İstixanada xiyar tağlarının arasında marixuana əkən Maştağa sakini: “Gördüm ki, gizlədə bilməyəcəm...”

İstixanada xiyar tağlarının arasında marixuana əkən Maştağa sakini: “Gördüm ki, gizlədə bilməyəcəm...”
Загрузка...
Narkotik vasitələrin istifadəçisi olan Maştağa qəsəbə sakini həyətindəki ixtixanada, xiyar tağlarının arasında marixuana becərib, amma ondan istifadə edə bilməyib. Virtualaz.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik bitkilərin kultivasiyasında ittiham olunan 40 yaşlı Bakı şəhər sakini Rövşən Xalıqovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
İttihama görə, Rövşən Xalıqov Sabunçu rayonu, Maştağa qəsəbəsində həyətyanı sahədəki istixanada narkotik vasitə olan çətənə bitkisi yetişdirib və kultivasiya edib, yəni onu becərib.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ötən il sentyabr ayının 29-da R.Xalıqovun yaşadığı həyətdəki istixanaya baxış keçiriblər. Polis əməkdaşları baxış zamanı istixanadan (ümumi çəkisi 162, 663 qram) 30 ədəd çətənə kolları aşkar ediblər. Törətdiyi cinayət əməlinə görə R.Xalıqova Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs-qətimkan tədbiri seçilib.
Təqsirləndirilən R.Xalıqov ifadəsində babasına məxsus torpaq sahəsində istixana düzəldərək xiyar şitilləri əkdiyini deyib. Ötən ilin avqustunda şitillərin arasına çətənə toxumları da səpib. Onlara bir ay aqrotexniki qaydada qulluq edib. Əziyyəti hədər "getməyib”. Əkdiyi çətənə toxumlarından 30 ədədi bitib. Bundan həvəslənən R.Xalıqov onlara qulluq göstərməyə davam edib. Amma Maştağa sakinini polisə "satıblar” və sentyabrın 29-da polislər onun qapısını döyüb. Həyətdə narkotik vasitə əkib becərməsi barədə məlumatları olduğunu deyərək istixanaya baxış keçiriblər.
”Heç nəyi gizlədə bilməyəcəyimi başa düşüb onları istixanaya apardım. Xiyar şitillərinin arasında əkdiyim çətənə kollarını göstərdim. Polislər həmin çətənə kollarını aqronomun və hal şahidlərinin iştirakı ilə torpaqdan çıxartdılar. Eyni zamanda çətənə kolları bitdiyi yerdən torpaq nümunəsi də götürdülər”.
Şahid qismində dindirilən əməliyyat müvəkkili Fərhad Məmmədov ifadəsində R.Xalıqovun həyətyanı sahədə narkotik vasitələr becərməsi barədə məlumatlar daxil olduğunu göstərib. O, hal şahidlərinin iştirakı ilə istixanaya baxış keçirildiyini deyib:”Rövşən narkotik əkib becərməklə məşğul olduğunu, hazırda istixanada marixuana əkdiyini dedi. Hal şahidlərini iştirakı ilə həyətyanı sahəyə baxış keçirildi. Baxış zamanı istixanada həqiqətən də xüsusi qaydada qulluq edilmiş çətənə kolları aşkarlandı”.
Şahid qismində dindirilən digər polis əməkdaşı Mehman Teymurov da eyni məzmunlu ifadə verib. Məhkəmənin hökmü ilə Rövşən Xalıqov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti