Загрузка...

“BƏLİ, OĞLUM ZİYA BÜNYADOVUN QƏTLİNDƏ İŞTİRAK EDİB!” - Sabiq icra başçısından ŞOK etiraflar

“BƏLİ, OĞLUM ZİYA BÜNYADOVUN QƏTLİNDƏ İŞTİRAK EDİB!” - Sabiq icra başçısından ŞOK etiraflar
Загрузка...
Sabiq icra başçısı Adil Nağıyev: "Akademikin qətlinin təşkilatçısı Tarıyel Ramazanov və Cavanşir Aslanovdur”; "Oğlum tək mənə yox, bütün nəslimə zərbə vurub”
Fevralın 21-də akademik Ziya Bünyadovun qətlə yetirilməsinin 21-ci ildönümü tamam olacaq. Həmin dəhşətli qətl hadisəsində günahlandırılaraq ömürlük həbs cəzası almış Nizami Nağıyevin atası, YAP-ın qurucularından biri, Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Adil Nağıyev "Yeni Müsavat”a müraciət edərək qətl hadisəsi ilə bağlı ilginc məlumatlar verib. O, uzun illərdən sonra ilk dəfə çox ciddi etiraflarını dilə gətirib, oğlunun qətldə iştirakını birmənalı şəkildə təsdiqləyib, həmçinin ölkə rəhbərliyinə müraciətlə oğlu üçün əfv diləyib. Redaksiyamızda baş tutan müsahibəni təqdim edirik:
- Adil müəllim, bilirik ki, siz məlum qətl hadisəsi baş verən il Abşeron rayonunun icra başçısı təyin olunmuşdunuz. Lakin cəmi üç il sonra sizin işdən çıxarılmağınızın səbəbkarı da oğlunuz olub. Doğrudurmu?
- Bəli. Həmin hadisənin üstündən 18 il keçib, amma hər şey yadımdadır. Əvvəlcə onu demək istəyirəm ki, mən uzun illər Heydər Əliyevin komandasında işləmişəm. Sizdən israrla xahiş edirəm ki, bu fikirlərimi olduğu kimi dərc edəsiniz. Bu yaxınlarda ömrümün 81-ci ilini tamamladım. Sizə səmimi deyirəm, Allahın bəxş etdiyi bu ömrün təqribən 50 ilini türk dünyasının böyük şəxsiyyəti, ulu öndərimiz Heydər Əliyevin adı-sanı, nüfuzu, dünya şöhrətinə baxıb, sevinə-sevinə yaşamışam. Ata yurdum Vedibasar mahalında ermənilərin yerli-yersiz təzyiqləri altında əziyyət çəkdiyim, işsiz qaldığım illərdə, çıxış yolunu o zaman Azərbaycanda hakimiyyətdə olan ulu öndərimiz Heydər Əliyevdə gördüm. Ürəyimdə bəslədiyim inamla Azərbaycana gəldim və bu böyük şəxsiyyətin işığına sığındım.
Mən Allahın xoşbəxt bəndələrindən biriyəm ki, bu dahi şəxsiyyətlə ünsiyyətdə və təmasda olmuş, onun məsləhətlərini dinləmiş və nəhayət, rəhbərliyi altında uzun illər işləmiş, həyatımı Abşeron rayonunun iqtisadi inkişafına həsr etmişəm. Həmişə Heydər Əliyevin idarəçiliyinə, rəhbərliyinə, Azərbaycan dövlətçiliyinə böyük etibarım, hörmətim və rəğbətim olub. Bu keyfiyyətlər, bu ali qanunlara hörmətim, məhəbbətim Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyev cənablarının hakimiyyəti dövründə də, bu günə qədər davam edir. Mən bu əqidənin sahibi olmuşam, bu keyfiyyət mənimlə əbədidir. Onu da deyim ki, Azərbaycan dövlətinə, onun qanunlarına, Azərbaycan dövlətinin qanunlarının aliliyinə inam, hörmət və ehtiram mənimlə əbədidir. Tək mən yox, ağsaqqalı və rəhbəri olduğum ailə üzvlərimin hamısı mənimlə eyni fikirdədir.
