''Balamı öldürüb, işi ört-basdır etmələrinə izin verməyin'' - Uşağı ölən hərbiçinin fəryadı

''Balamı öldürüb, işi ört-basdır etmələrinə izin verməyin'' - Uşağı ölən hərbiçinin fəryadı
Загрузка...
Qızının həkim səhvindən öldüyünü deyən, Beyləqan sakini, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin giziri Məmmədiyə Cabbarzadə baş prokuror Zakir Qaralova müraciət edib. O, müraciətində qızının ölümündə günahkar olan həkimlərin cəzalandırılmasını, onların cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edib:
"Ötən il fevralın 24-də mən həmişəki kimi işə getmişdim. Həyat yoldaşımla 2016-cı il mart ayında anadan olan qızım Zəhra evdə idilər. Təxminən saat 3-də yoldaşım mənə zəng etdi ki, Zəhranın üzərinə elektrik çaydanından isti su tökülüb, uşağın ayaqları yanıb. Qızımı Beyləqan Rayon Xəstəxanasına gətirmişdilər”.
İşdən izin alıb xəstəxanaya gələn ata baş həkim Əli Məmmədovun məsləhəti ilə qızını Bakıdakı Ə.Əliyev adına Az.DHTİ-nun Plastik və Rekonstruktiv cərahiyyə klinikasının Yanıq şöbəsinə aparıb: "Beyləqanda uşağa ilk tibbi yardımı göstərmişdilər. 5 saylı xəstəxanada isə onu qəbul edib, reanimasiya şöbəsinə yerləşdirdilər. Səhərisi gün Elnur Mirzəyev adlı həkim Zəhraya baxdı və müalicəsini öz üzərinə götürdü. O, mənə müalicəni xəstəxananın digər həkimi cərrah Ülviyyə Zeynalova ilə birlikdə aparacaqlarını dedi”. 

 
Həkim: Uşaq yaxşılığa doğru gedir, narahat olmayın, sağalacaq
Ata bildirir ki, bundan sonra Elnur həkim ona qızına qan lazım olduğunu söyləyib. "Zəhranın qan qrupu 3-dür. Gedib qan bürosundan qan gətirməlisən”, - deyib: "Mərkəzi Qan Bankına gedərək 3-cü qrup qan aldım. Həmin qanın əvəzinə iş yoldaşlarım qan verdilər. Həmin yerdən mən qan alarkən qeydiyyata da düşmüşəm. Prokurorluq bunu yoxlaya bilər. Zəhra 14 gün həmin xəstəxanada qaldı. Mən hər dəfə Elnur və Ülviyyə həkimdən Zəhranın vəziyyəti barədə soruşanda onlar mənə "uşaq yaxşıya doğru gedir, narahat olmayın, tezliklə sağalacaq”, - deyirdilər.
M.Cabbarzadə deyib ki, hər dəfə xəstəxanada həkimləri axtaranda yerlərində tapa bilmirdi. "Onlar uşağı nəzarətsiz qoyub gedirdilər. Buna görə də, məcbur olub onlara zəng vururdum. Çox vaxt telefonları söndürülmüş olurdu. Həkim Ülviyyə Zeynalova uşağın sarğısını vaxtlı-vaxtında dəyişmirdi. Ona səhlənkar yanaşırdılar”.
Xəstəxanaları gəzdik, ancaq qızımı həyata qaytara bilmədik
Onun sözlərinə görə, qızı 14 gün xəstəxanada yatıb və bu günlər ərzində həkimlər onun müalicəsini düzgün aparmayıblar: "Buna görə də, martin 9-da Zəhranın halı ağırlaşdı, bədəni göyərməyə, təzyiqi düşməyə başladı. Nəfəs almaqda çətinlik çəkirdi. Bu səbəbdən ona oksigen balonu qoşuldu. Səhərisi gün qızımın durumu daha da pisləşdi. Həkim Elnur Mirzəyev mənə qızımın ağciyərində problem olduğunu söylədi və onu təcili 6 saylı uşaq klinikasına aparmalı olduğumu bildirdi. 

