Загрузка...

Tikinti şirkəti vətəndaşlara hədə-qorxu gəlir – 3 milyonluq yeyintidə məşhur bankın da adı hallanır

Tikinti şirkəti vətəndaşlara hədə-qorxu gəlir – 3 milyonluq yeyintidə məşhur bankın da adı hallanır
Загрузка...
 "2013-cü ildə internet saytlarında verilmiş reklam elanlarında "İnvestA” MMC tərəfindən fərdi evlərin "Bank Respublika” ASC tərəfindən maliyyələşdirilən ipoteka yolu ilə tikilməsi barədə xəbər tutduqdan sonra həmin şirkətin Masazır kəndində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə şirkətin rəhbəri ilə razılığa gəldim. "İnvestA” MMC-nin rəhbəri bu tikintinin maliyyələşdirilməsinin "Bank Respublika” ASC tərəfindən həyata keçirildiyini bir daha təsdiq edərək bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlanmalı olduğunu bildirdi”.
Bu sözlər "İnvestA” tikinti şirkəti tərəfindən aldadılan bir qrup şəxsin Criminal.az saytına yazdığı məktubda bildirib. Onun sözlərinə görə, şirkət bildirib ki, tikiləcək fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi "İnvestA” MMC-nə məxsus olsa da, formal olaraq həmin torpaq sahəsi onun qohumunun adına qeydiyyata alınıb: "Ona görə də birinci növbədə həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmalı, həmin torpaq sahəsi bankda yüklü edilərək kredit alınmalı, alınan kredit hesabına nəzərdə tutulan fərdi yaşayış evləri tikilərək bizə təhvil verilməlidir.
Bundan başqa bildirdi ki, yaşayış kompleksinin ümumi ərazisi 24 hektar torpaq sahəsindən ibarət olmaqla ərazidə sakinlərin istirahəti üçün park, fitnes mərkəzi, uşaq bağçası, bərbərxana, mağazalar tikilərək istifadəyə veriləcək. Həm də bütün kommunal şəraitlər qurularaq, kommunal xidmətlərlə bağlı bizimlə müqavilələr bağlanacaq və xidmətlər fiziki şəxs olaraq sakinlərə bir başa göstəriləcəkdir. Bunu da qeyd edim ki, "İnvestA” MMC rəhbəri bizə bildirdi ki, yaşayış kompleksi Abşeron rayon İcra Hakimiyyətinin 22 fevral 2008-ci il tarixli 165 saylı Sərəncamı əsasında tikilir və fərdi yaşayış evi tikildikdən sonra həmin evin sənədləşdirilməsinin təmin etməsi barədə öhdəlik götürdü. Çünki, sərəncan MMC-nin adına verildiyi üçün həmin sənədləşməni yalnız MMC edə bilər”.
"Şirkət tərəfindən öhdəliklər tam və lazımınca yerinə yetirilmədi, evlərin təhvil verilməsi həyata keçirilmədi”
Şikayətçi qeyd edir ki, aralarında razılığa gəldikdən sonra məbləği "İnvestA” MMC-ə ödəyib və Notariat Konturuna gedərək Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsi ilə bağlı ikitərəfli alqı-satqı müqaviləsi bağlayıblar: "Dövlət Reystri Xidmətindən çıxarış bir başa banka təhvil verilmişdi. Çıxarış alınandan sonra "Bank Respublika” ASC-də həmin torpaq sahəsi və tikilməkdə olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilərək, alınan krediti MMC-nin nümayəndəsi götürdü. Başqa sözlə desək, kredit müqaviləsini biz imza etsək də, pul vəsaitləri bizə deyil, faktiki olaraq "İnvestA” MMC-nin nümayəndəsinə ödənildi. Evlərin tikilməsi üçün müvafiq icazələr, sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz "İnvestA” MMC-nin adına verilmişdir. Lakin həmin şirkət tərəfindən öhdəliklər tam və lazımınca yerinə yetirilməmiş, evlərin təhvil verilməsi həyata keçirilməmişdir. Bundan əlavə, məlum olmuşdur ki, inşa edilmiş mənzillərin sahələri – razılaşdırılmış sahələrdən azdır. Həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir. Bundan başqa "İnvestA” MMC tərəfindən fərdi evlərin tikilməsi və sonrakı istismarı zamanı həmin şirkət tərəfındən bir sıra qanunsuzluqlara yol verildiyi də aşkar edildi. Tikinti başa çatdıqdan sonra "İnvestA” MMC evlərin təhvil verilməsini həyata keçirməmiş, yalnız oraya köçmək üçün icazə verildiyini