FHN zabiti quldur dəstəsi qurub evləri oğurlamağa yollandı

FHN zabiti quldur dəstəsi qurub evləri oğurlamağa yollandı
Загрузка...
Badamdar qəsəbəsindəki mənzillərə qənim kəsilən, silsilə oğurluqlar törədən mütəşəkkil dəstə üzvləri məhkəmə önünə çıxarılıb. Dəstənin fəal üzvlərindən biri Fövqəladə Hallar Nazirliyinin baş leytenantı Nicat Əliyev olub. Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluqlar törətməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin – 30 yaşlı Orxan Quliyev, 26 yaşlı Nicat Əliyev, 32 yaşlı Təhməz Əsgərov, 26 yaşlı Rişan Bayramov, 25 yaşlı Camal Heydərov və 24 yaşlı Cavid İsazədənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. İstintaq zamanı müəyyən edilib ki, oğru dəstəsinin əsas hədəfi Badamdar qəsəbəsindəki mənzillər olub. Onlar adı çəkilən qəsəbədə müxtəlif vaxtlarda 10 mənzil və bir mağazadan külli miqdarda pul, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlayıblar.
 
Dəstənin fəal üzvü Nicat Əliyev Fövqəladə Hallar Nazirliyində müfəttiş vəzifəsində işləyib. Onun baş leytenant rütbəsində xidmət etdiyi müəyyən edilib. Mənzillərdən oğurlanan qızıl-zinət əşyalarını da məhz Nicat Əliyev "Moskva” univermağında "əridə” bilib. Banda üzvləri oğurluq edəcəkləri mənzillərin yerini əvvəlcədən müəyyənləşdiriblər. Bir neçə evdən oğurluq etmək təklifi isə dəstə üzvü Orxan Quliyevdən gəlib. O, evdə olmayan qonşuları barədə "həmkarları”na qabaqcadan məlumat verib. Oğurluğa girdikləri həyət evlərində, bir qayda olaraq, darvazanı arxadan bağlayıblar. 

İlk oğurluq uğursuz olub – cəmi 200 manat 

Ötən ilin noyabrından etibarən dəstə üzvləri mənzilləri qarət etməyə başlayıblar. İlk hədəfləri heç də uğurlu alınmayıb. Badamdarda yaşayan gömrük əməkdaşının evinə soxulan dəstə üzvləri oradan suyu süzülə-süzülə çıxıblar. Belə ki, mənzildən əliboş qayıtmaq istəməyən "çağırılmamış qonaqlar”ın payına cəmisi 200 manat "xırda pul” və bir qədər bijuteriya düşüb. Növbəti oğurluq da birincidən fərqlənməyib. Mənzil sahibinin evdə olmamasını müəyyən etmək üçün pusqu qurublar. Evə pəncərədən keçərək yataq otağının altını-üstünə çeviriblər. Cəmi 100 manat pul tapıblar.
 
"Təcrübə” toplayan qarətçilər  
 
Qonşuluqda yaşayan Ayna Sadıqova da dəstə üzvlərinin qarətinə tuş gəlib. Oğru dəstəsinin bu dəfə bəxti gətirib. Onlara mənzildən külli miqdarda - 22 min manat yaxın qızıl-zinət əşyaları aparmağa müvəffəq olublar. Sonuncu qarət dəstə üzvlərini daha çox şirnikdirib. Ardınca çoxsaylı mənzillər soxulan banda üzvləri ev sahiblərinə külli miqdarda zərər vurublar. Onlar Azad Əliyevin mənzilindən 12 min manat, Mərahim Əliyevin mənzilindən 17 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
 
Təqsirləndirilən Nicat Əliyev ifadəsində Nicat Əliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində mənzillərdən oğurladıqları qızıl-zinət əşyalarını "Moskva” univermağında satdıqlarını göstərib: "Azad Əliyevə məxsus evin pəncərəsi küçəyə baxırdı. Pəncərənin nəfəsliyini Rişan açdı, Təhməzlə birlikdə içəri daxil olduq. Evdən bir noutbuk, bankada xırda pullar götürüb çıxdıq. Həmin evdən qızıl-zinət əşyaları götürməmişik. Vüqar Əliyevin həyətinə Camalla daxil olduq, Orxansa pusquda dayandı. Mənzildən 200 manat pul və bijuteriya oğurladıq. Mərahim Ələkbərovun evindən cəmisi 250 manat aparmışıq. Evdə qızıl olmayıb. Orada göstərilən 17 min manatla razı deyiləm”.
 
"Təhsilimi davam etdirməyə gedəcəkdim, xarici pasportum yox idi”
 
Təqsirləndirilən Cavid İsazadə ifadəsində təhsilini davam etdirmək üçün Türkiyəyə getmək istədiyini, lakin xarici pasportu olmadığndan gedə bilmədiyini deyib: "Ötən ilin fevralında Nicatla Rişan oğurluqda iştirak etməyi təklif etdilər, pul qazanacağımı dedilər. Həmin ərəfədə işləmək və təhsilimi davam etdirmək üçün Türkiyəyə getmək istəyirdim. Amma xarici pasport almağa pulum yox idi. Ona görə də razılaşdım”.
Ertəsi gün C.İsazadə oğurluqdan əldə olunan puldan ona çatan 40 manata xarici pasport almaq üçün "Asan xidmət”ə yollanıb. Amma həbs olunub. Ona xarici pasportu polis bölməsində veriblər.
 
"İttihamda yazılanlar şişirdilib”
 
Təqsirləndirilən Təhməz Əsgərov ifadəsində Badamdar qəsəbəsində darvazasına qırmızı lent bağlanan mənzilə Nicat, Orxan və Rişanla birlikdə oğurluğa girdiklərini göstərib: "Bir ədəd noutbuk və bankada xırda pullar götürüb evi tərk etmişik. Mənzildən qızıl-zinət əşyaları götürməmişik. İttihamda göstərilən məbləğlə razı deyiləm. Məbləğ şişirdilib”.
 
Gömrük əməkdaşının evindən oğurlanan xırda pullar və bijuteriya
 
Uzun illər gömrük orqanlarında xidmət etdiyini deyən Vüqar Əliyev ifadəsində ailə üzvləri evdə olmayan zaman mənzildən oğurluq edildiyini göstərib: "Uşağı hazırlığa aparıb geri qayıdarkən qapının açıq olduğunu, qıfılın sındırıldığını görüblər. Zəng vurub bu barədə mənə dedilər. İşdən evə gəldim. Yataq otağından 200 manatlıq bijuteriyanın və 200 manatlıq pulun oğurlandığını gördüm. Bu barədə polisə məlumat vermədim. Amma iki aydan sonra zəng vurub məni bölməyə dəvət etdilər. Orada məlum oldu ki, mənzildən oğurluq edənlər tutulub”.
 
 "Qızımın toyundan qayıdanda gördük ki...”
 
Zərərçəkmiş Azad Əliyev ifadəsində hadisə baş verən qızının toy məclisi olduğunu, ailə üzvləri və qohumları ilə birgə axşam saat 18 radələrində şadlıq evinə getdiklərini, gecədən xeyli keçmiş evə qayıtdıqlarını göstərib: "Toydan qayıdanda gördük ki, həyətin darvazası arxadan bağlanıb, küçəyə baxan pəncərə isə açıqdır. Evə girməyib 102 xidmətinə zəng vurdum. Mənzildən 11 min manatdan çox qızıl-zinət əşyaları oğurlanıb”.
 
 "Qadın sağlamlıq mərkəzi açmaq istəyirdim”
 
Sahibkarlıqla məşğul olan Əbdüləzim Mustafayev ifadəsində qadın sağlamlıq mərkəzi açmaq üçün Badamdar qəsəbəsində qeyri yaşayış sahəsi icarəyə götürdüyünü deyib:”Bunun üçün müxtəlif məişət avadanlıqları - 9 ədəd kondisioner, ütü, çaynik və s. alıb qoymuşdum. Həmin mallara 8 min manatdan çox pul vermişdim. İşçilərdən əşyaların oğurlandığını eşidib 102 xidmətinə zəng vurdum. Oğurlanmış əşyalardan kondisionerlər polis əməkdaşları tərəfindən qaytarıldı”. Məhkəmə prosesi yanvarın 17-də davam edəcək.
Загрузка...
Загрузка...

Xəbər lenti