 Heydər Əliyev məni icra başçısı təyin edəndə onunla görüşmüşəm, 1 saat söhbət eləmişəm. Demişəm ki, cənab prezident, siz çox adamlara çörək, vəzifə verdiniz, amma çoxu nankor çıxdı. Sizə söz verirəm ki, mən nankor olmayacağam. Elə də işlədim. İşlədiyim müddətdə - Azərbaycanda elə bir icra başçısı yoxdur ki, ondan şikayət olmasın - məndən bir dənə şikayət olmadı. Məndən bir dənə yazılı, ya şifahi şikayət getmədi. Nə müxalifət məni söydü, nə də hökumət, namusla, qeyrətlə işlədim.
- 1997-ci ildən 2000-ci ilədək...
 - Bəli. Bundan əvvəl Abşeronda 20 il sovxoz direktoru işləmişəm, Zirə, Türkan, Qobu, Ramana kəndlərində. Sonra kənd təsərrüfatı idarəsinin sədri və nəhayət, icra başçısı olmuşam. Mən Adil Nağıyev prezident Heydər Əliyevi dəstəkləmişəm, özü də tək mən yox, bütün nəslim, bütün Vedibasar hamısı.
 Abşeron rayonunda YAP-ı yaradan ikinci adam mənəm (yazıya əlavə olunan fotodakıları göstərir-red.) Bax, bu, YAP-ı yaradan akademik Fərəməz Maqsudov, Əli Nağıyev, deputat Mixail Zabelin, bir də o vaxt Səriyyə xanım var idi, fəal YAP-çıydı. Biz YAP-ın Abşeron təşkilatını yaratdıq və Qafar Gülmalıyevi sədr seçdik, o da rəhmətə gedib. Bu, bir. İkincisi, 1999-cu ildə Heydər Əliyev Gülhanə xəstəxanasından gələndə mən Adil Nağıyev 50 dənə erkək qurban gətirmişəm, Sabunçu dairəsində kəsmişəm və Heydər Əliyev orda düşüb, mən onun əlindən öpmüşəm.
 Aşıq aparmışam, ona saz çalıb, söz deyiblər (dediklərini təsdiqləyən fotoları təqdim edir-red.) Fotoda görürsünüz, bu, prezidentdir, bu Bəylər Eyyubovdur. Oraya 5 min adam çıxartmışdım qarşılanmaya. Bu, tapşırıqla yox, öz təşəbbüsümlə olub. Mən bir kitab buraxmışam, "Mən Adil Nağıyevəm”, 80 yaşımın tamam olması münasibətilə. Bu kitabı Administrasiya rəhbəri Ramiz Mehdiyevə də göndərmişəm. Kitabın ilk hissəsini Heydər Əliyevlə başlamışam, məni qəbul edəndə verdiyi suallara cavablarımı dərc etdirmişəm.
"Xəbər tutsaydım, özüm gedib Heydər Əliyevə deyərdim, bu işin üstünü açardım, heç bizə də bu qədər zərbə dəyməzdi”
- Qayıdaq qətl hadisəsinə...
- Hadisə 1997-ci ildə olub. Ancaq 2000-ci ilin oktyabr ayında üstü açılıb. O vaxt isə məni işdən götürdülər.
- Etiraf edirsinizmi ki, Azərbaycanın çox dəyərli ziyalısını qətlə yetirilməsində iştirak edən oğlunuz həm də öz atasına zərbə vurub?
- Bəli. Oğlum tək mənə yox, bütün nəslimə zərbə vurub, hamımızı işdən çıxarıblar. 4 oğlum, 1 qızım, 13 nəvəm, 13 nəticəm var. Hamımıza zərbə dəyib. Oğlanlarım hamısı dövlət qurumlarında işləyirdilər. 18 ildir heç birimiz işləmirik, "kor qız” kimi oturmuşuq evdə. Bizə böyük zərbə dəyib. Mən çox fikirləşirəm ki, bu zərbəni bizə kim vurdu axı? Mənim oğlumun atası icra başçısı işləyir... 2 oğlum akademiyanı qurtarıb, biri Nərimanovda DYP rəisi işləyir, digəri sahə rəisi işləyir. Hökumət adamı olmuşuq, niyə bizi bu oyuna saldılar?
