Загрузка...

Cahangir Hacıyev dövləti yenə çətin vəziyyətə saldı

Cahangir Hacıyev dövləti yenə çətin vəziyyətə saldı
Загрузка...
Londonda Beynəlxalq Banka qarşı şok məhkəmə qərarları; ailəsi "Dumanlı Albionda” yaşayan sabiq bankirə görə Azərbaycan hökuməti 3,3 milyard dollar ödəməyə məcbur olacaq
London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan "Sberbank” və "Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib. "Reuters” agentliyinin məlumatına görə, borcun kateqoriyasından asılı olaraq diskont 3 faiz, 20 faiz və 50 faiz təşkil edib. "Sberbank” öhdəliklərin qaytarılması ilə bağlı müəyyən olunan ikinci kateqoriyaya düşməsi ilə razılaşmayıb. Ötən ilin may ayında ABB-nin kreditorlarının tələblərinin təmin olunmasına dair moratorium haqqında London Ali Məhkəməsi qərar qəbul edib. Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir.
Məlumatda qeyd olunub ki, ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, "Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb.
Qeyd edək ki, "Sberbank” 2016-cı ildə ABB-yə ticarət maliyyələşdirilməsi ilə bağlı 20 milyon dollar həcmində kredit ayırıb. FTİML isə ABB-nin 2019-cu ilədək tədavüldə olacaq 500 milyom dollar məbləğində istiqrazlarını alıb.
"Reuters” agentliyinin məlumatına görə, hər iki kreditor restrukturizasiya planı ilə razılaşmayıb. "Sberbank” və FTİML qeyd edib ki, ABB ilə onların borc münasibətləri İngiltərə qanunvericiliyinə əsasən 1890-cı ildə baş verən "Qibss işi” adlı presedentə istinad edilərək tənzimlənib. İngiltərə qanunvericiliyinə əsasən, öhdəlik borclunun iflası səbəbindən silinə bilməz. Bununla da London Ali Məhkəməsi "Qibss işi”nə əsaslanaraq hər iki maliyyə qurumunun ABB-yə qarşı tələbini təmin edib", - deyə məlumatda vurğulanıb. "Bu qərar İngiltərə qanunvericiliyi çərçivəsində tələblərin sabitliyini gücləndirəcək və bazar iştirakçılarının öz öhdəliklərini vicdanla yerinə yetirməsini stimullaşdıracaq” deyə, "Sberbank”ın mətbuat xidmətinin cavabında qeyd olunub. FTİML isə bu qərara şərh verməkdən imtina edib.
Azərbaycan Beynəlxalq Bankı hesab edir ki, London Ali Məhkəməsinin qərarı "Sberbank” və FTİML-yə ödəniş tələb etmək hüququ vermir. "Məhkəmə öz qərarında Azərbaycan Beynəlxalq Bankına bu problemin həlli üçün apelyasiya məhkəməsinə müraciət etməyi tövsiyə edib. İngiltərənin məhkəmə prosesi Azərbaycanda restrukturizasiya prosesinin uğurla başa çatmasına təsir göstərməyəcək” deyə, ABB-nin məlumatında vurğulanıb. Lakin britaniyalı vəkil bildirib ki, apelyasiya məhkəməsinin qərarı olmadan restrukturizasiya prosesi başa çatdırıla bilməz. Apelyasiya məhkəməsinin qərarı isə bir neçə ayadək uzana bilər.
Xatırladaq ki, ABB 3,3 milyard dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. Restrukturizasiya prosesinin bu il yanvarın 30-da başa çatdırılması nəzərdə tutulurdu.(APA) Londonda başladılan məhkəmə prosesi Beynəlxalq Bankın digər kreditorlarının da restrukturizasiya planı ilə razılaşmayıb məhkəmələrə üz tutmasına gətirib çıxara bilərmi? Məhkəmə prosesinə rəğmən, planın vaxtında icra olunacağına dair Beynəlxalq Bankın əminliyinə nə qədər ciddi əsaslar var?
