“KABİNETİNDƏ 4 NÖMRƏLİ HÖKUMƏT TELEFONU VAR…” - “Hansı daşı qaldırsan, altından Bala Heydər çıxır”

“KABİNETİNDƏ 4 NÖMRƏLİ HÖKUMƏT TELEFONU VAR…” - “Hansı daşı qaldırsan, altından Bala Heydər çıxır”
Загрузка...

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Şərq” bazarının ardından bu kompleksə daxil olan keçmiş “Şərq” otelinin (Hazırda “Qorqud” oteli”) və “Atlas” klinikasının yerləşdiyi tikilinin boşaldılması haqda icarədar Heydər Əliyevə (“Bala Heydər”) xəbərdarlıq məktubu göndərib. Bu barədə “AzPolitika.info”ya məlumatlı mənbə bildirib.

Xatırladaq ki, qalmaqallı iş adamı kimi tanınan Heydər Əliyev, 1997-ci ildə “Şərq bazarı” kompleksini, o cümlədən bu kompleksə daxil olan “Şərq oteli”ni 50 il müddətinə dövlətdən icarəyə götürüb. Lakin bir neçə ay əvvəl onunla müqavilə pozulub və ƏMDK bazarı başqa bir şəxsə icarəyə verib. H.Əliyev bazarı təhvil versə də, “Atlas” klinikasının yerləşdiyi hissəni və “Şərq” otelinin binasını boşaltmaqdan imtina edib. Məlumata görə, ƏMDK kompleksi tam şəkildə boşaltması və 20 illik ödənməyən icarəhaqqının dövlətə ödənməsi üçün Heydər Əliyevə sonuncu rəsmi xəbərdarlığını edib. Çox böyük ehtimalla, Komitə bundan sonra məhkəməyə müraciət edəcək.

Bu arada isə, “AzPolitika”nın 11 noyabr tarixli buraxılışında “Hansı daşı qaldırsan, altında Bala Heydər çıxır”sərlövhəli yazının dərc olunmasından sonra (Tənqidi yazı redaksiyamıza “Qorqud Holdinq”in prezidenti Heydər Əliyevin (Bala Heydər) “qanunsuz və insafsız əməllərindən, böhtançılığından zərər çəkən insanların harayı” qeydi ilə daxil olmuş məktub əsasında hazırlanmışdı-red.) bir xeyli adam redaksiyamızla əlaqə saxlayaraq, Heydər Əliyevdən şikayətini bildirib.

Belələrindən biri də bir vaxtlar “Atlas” klinikasında kadrlar şöbəsinin müdiri işləmiş Ələkbərov Elşən Etibar oğludur. E.Ələkbərov “AzPolitika”ya müraciətində bildirib: “Mən Heydər Əliyevlə işləyərkən, günlərin bir günü o məni otağına çağırdı və məndən klinikada USM həkimləri işləyən Fərəcov Azər Tofiq oğlunun və Eynalov Cəbrayıl Əmirulla oğlunun şəxsi işlərini və onlarla bağlanmış birgə tibb müqavilələrini tələb etdi. Mən müqavilələri ona çatdırdım və ertəsi gün sənədləri ondan geri alanda baxdım ki, o, hər iki müqaviləni öz mənafeyi naminə saxtalaşdırmışdır. Mən dərhal onun kabinetinə getdim və onun vəzifə saxtakarlığına öz ciddi etirazımı bildirdim.
Heydər Əliyev elə həmin günü məni işimdən uşaqlaşdırdı və bir neçə gündən sonra evimə zəng edərək, mənim əxlaqıma, ailə tərbiyəmə uyğun olmayan qarayaxmalarla mənim ailəmi dağıtdı. Qoy, oxucularınız özləri mühakimə etsinlər ki, 7 dəfə Həcc ziyarətində olan, ömrünün qürub çağlarını yaşayan 70 yaşlı Azərbaycan kişisinə bu hərəkət yaraşardımı?
Günlərin birində bir nəfər molladan soruşur ki, molla əmi, xalanı almaq olar? Molla, buyurur ki, xeyr, olmaz!
Sual verən şəxs bildirir ki, molla əmi, mən xalamı aldım, oldu!
Görünən budur ki, Bala Heydərə hər şey olar! Şərləmək də, böhtan atmaq da, qara yaxmaq da, insanları ölümə, həbslə hədələmək də…”

