İtkin alpinistin bacısı: 'Bu barədə heç nə deməyəcəm artıq' İtkin alpinistin bacısı: 'Bu barədə heç nə deməyəcəm artıq'

İtkin alpinistin bacısı: 'Bu barədə heç nə deməyəcəm artıq'
Загрузка...

«Heç bir şeydən çəkinmirəm. İndi tək istədiyimiz o üç uşağın tapılmasıdır. Başqa heç nə bizə maraqlı deyil. Nə soruşsanız da bilinən, deyəcək bir sözümüz yoxdur».

İtkin düşən alpinistlərdən biri Fəridə Cəbrayılzadənin ailəsi ilə danışmaq asan olmadı. Əslən Masallının Şərəfə kəndindən olan ailə hazırda burda yaşamır. Kəndin icra nümayəndəsi Valeh Seyfullayev deyir ki, Fəridənin atası xəstədir, insult keçirib və bir müddət qızının dağlarda itkin düşməsi xəbərini ondan gizlətməyə çalışıblar. Sonra da alpinist xanımın dayısı Hilal kişiylə əlaqə saxlamağı tövsiyə edir. Dayısı isə özünün xəstə olduğunu söyləyir, ailə üzvləri ilə danışmağı isə qəti məsləhət görmür.

Bu dəfə Fəridənin bacısı Vüsalə Əbilovaya telefon açırıq. «Alo» deməsindən onun hansı intizarla dəstəyi qaldırdığını, səsindəki ürkəkliyi hiss edirsən.

AzadlıqRadiosunun əməkdaşı müsahibə üçün narahat etdiyini deyir. O, əvvəlcə çox nəzakətlə «Buyurun» söyləyir, azacıq tərəddüddən sonra «Canlı efirdirsə danışmayacam, başqa sualınız varsa, buyurun»,–- deyə əlavə edir.

- Fəridə nə vaxtdan alpinizmlə məşğuldur? Onun bu səfərə çıxmaq üçün təcrübəsiz olduğunu düşünənlər var.

- Üç-dörd ildir alpinizmlə məşğul olur. Professional deyil, sadəcə həvəskar dağçıdır.

- Yəqin səfər öncəsi...

- Bir dəqiqə gözləyin. Mamamgil işarə edir, deyirlər ki, heç nə deməyim sizə. Yaxşı? Üzrlü sayın.

- Bildiyimizə görə, atanız xəstədir. Xəbəri var baş verənlərdən?

- Bilir, əlbəttə. Elə şey olar? Günlərdir qızı yoxdur. Elə bir şeyi bilməsin?

Avstriya mütəxəssisləri alpinistlər itkin düşən rayonda. 5 yanvar 2018
Avstriya mütəxəssisləri alpinistlər itkin düşən rayonda. 5 yanvar 2018

- Axtarışlardan razısınız?

- Axtarışdan razı olmaq... Axtarışdan razı olub-olmamaq söhbəti yoxdur. Bizim istədiyimiz onların tapılmağıdır, tək bacımın deyil, onların hər birinin tapılmasıdır.

- İtkin düşən alpinistlərin valideynləri prezidentə müraciət etdilər. Bir faydası oldumu?

- Yaxşı, çox sağ olun. Danışarıq sonra.

- Nədənsə çəkinirsiniz? Niyə danışmaq istəmirsiniz, Vüsalə xanım?

- Heç bir şeydən çəkinmirəm. İndi bizim tək istədiyimiz o üç uşağın tapılmasıdır. Başqa heç nə bizə maraqlı deyil. Bizim istədiyimiz onların üçünün də, o üç cavanın da sağ-salamat tapılmasıdır. Nə soruşsanız da, bilinən, deyəcək bir sözümüz yoxdur.

- Belə söz-söhbət dolaşır ki, sizin ailəniz axtarışlarda nəqliyyat xərclərinə yardım edib. Belə bir şey olub?

- Xeyr, xeyr! Qəti pul xərcləməmişik. Bir qəpik də xərcləməmişik.

- Axtarışlarla bağlı gündəlik məlumat verilirmi sizə?

- Qardaşım ordadır, məlumatı elə ondan alırıq. Nə var-nə yox, o deyir. İlk gündən ordadır.

- O da dağçıdır, ya?

- Ailə üzvü kimi ordadır.

- Qardaşınız nə deyir? Axtarışlardan razıdırmı?

- Axtarış gedir. Nəticə yoxdur, sadəcə. Hava şəraiti çox pisdir. Axtarış üçün əlverişsiz havadır.

- Peşəkarlar nə deyirlər?.. Ümid varmı?

- Heç nə. Gözlə görməyənədək heç nə deyə bilmərik. Peşəkarlara-zada qulaq asmıram. Gözümlə görmədiyim heç nəyə inanmıram.

- Bəs, bu günlərdə rəsmi qurumlardan sizinlə görüşən, məlumat verən olub?

- Bu barədə heç nə deməyəcəm artıq. Yaxşı? O biriləri dedim. Oldu, sağ olun.

«Gilavar» hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb.

Ötən həftə hadisəylə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Hüquq-mühafizə orqanlarına görə, alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərə məsul şəxslərin öz vəzifələrini tam yerinə yetirməsinə şübhələr var.

Загрузка...
Загрузка...

Xəbər lenti