Suallara cavab verən bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirir ki, ABB borclarının restrukturizasiyasına başlayanda ABŞ və Böyük Britaniyada məhkəmələrdən plan icra olunan müddətdə kreditorların borc tələbi ilə məhkəmə iddiası qaldırmalarını əngəlləyən qərarları alıb: "Lakin London Ali Məhkəməsinin son qərarı göstərir ki, bu, yetərli deyil. Yəni məhkəmə iki kreditorun restrukturizasiya planını qəbul etməməsi barədə iddiasını təmin edib. Bu, təhlükəli bir tendensiyanın başlanğıcı ola bilər. Belə ki o iki kreditorun ardınca digərləri də məhkəmələrə üz tutsa, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə aparılan restruktruzasiya planını icra etmək mümkün olmayacaq. Bu isə o demək olacaq ki, Beynəlxalq Bankın könüllü restrukturizasiya etmək istədiyi 3,3 milyard dollar borc tamamən və vaxtında ödənməli olacaq”.
 Mütəxəssis bankın həmin borcunun Azərbaycan hökumətinə ötürüldüyünü xatırladaraq, plana əsasən onların bir neçə mərhələdə və məbləğdə qaytarılmasının nəzərdə tutulduğunu söyləyir: "Restrukturizasiya planı baş tutacaqsa, Azərbaycan hökuməti müddətlə bağlı güzəştlərdən əlavə, faizdə də ciddi güzəştlər almağı düşünürdü. Yəni borcun bir hissəsinin 3 faiz, bir hissəsini 20 faiz, bir hissəsini isə 50 faiz güzəştlə qaytarılması təklif olunur kreditorlara. Onlara bildirildi ki, bu şərtlərlə razısınızsa, borcu dövlət qaytarır, razı deyilsinizsə, bank müflis elan ediləcək, borcunuzu, ümumiyyətlə, ala bilməyəcəksiniz. Mən plan başlananda demişdim ki, çox qeyri-peşəkar aparılmış prosesdir. Və bunun acı nəticələri olacaq. Mən yanılmadım, kreditorlar planı qəbul etmirlər, məhkəməyə üz tuturlar. Onlar yaxşı bilirlər ki, Azərbaycan hökuməti Beynəlxalq Bankın müflis elan olunmasına imkan verməyəcək. Çünki əvvəla, Beynəlxalq Bank ölkənin ən böyük, sistem əhəmiyyətli bankıdır. Onun iflası bütövlükdə bank sektorunun iflasına gətirib çıxara bilər.
İkinci bir tərəfdən, dövlətə məxsus böyük bir bankın iflası Azərbaycanın etibarlı müştəri imicinə çox böyük zərbə ola bilər. Yunanıstanda dövlət kənara çəkildi, heç bir şirkətə dəstək vermədi, ölkənin ən böyük şirkətləri batdı. Nəticədə Yunanıstanın kredit reytinqləri ən aşağı həddə düşdü, indi ona heç bir təşkilat kredit vermir. Azərbaycanın çoxsaylı iri dövlət müəssisələri var ki, xaricdən böyük həcmdə kreditlər alırlar - SOCAR, ”Azərenerji", "Dövlət Dəmir Yolu” QSC. Hökumət Beynəlxalq Banka yardım etməsə, sabah onlara da kredit verən olmayacaq, ya da şərtlər qat-qat ağır olacaq. Xarici kreditorlar dövlətin Beynəlxalq Banka dəstək vermək məcburiyyətini yaxşı görürlər, ona görə də borcun restrukturizasiya olunmasına imkan vermək istəmirlər".
Ə.Həsənovun sözlərinə görə, məhkəmə iddiaları üzündən restrukturizasiya planı baş tutmasa, 3,3 milyard dolları Azərbaycan hökuməti ödəməyə məcbur olacaq. Yada salaq ki, dövlətin bankını talayan Beynəlxalq Bankın sabiq İdarə Heyətinin sədri 15 il həbs cəzası alıb. Onun ailə üzvləri isə hələ də Londonda "kral ailəsi” kimi yaşayır...
Загрузка...
Загрузка...

Xəbər lenti