“Atamla hər ikimizin taleyi eynidir. Baxmayaraq ki, o, həbsdə, mən isə azadlıqdayam”- Həbsdəki OMON-çunun qızı

“Atamla hər ikimizin taleyi eynidir. Baxmayaraq ki, o, həbsdə, mən isə azadlıqdayam”- Həbsdəki OMON-çunun qızı
Загрузка...
Aytac Əmiraslanova: "20 il atamla görüşmədim...”
22 ildir ömürlük həbs cəzası çəkən OMON-un əfsanəvi komandiri Elçin Əmiraslanovun fevralın 6-da 56 yaşı tamam oldu. Hazırda Qobustan həbsxanasında saxlanılan, səhhətində ciddi problemlər olan, 20 il övladları görüşünə gəlməyən OMON komandirinin qızı Aytac Əmiraslanova ilə atasının doğum günü və digər məsələlərlə bağlı söhbət etdik.
- Aytac xanım, bir övlad üçün atanın 22 il həbsdə olması nə deməkdir?
- Mən 10 yaşımda olarkən atam həbs edilib. O vaxt babam və nənəmlə yaşadığım üçün atamın üzünü az görürdüm. Atam anamla yaşayırdı. Açığı, atam həbs ediləndən bir müddətə qədər bunun nə olduğunu bir o qədər də dərk etmirdim. Sonralar hər kəs dünyasını dəyişdi, mən böyüdüm. 20 il atamla görüşmədim, buna icazə verilmirdi. Nə atam bunu istəyirdi, nə də anam və nənəm. Böyüdükdən sonra atamı görmək ehtiyacı duydum, getdim onun yanına. Sonrakı görüşlərdə isə qardaşımı da apardım. Əlaqələr bax belə yarandı. Onu da deyim ki, 20 il ərzində görüşməsək də, telefon əlaqələrimiz ara-sıra olurdu. İndi 33 yaşım var. Atasız olmağın çətinliyini getdikcə daha çox anlayıram. Babam rəhmətə gedəndən sonra bir tərəfimi yox kimi sayıram. Övlad üçün ana və atanın öz yeri var. Hər bir ailədə kişi olmalıdır.
- 56 yaşında Elçin bəy azadlıqda olsaydı, bir övlad kimi onun doğum gününü necə keçirərdiniz?
- Hər bir övladın əlindən nə gəlirsə, mən də onu edərdim. Bəlkə heç kəsin yanımızda olmasını istəməzdim, ancaq atamın yanımızdakı varlığı bizə yetərdi. Yanına indi də gedirəm, qalıram da. Özünə də demişəm ki, ailə qurmadım, səni gözləyirəm, nə vaxt oradan çıxarsan, necə istəsən həyat tərzim o cür olacaq. Atama onu da demişəm ki, azadlığa çıxdıqdan sonra nə qədər ömrüm qalsa, həmin ömrü mən səninlə yaşayacam. Çünki mən heç vaxt atamla bərabər olmamışam. Üstəlik, 20 il heç üzünü də görməmişəm.
- Atanızın 57 yaşını azadlıqda qeyd edəcəyinə inanırsınız?
- Ümid hər zaman olub. Tək atama görə demirəm, hər bir sahədə insanın ümidi olmalıdır. Ümidi olmayan insan sanki yaşamır.
- Sonuncu dəfə atanızı nə vaxt görmüsünüz?
- Bir neçə ay bundan öncə görüşünə getmişəm. Telefon əlaqəmiz həftədə iki dəfə daim olur.
- Qobustan həbsxanasındakı digər iki OMON-çu-Səfa Poladov və Arif Kazımovun saxlanma şəraiti ilə bağlı ciddi problemlər var. Atanız necə?