bildirmişdir. Evə köçdükdən sonra məlum oldu ki, inşa edilmiş evlərin sahələri razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da vardır”. "İnvestA” MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guya, həmin evlərin tikintisinə aidiyyatı olmaması görüntüsü yaratmağa cəhd edir” Şikayətçi bildirir ki, "İnvestA” MMC tərəfındən fərdi evə dair heç bir hüquqverici sənəd də verilməyib: "Hazırda "İnvestA” MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guya, həmin evlərin tikintisinə aidiyyatı olmaması görüntüsü yaratmağa cəhd edir. Yəni, kommunal xidmətlərin göstərilməsi üçün başqa bir şirkətlə müqavilə imzalayıb, xidmət göstərilməsi ilə bağlı münasibətlərin də həmin şirkətlə olduğunu və özünün heç bir məsuliyyət daşımadığını iddia edir. "Bank Respublika” ASC isə, kredit müqaviləsinə istinad edib, şişirdilmiş faizlərlə ödənişlər tələb edir və "İnvestA” MMC-nin bu məsələyə heç bir aidiyyatınn olmadığını bildirir. Bankın hərəkətlərindən belə çıxır ki, guya, küllü miqdarda çoxsaylı kreditləri yalnız fərdi ev tikdirmək istəyən şəxslərin sadəcə müraciətinə əsasən, heç bir real girov təqdim edilmədən vermişdir. Sübut etməyə ehtiyac yoxdur ki, bankın belə sadəlövh "dəlil” göstərməsi tamamilə əsassızdır və əlbir olduğu "İnvestA” MMC-nin vəzifəli şəxslərini məsuliyyətdən yayındırmaq məqsədi güdür”. "Problemimizi ictimailəşdirəcəyimiz üçün bizə hədə qorxu gəlirlər, şərləyirlər, şantaj edirlər” Onun dediyinə görə, bəzi kommunal xərcləri hüquqi şəxslərə aid tariflərlə ödəmək məcburiyyətində qalıblar: "Bu da bir daha sübut edir ki, həmin evlərin tikintisi ilə bağlı sənədlər hüquqi şəxs olan "İnvestA” MMC-nin adına rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilən faktlar "Bank Respublika” ASC-nin və "İnvestA” MMC-nin əlbir olaraq, vətəndaşları aldatmaq, yəni onların etibarından sui-istifadə etmək yolu ilə, pul vəsaitlərinin mənimsənilməsini təsdiq edir ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələri ilə müəyyən edilmiş dələduzluq və mənimsəmə cinayətidir. Ən əsas məsələ isə bundan ibarətdir ki, layihə sənədləri və sərəncamın öz adına olması, 5000 kvadrat metrdən ibarət-250 fərdi yaşayış evini "İnvestA” MMC inşa edir, "Bank Respublika” ASC ilə əlbir olaraq həmin evləri banka girov qoyub pulları götürür və həmin torpaq səhələrini fiziki şəxslərin adına formal alqı-satqı edərək və torpağın onun adına olmaması və tikintinin fiziki şəxslər tərəfindən aparılması görüntüsünü yaradaraq, dövlət büdcəsinə 3 000 000 (üç milyon) manat ödənilməli olan verginin ödənilməsindən yayınmışdır. Hazırda da Sizə müraciət etməyimizdən xəbər tutan şirkətin rəhbər işçiləri bizə hədə-qorxu gəlir, şərləyir və bizi şantaj edirlər. Ona görə də xahiş edirik ki, "İnvestA” MMC-nin faktiki rəhbəri Quliyev Namiq Saday oğlunun qeyd olunan qanunsuz hərəkətləri ilə bağlı tədbir görülməsi və dövlət büdcəsindən yayındığı 3 000 000 (üç milyon) manat olan verginin ödənilməsinin təmin olunmasını araşdırasınız”. Müraciəti "İnvestA” MMC-dən fərdi ev alan vətəndaşlar -Abbasov Zaur Ədalət oğlu, Əbilov Pərviz Ağamoğlan oğlu, İbadova Qumru Arzu qızı, Sədiqov Elmar Əhliman oğlu, Şahmuradov Suleyman Heydər oğlu imzalayıb. Bu şəxslər "İnvestA” MMC şirkəti tərəfindən aldadıqları üçün şirkətin məsuliyyətə cəlb olunmasını tələb edirlər. Məsələ ilə bağlı "Bank Respublika”nın "144” nömrəsinə zəng etdik. Oradan bizi bankın mətbuatla iş şöbəsinə calaşdırdılar. Dəstəyi götürən şəxs saytdan zəng etdiyimizi bilən kimi sualı dinləmədən dəstəyi asdı. Sonra dəfələrlə əlaqə saxlasaq da zəngimizə cavab verən tapılmadı. Məsələni diqqətdə saxlayacağıq.
Загрузка...
Загрузка...

Xəbər lenti