Ötən illər ərzində bu suala cavab tapdınız?
- Bəli, tapmışam. Birincisi, o vaxt istintaq orqanlarına, müxbirlərə deyirdim ki, əgər mənim oğlum Ziya Bünyadovun qətlində iştirak edibsə, ya onu vurubsa, elə oğul mənə lazım deyil, aparın, dar ağacından asın! Mən elə oğul böyütməmişəm. Mən 7 yaşında Ermənistanda ata-anadan yetim qalmışam, yetimliklə, əziyyətlə böyümüşəm. 1969-cu ildə ermənilərin təzyiqinə məruz qaldığım üçün qaçıb Bakıya gəlmişəm. Allahdan başqa heç kəsim olmayıb. Mən oğlumdan çox incidim, heç 10 il onun yanına getmədim. Kişi, sən nə ...yemisən?! Belə şey olar? Akademik Ziya Bünyadov hər adamın tayı deyildi... Düzdür, Ziya Bünyadovla heç zaman üz-üzə gəlməmişəm, ancaq televizorda görmüşəm. Mənim ona simpatiyam var idi. Çünki o, ermənilərə qarşı kəskin mübarizə aparırdı. Mən də millətçi olmuşam, ermənilərin əlindən qaçıb gəlmişəm.
- O vaxt məhkəmədə açıqlanan ittiham aktında oğlunuzun adı birinci qeyd olunmuşdu. Bildirilirdi ki, Nağıyev Nizami Adil oğlu akademik Ziya Bünyadovun yaşadığı binanın 3-cü girişinə daxil olaraq gözləyib, Ziya Bünyadovun sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə, 5 dəfə ardıcıl zərbə vuraraq həyat üçün ağır dərəcəli xəsarətlər yetirmiş, hadisə yerinə yaxınlaşan Qalib Babayev isə "Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadova xəsarətlər yetirərək, hər ikisi Mahir Zeynalovla birlikdə avtomobillə hadisə yerindən qaçıblar. Görüşəndə heç oğlunuzdan soruşdunuzmu ki, niyə belə bir dəyərli insanın amansızlıqla öldürülməsində iştirak edib?
- Mən əvvəlcə belə qərara gəldim ki, oğlumla görüşməyim, çünki nəinki mənə, bütün nəslimə zərbə vurdu. Amma inanmırdım ki, mənim oğlum belə iş görə bilər. Sonra mən öyrəndim ki, niyə Ziya Bünyadovu aradan götürüblər? Tarixçi Moisey Kalankatuklunun "Alban tarixi” kitabını yazıb və Ziya Bünyadov onu tərcümə edib. Kalankatuklu 254-cü səhifədə İslam peyğəmbərini aşağılayıb. "Hizbullah” təşkilatının "Nəsrullah” adlı bir üzvü Bakıya gəlir. Burada dindən istifadə edərək, müəyyən adamları ətrafına toplayır. O cümlədən də bunların başçısı Tariyel Ramazanov və Cavanşir Aslanov olub. Bu Tariyel Ramazanovla mənim oğlumun bağlılığı hardandır? Sovet dövründə Kuril adalarında bir yerdə əsgərlikdə olublar. Oğlumu yoldan çıxaran, bu işə cəlb edən o vicdansız... Özü də ali təhsilli adam, atası Ramiz Rzayev də akademiyada işləyib. Burada "Nəsrullah”ın tapşırığı ilə dəstə düzəldirlər.
- Siz o dövrdə oğlunuzun davranışlarından heç nə hiss etməmişdiniz?
- Yox, heç nə. Nəyə görə? Oğlum Məkkəyə gedib-gəlmişdi, namaz qılırdı. Mən özüm araq içən idim. Baxdım ki, oğlum, həyat yoldaşı namaz qılır, oruc tutur, mən də içkini tərgitdim. Sonra bu, bir müddət ortalıqda görünmədi, yox oldu.
- Onda oğlunuz harda işləyirdi?