Elşən Ələkbərov daha sonra qeyd etdi ki, 2014-cü ildə Səhiyyə Nazirliyi “Atlas” klinikasını “baş alıb gedən özbaşınalıqlara” görə qapatmışdı.“Həmin vaxtlar klinikada hüquqşünas işləyən Tofiq İsmayılovun ciddi səyləri sayəsində nazir Oqtay Şirəliyev klinikanın fəaliyyətini yenidən bərpa etdi. Lakin Tofiq İsmayılov Bala Heydərdən “Sağ ol” eşitmək əvəzinə işini itirdi və 13 aylıq əmək haqqısını ala bilmədi. Hələ bu azmış kimi, Bala Heydər onu “Bizim yol” qəzetindəki müsahibəsində təhqir etməkdən də çəkinmədi”.

Adının çəkilməsini istəməyən bir başqa mənbə isə bildirib ki, Heydər Əliyev öz tabeliyində olan işçiləri aldadır, qara yaxır, hakim dairələrdəki nüfuzlu rəhbərlərin adından, nüfuzundan istifadə edərək insanları həbslə hədələyir: “Öldütdürərəm, qanını batızdıraram”, “qollarına qandal vurduraram”, “cibindən narkotik vasitə, silah-sursat çıxartdıraram” tipli hədələr onun leksikonunun “bəzəyidir”, təmiz, saf adamlara “narkoman”, “qumarbaz” damğası vurmaqdan çəkinmir.
“Heydər Əliyev neçə illər öncə kiminsə adından istifadə edərək, ofisinə 4 nömrəli hökumət telefonu çəkdirib və bu telefon vasitəsilə nazirlərə, komitə sədrlərinə zənglər edir, lazım gələndə onlara hətta göstərişlər verməyə belə cəhd edir. Onun hökumət telefonundan qanunsuz istifadə etməsi barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə dəfələrlə məlumatlar ötürülsə də, heç bir tədbir görülmür”.

Uzun illər “Qorqud” holdinqdə çalışmış bir başqa mənbə isə bildirir ki, bir dəfə əməkhaqqı yubandığına görə Heydər Əliyevin qəbuluna gedib, neçə ayların yığılıb qalmış maaşını istəyib. “Heydər ayağa qalxdı və başını divara, qapıya çırpmağa başladı, saçını yoldu, özünə xəsarət yetirmək istədi. Mən onda anladım ki, bu adam necə təhlükəlidir. Onunla işləməyə dəyməz, istənilən çirkin əməli gözləmək mümkündür. Həmçinin, onun aktyorluq peşəsini seçməməsinə də çox heyfsləndim…”

1478266758_muqavile2

Mənbə bildirir ki, Heydər Əliyev dövlətin vergisindən yayınmaq üçün tabeliyindəki personalı əmrsiz, müqaviləsiz işlədir, bilərəkdən klinikada çalışan həkimlərlə birgə tibb müqaviləsi tərtib etmir, onların əmək hüquqlarını tapdayır, ən sonda işçilərin aylarla yığılıb qalmış maaşlarını vermir. Məsələn, “Atlas” klinikasının maliyyə direktoru işləmiş Həsənova Rahilə Qazıxan qızı neçə müddətdir 8 aylıq maaşını və bir ay müddətinə ona borc verdiyi 30.000 ABŞ dolları pulunu ala bilmir: “Rahilə xanımın müraciəti əsasında əmək müfəttişliyi klinikanı 20.000 manat cərimə etmişdi. Lakin Heydər həmin cəriməni də vermir. Klinikada USM həkimi işləmiş Cəbrayıl Eynalov da 8500 manat əməkhaqqısını ala bilmir. Bu siyahını 50-yə çatdırmaq olar…
Bala Heydər bir vaxtlar iddia edirdi ki, icarəsində olan “Şərq Bazarı”nda alış-verişin canlanması naminə bazarın qarşısından keçən avtobus marşrutlarının sayının artırılması üçün Nəqliyyat Departamentinin rəisi vəzifəsində işləmiş Zamin Məmmədova 40.000 manat rüşvət vermişdir.
Əsl həqiqətdə isə Heydər nə Zamin Məmmədovu tanıyır, nə də “pul verdiyi” zamanı, vaxtı xatırlayır…”

Mənbə deyir ki, Sovetlər dövründə müxtəlif vəzifələrdə işləyən Heydər Əliyev, SSRİ-nin süqutundan sonra xalq hərəkatı baş qaldıranda AXC fəalı kimi cəbhəçi bəylərin önündə gedir, yüksək vəzifə gözləyirdi: “O, həmişə formaca iqtidar, məzmunca müxalifətçi olub. Heç çox da uzağa getməyəək: Ölkə başçısının təşəbbüsü ilə “Sovetski” adlanan xarabazarlığı xatırladan yaşayış massivində ötən əsrlərdən qalan birmərtəbəli evlər sökülərək yerində ən müasir evlərin tikintisi və park salınması nəzərdə tutulurdu.
Adıçəkilən ərazidə sahiblərinin razılığı ilə bütün evləri sökmək mümkün olduğu halda, Bala Heydərə məxsus evi sökmək çox müşkül bir problemə çevrilmişdi. Ən sonda onun evi sökülən günü o, tabeliyində olan bütün işçiləri əraziyə cəlb edərək, polislə qarşıdurma yaratmışdı… (Ünvan: Z.Adıgözəlov küçəsi 50)”

Həmsöhbətimiz sonda üzünü Səhiyyə naziri Oqtay Şirəliyevə tutaraq, soruşur: “Hörmətli Nazir, həqiqət naminə qeyd edilməlidir ki, hazırda istər Bakıda, istərsə də bölgələrdə ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş özəl səhiyyə müəssisələri insanların sağlamlığı keşiyində durur.
Lakin keçmiş Sovetlər dövründəki ucqar kənd xəstəxanalarını xatırladan, heç bir müasir tibb avadanlığı mövcud olmayan, fantastik qiymətləri ilə tanınan, qeyri-standart bazar kümbəzlərində fəaliyyət göstərən və bütün pasiyentləri qiymətinə və xidmətinə görə narazı salan “Atlas” klinikası barədə niyə ölçü götürmürsünüz?

Axı Sizdə məlumatlar da var ki, “Atlas” klinikasında özbaşınalıq, qanun pozuntuları baş alıb gedir. Bura yeganə tibb müəssisəsidir ki, 2 kassa fəaliyyət göstərir. Kassanın biri Əliyev Heydərə, digəri isə onunla bərabər işləyən oğlu Nihad Əliyevə məxsusdur. Onlar arasında pul üstündə vaxtaşırı qarşıdurma yaranır, klinikaya təşrif buyuran xəstələr və klinikanın kollektivi isə maraqlı tamaşanı seyr edirlər.
2014-cü ilin dekabr ayında qeyd edilən bu kimi qüsurlara görə “Atlas”-ın fəaliyyəti tərəfinizdən dayandırılmışdı. Lakin təxminən ay yarımdan sonra klinikanın fəaliyyətinin yenidən bərpası bir çox müəmmalı şübhələrə güman yaradır…”

Barəsində səsləndirilən bu ittihamlarla bağlı Heydər Əliyevə ünvanladığımız yazılı sorğu cavabsız qaldı. Bununla belə, onun mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.

Загрузка...
Загрузка...

Xəbər lenti