Martin Luther King-in qətlindən 50 il keçir

Martin Luther King-in qətlindən 50 il keçir
Загрузка...
 50 il bundan öncə, 1968-ci il aprelin 4-də Martin Luther King Tennessi ştatının Memfis şəhərində «The Lorraine» motelinin eyvanında dayanarkən qətlə yetirilib. Vətəndaş hüquqları liderinin qətli ABŞ tarixində ən önəmli hadisələrdən biridir. Şəhərin vətəndaş hüquqları hərəkatı və King-in qətlindəki rolu onu King irsi ilə maraqlanan hər kəsin ziyarət etmək istədiyi yerə çevirib.
Muzeylər, kilsələr və hətta əfsanəvi Bil küçəsi King-in son günlərinin hekayəsini danışır. Bu tarixi hadisənin 50 illiyi münasibətilə minlərlə insanın Memfisi ziyarət edəcəyi gözlənilir. King-in fəaliyyətinə və hərəkata həsr edilmiş bir neçə tədbir artıq keçirilib. Aprelin əvvəlində daha çox tədbir, yürüşlər, konfranslar keçiriləcək, nitqlər söylənəcək. Memfisin mərkəzindəki Milli vətəndaş hüquqları muzeyi şəhərin King-lə bağlı tarixinin mərkəzi sayılır.
«The Lorraine» motelinin ərazisində tikilmiş muzey 1991-ci ildə açılıb. Sonradan onun bərpasına 28 milyon dollar xərclənib və 2014-cü ildə muzey yeni interaktiv sərgiləri ilə yenidən açılıb. 

Kleyborn məbədi
Hündür qülləsi və rəngli vitraj pəncərələri olan XIX əsrə aid bu kilsə o dövrün mühüm hadisələrindən olan təmizlik işçilərinin tətilinin baş qərargahı olub. Tətilə qatılan kişi və qadınlar görüşlərini burada keçirir, şəhər bələdiyyəsinə doğru yürüşlərini buradan başlayırlarmış. 1968-ci il martın 28-də King-in liderliyi ilə keçirilən yürüşdə zorakılıq baş verib: polislə etirazçılar toqquşub, Bil küçəsində bir neçə dükanın vitrinləri sındırılıb.
Yürüşçülər həmin bu məbədə tərəf qaçaraq ona pənah gətiriblər. Polis binanın yaxınlığında insanları döyüb və binanın içərisinə gözyaşardıcı qaz buraxıb. Sonradan kilsə bağlanıb və 25 il boş qalıb. 2016-cı ildə «Clayborn Reborn» adlı təşkilat kilsəni bərpa etmək niyyətini açıqlayıb. Hazırda bərpa işləri davam edir, təmizlik işçilərinin tətilinə abidə qurulmaqdadır.
Qətlindən öncəki gecə King «The Lorraine» motelinin yaxınlığındakı Mason kilsəsində çox təsirli çıxış edib. King-in «Mən dağın zirvəsində olmuşam» adlanan bu nitqində yaxınlaşmaqda olan ölümündən də söz açdığını düşünənlər var.
«Mən vəd edilmiş torpağı görmüşəm. Ora sizinlə birlikdə gedib çıxmaya bilərəm», – King öz çıxışında deyib.
100 minədək ziyarətçi gözlənir
1940-cı illərdə tikilmiş bu boz kilsə kənardan maraqsız, qutuya bənzər bina kimi görünür. Ancaq onun içərisi çox maraqlıdır. Kilsəni rəngli bayraqlar bəzəyir. King o tufanlı, ildırımlı və küləyin binanı silkələdiyi gecədə çıxış edən zaman insanların buraya toplaşdığını təsəvvür etmək çətin deyil. Mason məbədində də King-in qətlinin 50 illiyi münasibətilə bir sıra tədbirlər keçiriləcək. Aprelin 3-dəki tədbirə King-in övladlarının da qatılacağı gözlənilir. Aprelin 4-də məbədə 100 minədək ziyarətçinin gələcəyi deyilir. Paytaxt Vaşinqtonda Martin Luther King abidəsinin üzərində onun Linkoln memorialında söylədiyi məşhur «Mənim bir arzum var» (I Have A Dream) nitqindən sözlər həkk olunub. Bundan başqa, Alabamanın Montqomeri şəhərində və Corciya ştatının Atlanta şəhərində də müntəzəm tədbirlər keçirilir. King-in qətlinin ildönümü münasibətilə çox sayda insan Memfisi ziyarət edəcəyinə görə şəhərin otellərinin artıq dolduğu bildirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti