Tovuzdakı qətl işi: şübhəliləri marketdən alınan “skoç” ələ verib

Tovuzdakı qətl işi: şübhəliləri marketdən alınan “skoç” ələ verib
Загрузка...
Fevral ayının 24-də Tovuzda baş vermiş qətllə bağlı musavat.com-a yeni məlumatlar daxil olub. Rayonun Mərdan Musayev küçəsində yerləşən evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə Mirzəyevanın qətli ətrafında müəmmaların davam etdiyi vaxtda saytımıza rayondakı mənbələrdən olduqca maraqlı və şokedici xəbərlər verilməkdədir.
Xatırladaq ki, martın 6-da yaydığımız xəbərdə bildirilir ki, ər-arvadın qətlində şübhəli bilinən xeyli şəxs dindirməyə çağırılıb. Şübhəlilər arasında Ruhiyyə adlı gənc qadının olduğu deyilirdi. Başqa şübhəli şəxs qismində istintaqa cəlb edilən şəxs "Krokodil” ləqəbli xalça alverçisidir. Musavat.com dəqiqləşdirib ki, "Krokodil”in əsl adı Mahirdi və o, Tovuzun Xatınlı kənd sakinidir. Saxlanılanlar arasında mərhum Fərman Məmmədovun oğlu Fərid Məmmədovun dostlarının olduğu haqda da bilgilər var. Bir başqa şübhəlinin Şəmkir sakini olduğu barədə də məlumat yazmışdıq.
Musavat.com-a daxil olan yeni məlumatlara görə, bu qətl işi ilə bağlı şübhəli şəxslərin izinə marketdən aldıqları "skoç” vasitəsilə düşülüb. Xatırladaq ki, qətlə yetirilən Fərman Məmmədovla Pakizə Mirzəyevanın meyitləri aşkar edilərkən onların hər ikisinin əlləri "skoç”la bağlı olub. Görünür istintaq cinayəti bu detaldan araşdırmaq qərarına gəlib. Nəticədə məlum olub ki, cinayətdə iştirakda şübhəli bilinən şəxslərdən biri və ya bir neçəsi "Xatınlı döngəsi” adlanan ərazidəki marketdən "skoç” alarkən təhlükəsizlik kameralarına düşüb. İstintaq bu detalı araşdırarkən başqa şübhəlilər haqda məlumat toplaya bilib.
Başqa bir məlumatda deyilir ki, şübhəli şəxs kimi saxlanılan Ruhiyyə Fərman Məmmədovun bu yaxınlarda Rusiyanın Soçi şəhərində daşınmaz əmlak satdığını, həmin satışdan əldə edilən pulun evdə saxlandığını haradansa öyrənib. Mənbə bildirir ki, qadın, bu informasiyanı cinayətdə şübhəli bilinən digər şəxslərə bildirib. Səhərə yaxın ev sahiblərinin qapını Ruhiyyəyə açmalarının səbəbi isə o olub ki, qadın Fərman Məmmədovun yaxın qohumudur. Onun evin qapısını döyməsi, Fərman Məmmədovda heç bir şübhə yaratmayıb. Qapı açıldıqdan sonra isə məlum hadisə baş verib...
Ruhiyyənin Tovuzda tanınmış həkimlərdən birinin nəvəsi olduğu deyilir. Daha bir maraqlı detal ondan ibarətdir ki, qətl törədilən gün mərhumların oğlu Fərid Məmmədov rayon mərkəzində yaşayan qardaşıgildə gecələyib. Belə güman olunur ki, qatillərin bu detaldan da xəbəri olub. Cinayətdə istifadə olunan avtomobilin dövlət nömrə nişanı saxta olub. Bu haqda musavat.com günlər öncə məlumat vermişdi. Ötən yazımızda bildirmişdik ki, hadisədən sonra istintaqçılar qətlin baş verdiyi evin baxçasında torpağa basdırılmış dəmir seyf aşkar etmişdilər. Görünür, cinayətkarlar istədiklərinə nail ola bilmədikləri üçün ərlə-arvadı qətlə yetiriblər.
Xatırladaq ki, qətlə yetirilən Pakizə Mirzəyeva AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyevin bacısıdır. P.Mirzəyeva Tovuz şəhər poliklinikasının həkimi olub.
Загрузка...
Загрузка...

Xəbər lenti