"Atamdan ayrılmaq üçün anama təzyiqlər oldu”
- Atamın əvvəl problemləri çox idi. Amma hazırda digərlərindən fərqli olaraq, səhhəti normaldır. Həkim nəzarəti altındadır. Yalnız bir problemi var. O da onunla bağlıdır ki, həbsdə olduğu müddət ərzində hər il müalicə üçün Bakıya gətirilirdi. Amma son bir ildə Penitensiar Xidmət bunu etmir. Müraciətlər edirik, əhəmiyyəti olmur. Atamın başının yarısı plasmasdır, bədəni qəlpələrdən ibarətdir. Bu insan ildə bir dəfə 2-3 ay müddətində gəlib müalicə almalıdır.
- Elçin bəy həbsdə olduğu 22 il ərzində nələr itirdiniz? Əgər atanız bu müddətdə azadlıqda olsaydı, övlad kimi nə edəcəkdiniz ki, edə bilmədiniz...
- Hər zaman düşünmüşəm ki, bir insan ailə həyatı qurursa, bir qadın ərə gedirsə, bir kişi evlənirsə, yəni ailə həyatına addım atırsa, o, ailə vəziyyətində olmalıdır. Ata, ana, övladlar müxtəlif tərəflərdə olanda buna ailə demirlər. Reallığı deyəcəm, əgər atam azadlıqda olsaydı, indi mən tamam başqa bir insan idim. Ən azından başqa bir vəzifəli şəxs olardım, həyat tərzim başqa cür olardı. Atam azadlıqda olsaydı, bu gün bizim ailə tamam bir başqa ailə idi. İtirdiklərim bu illər ərzində saysız-hesabsız oldu. Əziyyət çəkib Rusiyada 6 il universitetdə hüquq fakültəsində oxudum, magistraturanı belə bitirdim. Amma bu gün o diplomum heç bir işə yaramır. Çünki Azərbaycan məni belə qəbul etmir. İstənilən halda atamın yoxluğu ən böyük itkimdir. Onun yanımızda olmaması o deməkdir ki, bizim qazandıqlarımız yoxdur. Yalnız atam yanımda olsa, bütün işlərim yoluna gedər. Bu dəqiqə qardaşım da yanımda yoxdur, Rusiyada hüquq təhsili alır. Çünki burada oxuya bilməzdi, o isə hüquq fakültəsini bitirmək istəyirdi. Atama görə isə biz Azərbaycanda hüquq sahəsinə gedə bilmərik. İldə bir dəfə qardaşımın yanına imkan olanda gedirəm. Anam da ara-sıra gedir.

- Atanızı bir ailə başçısı kimi hələ görməmisiniz. Buna baxmayaraq, onun yoxluğunu daha çox nə zaman hiss edirsiniz?
- Çətinliklərim çox olur. Xırdalığına qədər getmək istəmirəm. Kiçik bir misal deyəcəm. Bir işin ucundan tutmaq istəyirəm, amma qərarsız qalıram. Bir tərəfdən atamın məhbus olması, digər tərəfdən də yanımızda olmaması qarşımı kəsir. Amma yanımda olsaydı, atam istənilən halda o işi alındıracaqdı. Adi şeyləri belə edə bilmirəm. Dostlarım hər zaman mənə təskinlik verirlər. Bir gün yaşadığım həyat da mənə dedi ki, Aytac, yaxşı qızsan, amma valideynlərin cəzasını övladlar çəkir. Sözsüz ki, bu gün anam, atam, qardaşıma görə ölümə də gedərəm. Amma həyatımın hər anında görürəm ki, nəyinsə cəzasını çəkirəm, şəxsi həyatım da belə. Bütün yükü öz boynumda hiss edirəm.
- Çətinlikləriniz çoxdur. İstər Elçin bəyin həbs olunduğu ilk illər, istərsə də bu günə qədərki zaman olsun, onun dostlarından, qohumlarından yanınızda olanlar oldumu və hazırda varmı?
- Xeyr, atamın nə dostları, nə də qohumları yanımızda olmadılar. Təsəvvür edin ki, qardaşım 10 yaş məndən kiçikdir, ona belə mən baxdım. Biz ana, iki övlad, nənə və baba olaraq taleyin ümidinə atıldıq. Nə qədər qohum-əqrəba olsa da, hamı özü üçündür. Bu gün heç kəs heç kəsə yanmır. Maddi və mənəvi baxımdan bizə kömək edən olmadı.
- Atanızla bağlı bir müraciətiniz varmı?
- İndiyə qədər hər yerə müraciət etmişik. Avropa qurumlarına müraciətlər etmişəm. Yenə də aidiyyəti şəxslərdən, qurumlardan xahiş edirəm ki, məni atama qovuşdursunlar. Vaxtilə atamın da səhvləri az olmayıb. Müəyyən yumşalmalar etsəydi, razılığa getsəydi, indi azadlıqda olardı. Düzdür, günahı var. Amma atam mərd, cəsur insandır. Bayırda ləyaqətsiz insanlar az gəzmirlər, lakin atam məhbəsdədir. O, içəridə çürüməli deyil. Onun azadlıqda olması bir insanın, yəni mənim varlığımı dəyişə bilər. Ona görə xahiş edirəm ki, atamın ömürlük cəzasını illə əvəz etsinlər. Azından mən də ümid edim ki, atam nə vaxtsa çıxacaq.
- Qazax camaatının ailənizə münasibəti necədir?
- Hər zaman o əhali atama və bizə hörmət edib. Atamı mərd, qəhrəman kimi xatırlayırlar. Ola bilər ki, bizi və atamı yaxından tanımayanlar deyə bilər ki, o, həbsdə olduğu üçün cinayətkardır. Amma atamı tanıyan hər kəsin ona hörməti olub.
- Cəza çəkdiyi yerdə necə?
- Orada da çox yaxşı hörməti var. Bayırda necə olubsa, eynilə həbsxanada da elədir. Atam oradakı digər məhbuslardan hər zaman fərqli olub, yaşayış tərzi də, özü də. O hörməti onun özü qazanıb. Bəzən görüşə gedəndə deyirəm ki, bunu niyə belə etmirsən, deyir ki, mən burada nümunəyəm, ətrafım məndən nə nümunə götürər.- Elçin bəylə həbsxanadakı digər iki OMON-çu arasında münasibətlərin soyuq olduğu deyilir...
- Onları tanımıram, sadəcə, adlarını eşitmişəm. Əvvəllər atamla münasibətləri çox yaxşı olub. Eşitdiyimə görə, bir neçə il əvvəl aralarında söz-söhbət olub. Nəyin buna səbəb olduğunu bilmirəm. Bu barədə atam da mənə heç nə deməyib. Onların valideynləri daim bizə mənfi münasibət bəsləyirlər. Onları qınamıram da. Arif Kazımov subay ola-ola türməyə girib. Atamın ucbatından onun yaxınları bunun olduğunu deyirlər. Onu dana bilmərəm, atamın ucbatından oldu. Valideyndir, iyirmi neçə yaşında oğlu həbsxanaya düşdü, həyatı puç oldu.
- Elçin bəyin adı bir çox qətl hadisələrində, cinayətlərdə hallanır. Bütün bunlara görə onun həyatına təhlükələr hələ də davam edirmi?
                               "Azadlıqda olsaydı, indi mən tamam başqa bir insan idim”
- Hazırda yoxdur. Amma həbs olunduğu ilk vaxtlar çox idi. Yanına həbsxanaya adam da göndərilib. Yeməyinə nəsə qatmağa cəhd ediblər. Hətta qadın da yanına göndəriblər. Vəkil qismində qadın ona yaxın olmağa cəhd edib. Belə təhlükələr bir müddət olub.
- OMON hadisələri ilə bağlı həbs edilən bütün şəxslər bu və ya digər formada azadlıqdadırlar. Hətta OMON-un respublika komandiri Nizami Şahmuradov belə... Bəlkə atanız və digər iki şəxsin azadlığa çıxmasını konkret əngəlləyən şəxs var?
- Ola bilər. Amma bilmirəm kimdir. Belə bir versiya çox inandırıcıdır. Kimsə ondan qorxduğu üçün belə edə bilər ki, atam azad olunsa onun həyatını bitirər. Atamdan çox adam qorxa bilər. Bəlkə də yüksək vəzifəli bir şəxslə atamın konflikti olub, o, bunu əngəlləyir.
- Özü bu barədə nə deyir?
- Özü bu haqda danışmır. Amma hər zaman azadlığa çıxacağını deyir. 10-15 il əvvəl çox müraciətlər etdik, üzr istəmələr oldu. Amma atam əyilmədi. Əfv də yazmadı. İndi ola bilər ki, artıq gec olsun.
- Arif Kazımov və Səfa Poladovun bu səbəbdən atanızla danışmadıqları deyilir...
- Səbəblərdən biri bu ola bilər. Mən də belə eşitmişəm.
- Ananız nə üçün Elçin bəydən ayrıldı?
- O vaxt başqa bir vəziyyət yaranmışdı. Anama ayrılmaq üçün təzyiqlər olundu. Hətta nəyisə itirə biləcəyi barədə hədələr də olmuşdu. Onlar özləri könüllü ayrıldılar. Bəlkə də başqa səbəblər olmuşdu. Mənə deyilənlər bu idi.
- O ayrılıq atanıza necə təsir etdi? Eşitdiyim qədəri ilə ananızı çox sevirmiş...
- Atamın həyatında sevdiyi yeganə insan o olub. Bunun üçün ayrılmaları ona hələ də ağır təsir edir. Atam hər zaman sadiq olub, xəyanətkarlıq ondan daim uzaqdır. Bu, ailədə də belə olub, getdiyi yolda da. Hətta ona xəyanət edənə belə xəyanət etməz. Evimizdə heç vaxt atamın əleyhinə nə anam, nə də ana nənəm danışmayıb. Əksinə, atamı tərifləyiblər. Sadəcə, qorxduqları üçün onlar 20 il bizim atamla görüşməyimizə mane oldular. Başqa bir səbəb yoxdur.
- Heç demisiniz ki, kaş atam bunları etməyəydi...
- O hadisələrdən qabaq anam ona çox deyib ki, bunları etmə. Amma atam hər zaman deyirmiş ki, mən söz vermişəm, kişi sözündən dönməz, Rövşən Cavadovu tək qoya bilmərəm. Atamı bir şeydə suçlu sayıram ki, azından sənin ailən var idi, qız uşağın böyüyürdü, oğlun iki aylıq idi. Atamı yalnız bunlara görə suçlu sayıram. Çox şeyə əks getməkdə atam düzgün etmədi. İndi yaşlaşıb, yanımızda olmaq istəyir, amma bu da alınmır. Yoldaşı ayrıldı, övladları 20 il görüşmədi, atam həyatda yox kimi bir şeydir. Dəfələrlə özünü öldürmək istəyib. Bir otaq yoldaşı deyib ki, özünə qəsd etmə, bir gün övladların gec də olsa, gəlib səni tapacaq.
- Bir insan 22 il həbsdədir, övladları görüşünə getmir, yarımcandır, həyat yoldaşı ondan ayrılır... Belə insan olan Elçin Əmiraslanovu yaşadan nədir?
- Atam iradəli insandır. Atamla danışanda deyirəm ki, hər ikimizin taleyi eynidir. Baxmayaraq ki, o, həbsdə, mən isə azadlıqdayam. Atam heç vaxt sınmayıb. Bəlkə də onu həyatda saxlayan biz övladları olmuşuq. Ümid edib ki, nə vaxtsa övladları onu görməyə ehtiyac duyacaqlar.
- "Mən bir gün azadlığa çıxacam” ümidi necə...
- Bu ümid də mütləq səbəbdir. Onu da deyim ki, atam həbsxanaya daha çox öyrəşib. Bəzən atama deyirəm ki, bəlkə də həbsxanada olmağın səni görməyimizə səbəb oldu. Çünki atam azadlıqda olsaydı, bəlkə də artıq həyatda deyildi. Ola bilər ki, Allah atamı qorumaq üçün həbsxanaya saldı. Ən azından atam sağdır. Atam bundan sonra yalnız övladlarına lazımdır.
Загрузка...
Загрузка...

Xəbər lenti