SSRİ ərazisində "obşak”a Vasili Xristoforov (Vasya Voskres) və Merab Qoqiya (Meliya) nəzarət edəcək.
***
Lent.az xəbər verir ki, "Şişkan” 1964-cü il sentyabrın 27-də Moskva vilayətinin Ramenskoe qəsəbəsində anadan olub. Oğru adını isə 27 yaşında alıb. "Şişkan” keçmiş SSRİ-nin ən məşhur həbsxanalarında, hətta "Vladimirski Sentral”da belə cəza çəkib. Elə "Şakro” ilə də məhz orada tanış olub. 1991-ci ildə Moskvanın mərkəzində yerləşən "İzmaylovo” otelində "qanuni oğru”lar "Qlobus”, "Ruslan” və "Şakro” tərəfindən taclandırılıb. Hətta əfsanəvi "Yaponçik” də onun "qanuni oğru” adı almasına razılıq vermişdi. Bir vaxtlar onun yaratdığı Ramenskoe cinayətkar qruplaşması Moskvanı lərzəyə salmışdı.
O dövrlər Rusiya paytaxtında at oynadan Lyubertskoe, Solnstvskoe qruplaşması belə onlarla bacarmırdı. Restoran və kafelər, bazarlar və ticarət nöqtələri, bir sözlə haradan pul çıxırsa, ora "Şişka”nın uşaqlarının əlindəydi... Aralarında azərbaycanlı cinayətkar qruplaşmalar olmaqla, əksəri onunla müharibəyə başlamışdı. Hətta Şişkanovun bir neçə yaxın tərəfdarı belə öldürüldü, onun evi yandırılaraq kül edildi. 

Ötən əsrin sonlarında Şişkan nəinki oğru aləmindən imtina etdi, hətta soyadını belə dəyişdi. O, iş adamı Oleq Mixaylova çevrildi. Moskva vilayətinin "Saturn” klubunun prezidenti oldu. Həmin vaxt onun yanında kimlər yox idi? Valeri Qazzayev, Yuri Syomin, hətta Fabio Kapello. Bir sözlə sanki kriminal aləmdən uzaq işgüzar adam. Amma necə deyərlər, keçmiş də öz sözünü deyirdi. Keçən əsrin 90-cı illərinin axırında "Ded Xasan” və "Rudik Bakinski” arasında kriminal müharibə başlayanda o, bakılının tərəfini tutdu, məhz bu səbəbdən də sevimli klubu "Saturn”un bazasından çıxanda onun maşınnı partlatdılar. Bundan sonra isə kölgəyə çəkildi. Avropaya getdi. Rusiyaya, daha dəqiqi, Moskvaya bir də xaç ata "Yaponçik”in dəfnində gəldi. Və dəfndən sonra yenidən Avropaya döndü. Amma… Amma az sonra İspaniyada həbsdən qurtulan "Şakro Molodoy” onu Moskvaya dəvət etdi. Çünki "Ded Xasan” da artıq dünyada yox idi. "Şakro”ya onu dəstəkləycək köhnə qvardiya "qanuni oğru”ları lazım idi...
Həbsdən çıxandan sonra "Şakro”nun Ermənistanda keçirdiyi "sxodka”da "Şişkan” da vardı. Bu toplantı əvvəlcə Moskvaya təyin olunmuşdu. Amma Rusiya hüquq-mühafizə orqanları toplantı iştirakçılarının hamısını həbslə hədələdiyi üçün kriminal avtoritetlər təcili şəkildə Yeravanda toplaşmaq variantı üzərində dayanmışdılar. "Sxodka”da Robinzon Arabuli, Georgi Uqlava (Taxi), David Sebiskveradze (Dato), Vaja Biqanişvili, Amiran Sopromadze (Sopotiya), Oleq Şişkanov (Şişkan), Zaxari Kalaşov (Şakro Molodoy), Boris Apakiya (Apakela), Hüseyn Əhmədov (Slepoy) kimi kriminal avtoritetlər iştirak edirdi. Kriminal dünyada bir sıra problemləri müzakirə edən "qanuni oğru”lar Yerevan "sxodka”sında bir məsələyə də nöqtə qoymağa çalışdılar: Rövşən Lənkəranski və Cemal Mikeladze (Cemo) "qanuni oğru” titulundan məhrum edilsinlər. Məlumata görə, bu məsələnin əsas təşəbbüskarı da məhz "Şişkan” olub. 

***
Bundan sonra oğru dünyasında çox hadisələr baş verdi. Lənkəranski öldürüldü, Tariyel Oniani həbsdə. Elə "Şakro” da onun kimi. Bir sıra qanuni oğrular, eləcə də "Lotu Quli” bir nömrəli qanuni oğru adını almaq üçün az qala müharibəyə başladılar. Görünür, həlledici söz sahibi, hətta həbsdə yatsa belə, yenə "Şakro” imiş. O da öz seçimini etdi: Bir nömrə məhz "Şişkan” olacaq. Və ən maraqlısı odur ki, həbsdə olsa belə, "Skype”la əlaqə yaradaraq "Şişkan”la bağlı əksər nüfuzlu "qanuni oğru”ların necə deyərlər, "hə”sini ala bilmişdi. O ki qaldı "Şişkan”a, Moskvada evindədir. Və hələ ki, "Şakro”dan növbəti əmr və tapşırıqlarını gözləyir.
Загрузка...
Загрузка...

Xəbər lenti