- Aeroporta, gömrükdə. Özü də Odlar Yurdu Universitetinin hüquq fakültəsinin 4-cü kursunda qiyabi oxuyurdu. Mənim heç bir şeydən xəbərim olmayıb. Xəbər tutsaydım, özüm gedib Heydər Əliyevə deyərdim, bu işin üstünü açardım, heç bizə də bu qədər zərbə dəyməzdi.
- Bəs ortalıqdan yox olanda axtarmadınızmı ki, haraya gedib?
- Axtardım. Mənə dedilər ki, dostları ilə Moskvaya gediblər, ticarətlə məşğuldurlar, un gətirirlər, ya Türkiyəyə gediblər.
- Amma istintaq materiallarında qeyd olunurdu ki, Nizami Nağıyev və digərləri Tehran yaxınlığındakı düşərgədə təlimlər keçirmiş...
- Bəli. İndi orda nə işlər görüb, mənim ondan xəbərim yoxdur. Gələndən sonra da mənə heç nə demədi. Ancaq məni aldatdığı üçün 10 il ərzində onun ardınca həbsxanaya getmədim.
- Bəs qayıdandan sonra nə qədər sərbəst gəzdi?
- Ziya Bünyadovun qətlindən sonra 3 il sərbəst gəzdi. Ziya Bünyadovu 1997-ci il fevralın 21-də qətlə yetiriblər, Ziya Bünyadovu tapança ilə ağzından vuran Qalib Babayev 3 gün sonra İrana keçəndə öldürülüb. Nizami isə 2000-ci ilin 28 sentyabrında həbs edildi. Bütün məhkəmələrdə iştirak etdim. O ərəfədə hökmdən çox narazı qaldım. Niyə? Çünki təşkilatçı, sifarişçi qaçıb aradan çıxıb. Əgər mənim oğlum da qaçsaydı, hardan tutacaqdılar? Oğlum qaçmadı. Hörmətli prokurorumuz Zakir Qaralov vəzifəyə təyin olunandan sonra bu cinayətkar dəstəni ifşa etdi və oğlumun da orda iştirakını sübuta yetirdi. İndi yalandan durub deyək ki, elə deyil, belədir, yox! Bu vaxta kimi cəmiyyətdə iki hissə var idi: bir hissə inanırdı ki, Adil Nağıyevin oğlu bu işi edib, bir hissə inanmırdı. 21 fevralda Ziya Bünyadovun qətlinin ildönümüdür. Mən səmimi şəkildə, bütün ictimaiyyətə etiraf etmək istəyirəm. Çünki 82 yaşım var. Ölüb gedəcəyəm, qoy yalan deyib bu dünyadan getməyim. Oğluma da ən ağır cəza veriblər, onunla da razılaşdım.
- Yəni oğlunuzun günahını etiraf edirsiniz?
- Bəli. Əvvəllər etiraf etməmişəm, amma indi etiraf edirəm. Ziya Bünyadovun qətlinin təşkilatçısı Tarıyel Ramazanov və Cavanşir Aslanovdur. Onlar bu işi təşkil edib, mənim də oğlumu təhrik ediblər, Allah onların hər ikisinin evini yıxsın, çırağını keçirsin! Bizi nə günə saldılar? Mən Heydər Əliyevin komandasında işləyə-işləyə, ömrümü ona həsr edə-edə...
Sizə bir faktı deyim. 90-cı ildə mən Zirədə sovxoz direktoru idim, Abşeronda plenum idi. Heydər Əliyevin haqqında o qədər danışdılar ki, ürəyim partlayırdı, axır durdum ayağa, dedim ayıb olsun sizə, Heydər Əliyev Azərbaycanı qurub! Heç olmasa, o, sizin havanızı təmizləyib, nə qədər üzüm bağları, yaşıllıqlar salıb. Bunun şahidi də Pirşağıdakı əkinçilik institutunun direktoru Əsəd Musayevdir, çıxdı eşiyə, dedi, halal olsun sənə, Adil! İki gün sonra məni bu sözümə görə Zirədən, direktorluqdan qovdular.
- Ziya Bünyadova beş bıçaq zərbəsi endirən oğlunuz artıq 18 ildir həbsdədir. Sonuncu dəfə onunla nə zaman görüşmüşünüz?
 
 
Ardı var...
Загрузка...
Загрузка...

Xəbər lenti