Əli Həsənov hiddətləndi: “Məni şantaj edirlər, sifarişçi bəllidir”

Əli Həsənov hiddətləndi: “Məni şantaj edirlər, sifarişçi bəllidir”
Загрузка...
Qaçqın və Məcburi Köçkünlərin iş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov nəvəsinin Sumqayıtda yaşıllıq ərazisini məhv edərək tikinti aparması barədə günlərdir bəzi KİV-lərdə yazılanlara hiddətli reaksiya verib.
O bildirib ki, yazılanlara qəti etiraz edir, çünki heç biri həqiqətə uyğun deyil. (modern.az) Onun sözlərinə görə, mətbuatda qeyd edilən ünvana yaxın ərazidə 2 il bundan əvvəl 11.10.2016 –cı il tarixdə torpaq sahəsi ayrılıb. "Ayrılan yer asfalt örtükdür və həmin ayrılan yerdə bir dənə də ağac yoxdur və orada heç bir tikinti işi aparılmayıb. Eyni zamanda saytda yerləşdirilən videoada göstərdiyiniz yerin isə həmin ayrılan torpağa aidiyyəti yoxdur. Bu da növbəti təxribatdır. Bu barədə sizə danışan şəxslər isə həmin asfalt örtüyündən taksi dayanacağı kimi istifadə edən şəxslərdir.
Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz. Mən buna tam əminəm. Çünki 30 il o şəhərin tikintisi ilə və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram. 9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: sifariş verənlər də, idarə edənlər də”-deyə Ə. Həsənov bildirib.
 
Baş nazirin müavini 50 ildir dövlətə xidmət etdiyini, bunun 20 ilini qaçqın və məcburi köçkünlərlə işlədiyini xatırladıb. Həmişə "dövlətçilik mövqeyində olduğunu” deyib. Bildirib ki, nə qədər etimad göstərsələr o qədər də vəzifədə qalacaq, xidmətini davam etdirəcək. "Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar. Məsəl var: "Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, "Nə atarsan aşına, o da çıxar qarşına” , "Sirkə nə qədər tünd olsa öz qabını çatladar” .
Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir. Bizdə az da olsa belə insanlar var. Bir daha deyirəm. Heç kimin qarşısında gözüm kölgəli deyil. Bir insanın üzərinə bu qədər ədalətsiz şəkildə yeriməzlər. Bu artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır”-baş nazirin müavini bildirib. Əli Həsənovun nəvəsinin Sumqayıtda yaşıllıq sahəsini məhv edib ağacları kəsdiyi haqda sakinlərin şikayətinə əsasən "Yeni Müsavat” qəzeti və ona istinadən bəzi saytlar yazmışdı.
Şikayətdə göstərilirdi ki, Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağı, təxminən 100-ə yaxın şam ağacı məhv edilib. Sakinlər deyirlər ki, ərazidə yaşıllığı məhv edən Əli Həsənovun nəvəsi Emil Həsənlidir. Onun Sumqayıtda çoxsaylı restoranları və digər obyektləri var.
Загрузка...
Загрузка...

Xəbər lenti