Fövqəlbiznesmen Kəmaləddin Heydərovun şirkətləri

Fövqəlbiznesmen Kəmaləddin Heydərovun şirkətləri
Загрузка...
Azərbaycanda yaşayan iş adamlarından heç biri nüfuzlu «Forbes» dərgisinin tərtib etdiyi dünyanın ən varlıları siyahısına indiyədək bir dəfə də olsun düşməyib. Hərçənd, biznesi ölkə hüdudlarını aşan və daim genişlənən, təyyarəsi, bankı, çoxsaylı şirkətləri və saysız-hesabsız mülkləri olan azərbaycanlıların olması heç kəsə sirr deyil. Onlardan biri də 56 yaşlı fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
2010-cu ildə "WikiLeaks” ABŞ diplomatlarının yazışmalarını ictimaiyyətə sızdıranda məlum oldu ki, bu ölkənin səfirliyinin yetkililər Kəmaləddin Heydərovu sərvətinə görə hakim Əliyev-Paşayev klanından sonra ikinci sıraya çıxarıb. ABŞ diplomatları Vaşinqtona göndərdikləri gizli məlumatlarda K.Heydərovun böyük sərvət toplamasını onun sahib olduğu biznes ideyaları sayəsində deyil, ölkədə korrupsiya ocaqlarından biri kimi tanınan Dövlət Gömrük Komitəsinə 11 il rəhbərlik etməsi və hələ də ona nəzarəti əldən buraxmaması ilə bağlayırdılar.
Kəmaləddin Heydərovun biznesə gəlişi hələ sovet dövrünə təsadüf edir. Heydərovun biznesə bağlaması üçün tələb olunan ilkin kapitalı necə əldə etməsi isə hələ də tapmaca olaraq qalır. "Gilan” şirkətinin rəsmi saytında onun 1987-ci ildə yaradıldığı göstərilir. Hazırda «Gilan» ölkənin ən iri şirkətlər qrupuna çevrilib. Holdinq fəaliyyət sahələrinin rəngarəngliyinə, dövriyyəsinə, aktivlərinin ehtimal olunan həcminə görə yalnız «Paşa Holding» Şirkətlər Qrupu ilə müqayisəyə gələ bilər.
2016-cı ildə holdinqin daxilindəki şirkətlər konqlomeratı sənaye, xalq istehlak malları satışı və pərakəndə ticarət, turizm və otelçilik, nəqliyyat və logistika, tikinti və daşınmaz əmlak idarəçiliyi, inşaat materialları istehsalı, ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı sahələri üzrə qruplaşdırılıb. Holdinq daxilində yeni şirkətlərin yaradılması dayanmayıb.
Yerli medianın yazdığına görə, hər ay «Gilan Holding» MMC-yə daxil olan neçə-neçə şirkət qurulur. Banka sahib olmasına baxmayaraq, holdinq dövlətin ona səxavətlə təqdim etdiyi ucuz maliyyə resurslarından da istifadə edir. Bakıdakı çörək zavodu, Hacıqabuldakı keramika zavodu, Sumqayıtdakı tekstil fabrikləri, Qəbələ rayonundakı aqrokompleks və başqa çoxsaylı zavod və fabriklər dövlətin on milyonlarla manat məbləğində uzunmüddətli krediti hesabına qurulub. Holdinqin çox az sayda şirkəti kapitalı və sərmayələri haqda məlumat verir.
Onlardan bir neçəsinin sərmayə qoyuluşu haqda məlumat var:
Gilan dəri zavodu – 15 milyon ABŞ dolları
Gilan keramika zavodu – 40,2 milyon manat
Gilan Tekstil Parkı – 46 milyon manat
Qəbələ Heyvandarlıq-Südçülük Kompleksi – 12,9 milyon manat
Aqro Kompleks Qəbələ - 25 milyon manat
Lənkəranda Gilan Sitrus təsərrüfatı – 10 milyon manat
Abşeron rayonunda Caspian Fish Co balıq emalı zavodu – 56 milyon ABŞ dolları
Bakı iplik fabriki – 14 milyon manat
Bakıdakı "Beynəlxalq Ticarət Mərkəzi” otel-biznes mərkəzi kompleksi – 11,5 milyon manat
Bakıda №1 Çörək Zavodu – 48,7 milyon manat
Riqada "Hotel de Roma” mehmanxanası – 13,2 milyon avro
"Benkons Bosna” (Bosanka) meyvə şirələri zavodu – 25 milyon avro
Kızıl (Tuva, RF) şəhərində yeddimərtəbəli 108 nömrəlik mehmanxana – 50 milyon dollar
"Mingəçevir Tekstil" MMC - 144 milyon manat
Kızıl (Tuva, RF) şəhərində beton zavodu – 2 milyon dollar
Bakıda 2008-ci ildə tikintisinə başlanan Crescent Bay Development daşınmaz əmlak layihəsinin (mehmanxana, iş və ticarət mərkəzləri) sərmayə dəyəri 1,5 milyard dollar həcmində qiymətləndirilir. Müəllif yerli və beynəlxalq mənbələrdən əldə olunmuş məlumatlar əsasında nazir Kəmaləddin Heydərova, onun ailə üzvlərinə, qurduğu şirkətlərə aid olan şirkətlərin siyahısını tərtib edib. 350-dən çox şirkətin daxil olduğu bu siyahının həqiqəti əks etdirib-etdirməməsinə münasibət bildirilməsi üçün «Gilan Holding» MMC-yə göndərilsə də, xeyli vaxt ötməsinə baxmayaraq, ona cavab verilməyib.
Aşağıda həmin şirkətlər haqda məlumatları təqdim edirik. 

 
Hafiz Babalı
Meydan.tv
Загрузка...
Загрузка...

Xəbər lenti