Загрузка...

London məhkəməsi Azərbaycan dövlət bankının əleyhinə qərar çıxardı

London məhkəməsi Azərbaycan dövlət bankının əleyhinə qərar çıxardı
Загрузка...
 London yüksək məhkəməsi Rusiyanın ən iri dövlət bankı "Sberbank”ın və "Franklin Templeton Investment Management Limited” investisiya şirkətinin iddiası əsasında Azərbaycan Beynəlxalq Bankının əleyhinə qərar çıxarıb. Bu bəd xəbəri məhkəmənin hələ yanvarın 18-də çıxardığı qərarla tanış olan "Reuters” agentliyi yayıb. Virtualaz.org "Reuters”ə istinadən xəbər verir ki, qərar Azərbaycan Beynəlxalq Bankının xarici valyuta ilə olan borclarının restrukturizasiyası ilə bağlıdır.
Xəbər verildiyi kimi ötən ilin mayında Azərbaycan Beynəlxalq Bankı gözlənilmədən xarici valyuta ilə olan 3.3 milyard dollarlıq borclarının rstrukturizasiyasını elan edib. Bank Azərbaycan hökuməti ilə birlikdə kreditorlara təklif edib ki, avrobondlar da daxil olmaqla borclarının bir hissəsinin silinməsi ilə razılaşsınlar, qalan hissəsinin isə Azərbaycanın dövlət borcu kimi sənədləşdirilərək ödənilmə vaxtının uzadılmasını qəbul etsinlər. Bankın kreditorlara təklif etdiyi diskont borcun kateqoriyasından asılı olaraq 3, 20 və 50 faiz təşkil edirdi.
"Sberbank”a yaxın mənbə "Reuters”ə bildirib ki, onlar ikinci kateqoriyaya salınıb. Yəni bank Azərbaycan Beynəlxalq Bankına verdiyi borcun 20 faizinin silinməsi ilə razılaşmalıydı. Lakin "Sberbank” bu şərti qəbul etməyib. Ötən ilin may ayında Azərbaycan Beynəlxalq Bankı London Yüksək məhkəməsinin kreditorların tələblərinə moratorim qoyulmasına dair qərar çıxarmasına nail olmuşdu. Bu qərar bankı kreditorların tələblərindən qoruyurdu. Bank moratorimum müddətinin 2018-ci il yanvarın 30-nadək uzadılması üçün yeniən məhkəməyə müraciət edib. Lakin "Sberbank” və "Franklin Templeton İnvestment Management Limited” buna qarşı çıxıblar. Məhkəmə onların iddiasını təmin edib.
Bildirilir ki, "Sberbank” 2016-cı ildə ticarət sövdələşməsi maliyyələşdirilməsi üzrə Azərbaycan Beynəlxalq Bankına 20 milyon dollar borc verib. "Franklin Templeton İnvestment Management Limited” investisiya fondu isə bankın 500 milyon dollarlıq avrobondlarını almışdı. Bu borc 2019-cu ilədək geri ödənilməliydi. Bu kreditorların hər ikisi bankın restrukturizasiya planı ilə razı deyil. Onlar bildirir ki, borclu ilə münasibətləri ingilis hüququ əsasında qurulub və 1890-cu ildə London məhkəməsinin çıxardığı, "Gibbsin işi” kimi tanınan qərara əsasən ingilis hüququ əsasında nizamlanan borc digər yuridiksiyada borclunun müflisləşmə proseduru ilə bağlı silinə bilməz. London Yüksək məhkəməsi "Gibbsin işi” presedentini nəzərə alıb və iddianı təmin edib.
"Bu qərar ingilis hüququna dair tələblərin stabilliyinin gücləndirilməsinə və bazar iştirakçılarının öz öhdəliklərini vicdanla yerinə yetirməsinə stimul verəcək”-"Sberbank”ın mətbuat xidmətindən deyiblər. "Franklin Templeton İnvestment Management Limited” şirkəti isə şərh verməkdən imtina edib. Azərbaycan Beynəlxalq Bankından isə bildiriblər ki, məhkəmənin qərarına baxmayaraq "Sberbank” və "Franklin Templeton İnvestment Management Limited” borclarının qaytarılmasını tələb edə bilməyəcəklər. Çünki qərardan apellyasiya şikayəti verilib. Bank bildirir ki, İngiltərədəki məhkəmə prosesi bankın borclarının restrukturizasiyasına təsir etməyəcək.
Lakin britaniyalı vəkil deyib ki, restrukturizasiya məhkəmənin yekun qərar çıxarmasına qədər yekunlaşa bilməz. Apellyasiya prosesi ən azı bir neçə ay davam edəcək. Virtualaz.org xatırladır ki, iki gün əvvəl Azərbaycan Beynəlxalq Bankı gözlənilmədən restrukturizasiya planının müddətinin üç ay uzadıldığını bildirmişdi, amma bunun səbəblərini açıqlamamışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti