"Jurnalistlər ora gedib, yeyib-içib pul vermirdilər" - DTX-nın həbs etdiyi reket jurnalistlərin cinayət işi

Загрузка...
 "Reket"çilikdə ittiham edilən jurnalistlər növbəti dəfə hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal 107" qəzetinin baş redaktoru Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Marif Abbasov ifadə verib.
O, deyib ki, istintaqda S.Əliyevlə üzləşmək istəsə də, müstəntiq etməyib: "Rəna xaricə qaçmışdı, mən onunla üzləşmək istədim, etmədilər. Bircə Hikmətlə üzləşmişəm, o da əli qandallı gəlmişdi. Mən dedim Hikmət nə deyibsə, odu. Çingiz İbadov və Rasim Hüseynovla da üzləşmək istədim, etmədilər. Hamısı xaricə qaçırılıb". İfadəsinin davamında M.Abbasov masaj salonu epizodu üzrə də danışıb:
"Mən qəzet redaktoruyam, materiallar mənə göndərilib. Turalla Şahinlə tanışam, çörək yemişik. Pul istəsəydim onlardan alardım. Masaj salonunda çəkiliş etməmişəm, çəkilişdə iştirak da etməmişəm. Sadəcə çəkiliş olunub, o materiallar mənə verilib. Bu gün o salon fəaliyyət göstərmir. Həmin adamların çəkiliş etməkdə məqsədləri o idi ki, jurnalistlərin ayağı oradan çəkilsin. 10-a yaxın jurnalist ora gedib yeyib içib pul vermirdilər. Rasim Hüseynov mənə zəng edib dedi jurnalistlər 100 min pulunu alıblar. O, Yevlaxda işləyir, Bakıda mən onunla görüşdüm. Dedim day pulsuz vaxtı mənim yanıma niyə gəlmisən? Məndən kömək istədi, pulsuz kömək etmirəm ki. Adını çəkdiyi jurnalistlərin hamısını da tanıdım. Dedi saxladığım "medsestra"ya saxta diplom almışam. Baxan kimi saxta olduğunu bildim, çünki biz də hazırlayırdıq ondan. Diplomun "kopya"sını götürdüm, dedim sizin icra başçısı ilə dostam. İcrada bir adama zəng etdim, dedim Rasimə zəng etsəniz siz MTN-ə cavab verəcəksiz. O vaxt hamını MTN ilə qorxudurdular. Kopyanı da saxladım ki Rasim məndən çəkinsin. Sonra deməsin ki, Rasimə pul vermişəm. Onda mən də deyəcəkdim sənin məndə saxta diplomun var. Son günə kimi də Rasim məndən çəkinirdi. 6 ay sonra Rasimi Gəncəyə "perevod" etdilər. Sonra bir dostum da Rasimdən yazmışdı, mənə zəng etdi. Dedim borcunu ver, həll edim. O da vermədi, hələ də borcludur. İstintaqda isə müstəntiq dedi yaz 2500 almışam, mən də yazdım".
Təqdirləndirilən şəxs ifadəsində Şamil Mustafayev epizodu üzrə də danışıb: "Rəna mənim işçim, Çingiz də onun dostu idi. Çingiz Şamildən pul alırdı, ona dedim onunla işin olmasın, mənim əmimoğludur.
Rənanın Şamillə olan videoçəkilişini Çingiz çəkmişdi, o işi Surxaya aid etmədik. Mən Surxayla dostam, o indi də desə 100 minlik işi həll elə, edərəm. İstintaq zamanı Çingizə dedim Rənanı hara qaçırmısan? Müstəntiq dedi Rəna tapılmasa səni tutacam". O, bütün epizodlar üzrə özünü təqsirli bilmədiyini deyib: "Biz istintaqda istənilən ifadəyə qol çəkirdik ki, oradan çıxaq. Çünki burdakı kimi sərbəstlik yox idi. İndi də bunun izahını veririk. İstintaqa verdiyim ifadəmi təsdiq etmirəm. Heç kimi hədələməmişəm, mətbuatda rüsvay edəcəyimi deməmişəm. Orda yazılıb həkim Orxan Abbaslıdan 50 manat almışam. Bu işlə bağlı Yasamal polisində şikayət olmuşdu, xitam verilmişdi. DTX-nın müstəntiqi ora zəng edib işi yenilədiyini dedi. Mən pul alanda 50 manat almıram. Mən burada içimdəki sözləri dedim, bundan sonra nə cəza versəniz "çox sağ olun" deyəcəm".
Prosesdə məhkəmə istintaqı tamamlanıb. Prokuror cəza istəməyə hazır olmadığını bildirib və vaxt istəyib. Proses mayın 3-də davam etdiriləcək. İttihamda yazılır ki, S.Əliyev 47, H.Nəcəfli 46 epizodda ittiham edilir. Surxay Əliyev epizodu üzrə 66 min manat, H.Nəcəfli epizdou üzrə 78 min manat, İ.Abbasovanın 7300 manat, M.Abbasov 7500 manat, S.Məmmədsalayeva 20 min manat, G.Əliyevanın epizodu üzrə 3900 manat ziyan dəydiyi bildirilib. Surxay Əliyev və M. Abbasov özlərini təqsirli bilmədiklərini deyiblər. H.Nəcəfli, S. Məmmədsalayeva, İ.Abbasova qismən təqsirli bildiklərini söyləyiblər.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində "reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti