Vəkil: Polis eyni adamdan 12 işdə hal şahidi kimi istifadə edib

Vəkil: Polis eyni adamdan 12 işdə hal şahidi kimi istifadə edib
Загрузка...
Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi” Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. İclasda hal şahidi Adil Əhmədov və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dini ekstremizmlə mübarizə şöbəsinin əməkdaşı İftixar Rüstəmov ifadə verib.
İ.Rüstəmov deyib ki, onlara Əhsəndə narkotik olması haqda məlumat daxil olub, Muğam bağında əməliyyat keçirib, onu saxlayıblar. Ə.Nuruzadə isə onun yalan danışdığını, bu adamın, ümumiyyətlə, onun tutulmasında iştirak etmədiyini bildirib: "Məni tutan da, cibimə heroini atan da idarənin Rüstəm adlı şöbə rəisi idi”. Adil Əhmədov isə ifadəsində Əhsənin cibindən narkotik çıxdığını gördüyünü deyib.
Bildirib ki, indiyə kimi üç cinayət işində hal şahidi olub. Vəkil Fariz Namazlı isə məhkəməyə onun 12 işdə hal şahidi olması barədə sənədləri təqdim edib. Vəkil həmin şahidin ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib: "Şahid İftixar Rüstəmov isə təhqiqatçıdır, amma Əhsənlə bağlı əməliyyatda iştirak etdiyini deyir. Müstəntiq onu istintaqda dindirib. Halbuki, qanun təhqiqatçının fəaliyyətində yol verdiyi pozuntu istisna olmaqla, başqa hallarda dindirilməsini qadağan edir. Xahiş edirəm, onun da ifadələri sübutlar siyahısından çıxarılsın”.
Məhkəmə vəkilin vəsatətlərini təmin etməyib. Proses fevralın 13-də davam edəcək. Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur. Amma o, ittihamı rədd edir. Bildirir ki, onu şərləyiblər.
Загрузка...
Загрузка...

Xəbər lenti