Zakir Qaralov.
Həmin gün saat 9-da Zəhranı oksigen qoşulmuş halda, təcili tibbi yardım maşını ilə 6 saylı uşaq klinikasına gətirdim. Həmin xəstəxanada aparılan rentgen müayinəsindən sonra baş həkim Elnarə xanım uşağın ciyərinə su yığıldığını deyərək, onu K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstituna ("OMD” xəstəxanasına) aparmağımı istədi. Uşağı təcili tibbi yardım maşını ilə "OMD” xəstəxanasına apardım. Burada onun rentgen nəticələrinə baxan Gündüz həkim isə Zəhranın ciyərində su olmadığını və müalicəsinin 6 saylı uşaq klinikasında aparılmalı olduğunu dedi. Bundan sonra mən uşağı yenə də 6 saylı klinikaya qaytardım. Bu dəfə isə Elnarə həkim Zəhranın 5 saylı xəstəxanaya qaytarılması barədə rəy yazaraq mənə "sabah gəlib həmin xəstəxanada özüm uşağa baxacağam”, - dedi. Lakin həmin gün axşam səkkiz radələrində qızım Zəhra Ə.Əliyev adına Az.DHTİ-nun Plastik və Rekonstruktiv cərahiyyə klinikasının Yanıq şöbəsində vəfat etdi. O xəstəxana sənin, bu xəstəxana mənim, gəzdim, ancaq qızımı həyata qaytara bilmədim”.
Prokurorluq faktları ört-basdır edir
Məmmədiyə Cabbarzadə bildirir ki, qızı Zəhranın ölməsinə səbəb Ə.Əliyev adına Az.DHTİ-nun Plastik və Rekonstruktiv cərahiyyə klinikasının Yanıq şöbəsinin həkimləri Elnur Mirzəyev və Ülviyyə Zeynalovanın işlərinə məsuliyyətsiz yanaşmalarıdır: "Xəstəni nəzarətsiz buraxmaları, uşağımın müalicəsini düzgün aparmamaları və işlərində səhlənkarlıq etmələridir. Qızım Zəhranın qan qrupunun 1 olduğu halda, həkim Elnur Mirzəyev ona 3-cü qrup qan vurub. Bu isə uşağımın ölümünün daha da tezləşməsinə səbəb olub. Qızımın ölümü ilə bağlı yazdığım şikayət ərizələri əsasında Nərimanov Rayon Prokurorluğunda 6-7 ay araşdırma aparıldı. Lakin işdə təqsirli bildiyim şəxslər cinayət məsuliyyətinə cəlb edilmədi. Prokurorluq cinayət faktlarını araşdırmaqda maraqlı deyil. Əksinə, faktları ört-basdır edir, saxta rəylərlə işi bağlamağa çalışır.
Bundan əlavə, Nərimanov Rayon Prokurorluğu mənim heç bir məlumatım olmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib. Həmin qərarı isə mənə göndərməyiblər. Mən bundan yalnız Azərbaycan Respublikası Baş Prokurorluğunun mənə göndərdiyi 08.11.2017-ci il tarixli məktubundan sonra xəbər tutmuşam”.
Uşağın müalicəsi zamanı həkim bəzi nöqsanlara yol verib
Meydan TV məsələyə münasibət öyrənmək üçün Nərimanov Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Telefona cavab verən şəxs məlumat vermək səlahiyyətinin olmadığını, cavab almaq üçün Baş Prokurorluğun mətbuat xidmətinə müraciət etməmizi söylədi. Baş Prokurorluqdan isə məsələyə münasibət öyrənmək mümkün olmayıb. Səhiyyə Nazirliyinin Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə Komissiyası isə Zəhra Cabbarzadənin Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq Şöbəsində ölməsi faktı ilə bağlı araşdırma aparıb. 

Zəhra Cabbarzadə.
Bu barədə nazirliyin 16.10.2017-ci il tarixli 2-17/C-5191/07saylı məktubunda bildirir: "Uşağın müalicəsi zamanı, həmçinin onun adına tibbi sənədlərin tərtib edilməsində müalicə həkimi E.Mirzəyev tərəfindən nöqsanlara yol verilib. Bu, Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının tibbi şurasında müzakirə edilib və uşağın müalicəsində yol verdiyi nöqsanlara görə E.Mirzəyev barəsində intizam məsuliyyəti tədbirləri görülüb”.
Qızım yüngül müalicə ilə tam sağala bilərdi
Məmmədiyə Cabbarzadə deyir ki, göründüyü kimi, Səhiyyə Nazirliyi E.Mirzəyevin qızının ölümündə təqsirli olduğunu etiraf edir. Ata bildirir ki, bu, Nərimanov Rayon Prokurorluğundakı iş materialında olan rəyin saxta olduğunu göstərir: "Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə Komissiyanın rəyi Elnur Sabir oğlu Mirzəyevə və Ülviyyə Zeynalovanın cinayət məsuliyyətinə cəlb olunmaları üçün əsasdır. Qızım Zəhra xəstəxanaya gətirilərkən o qədər də ağır durumda deyildi. Bunu xəstəxanada çəkdiyim fotolar da sübut edir. Əminəm, qızım yüngül müalicə ilə tam sağala bilərdi. Lakin həkim məsuliyyətsizliyi, səhlənkarlıq buna imkan vermədi”.
Həkimlərin cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edirəm
Məmmədiyə Cabbarzadə Azərbaycan Respublikası CPM-nin 207.1.1. (törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq) və 209.1-ci (Məcəllədə nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır.) maddələrinin tələblərini rəhbər tutaraq, baş prokurordan xahiş edir ki, qızının ölüm hadisəsini düzgün araşdırsın: "Bizim hüquqlarımızın qorunması və yuxarıda göstərilən cinayət hadisəsi ilə bağlı araşdırma başlanması, həmin işin xüsusi nəzarətə götürülməsi, işdə təqsirli bilinən həkimlərin cinayət məsuliyyətinə cəlb olunması barədə tədbirlər görmənizi xahiş edirəm. Qızımı öldürüb, işi ört-basdır etmələrinə izin verməyin”.
Загрузка...
Загрузка...

Xəbər lenti