''Əli Həsənov jurnalistlərə öz peşə vicdanına qarşı getməli olduqlarını deyir''

''Əli Həsənov jurnalistlərə öz peşə vicdanına qarşı getməli olduqlarını deyir''
Загрузка...
Prezident köməkçi jurnalistlərin İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini bəyan edib
Yanvarın 30-da jurnalistlər üçün tikilmiş ikinci binadan mənzil alan KİV nümayəndələrinə açarların təqdim edilməsi mərasimində Əli Həsənov diqqət doğuran açıqlama verib. O, jurnalistlərin Azərbaycan prezidentinin dostları olduqlarını və seçkilərdə İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini bəyan edib.
Şahin Hacıyev. "Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev hesab edir ki, Əli Həsənovun dedikləri ənənəvidir və həmişə istədiyini fakt kimi qeyd edir: "Əli Həsənov özünü inandırmağa çalışır ki, bu, məhz belədir. Bəli, hakimiyyət istərdi ki, bütövlükdə mətbuatı nəzarətə götürsün. Məsələ ondadır ki, mətbuat, media anlayışı 10 il əvvəlkindən fərqlənir, vətəndaş jurnalistikası, sosial şəbəkələr ictimai rəyə daha çox təsir edir, nəinki yerli televiziyalar. Ona görə də bu cür çıxışlar sovetdənqalma demoqogiyadır. Sovet dövründə kommunistlər özləri bəyanat verib, özləri inandıqları kimi”.
Şahin Hacıyevin sözlərinə görə, dövlətin siyasəti mətbuatı nəzarətə almaq, onu istədiyi istiqamətə yönəltmək və müstəqil medianın ictimai rəyə təsirini minimum endirməkdən ibarətdir: "Bu gedişatda bir amil də var, Əli Həsənov hər şeydən əlavə öz missiyasının təsdiq olunmasına ehtiyac duyur. Yəni bu işləri görürəm, nəticəsi də budur. Əli Həsənovun jurnalistlərin əhval-ruhiyyəsindən xəbəri yoxdur. Məsələ ondadır ki, bu prosesə qoşulanlar axşam bazarı olduğunu bilir, nə verirlərsə, almaq lazımdır düşüncəsi ilə yanaşırlar. Ancaq bu, heç də həmin adamların əqidəsinin Əli Həsənovla üst-üstə düşdüyü anlamına gəlmir”.
Rəşid Hacılı.
Media Hüquq İnstitutunun direktoru Rəşid Hacılı hesab edir ki, Əli Həsənovun çağırışının içində xeyli mətləblər gizlənib: "Birinci, cənab Həsənov prezidentin köməkçisidir və onun prezidentin hakimiyyətdə qalması üçün çalışması təbiidir. O, media ilə bağlı hər bir qərarında, hər addımında bunu düşünməlidir və düşünür: "Necə edim ki, media məndən o qədər asılı olsun ki, mən deyəndə prezidenti dəstəkləyin, desinlər: "Baş üstə”. Mən deyəndə ki, prezidentin rəqiblərinə döşəyin, desinlər: "Baş üstə". Yəni bu, onun missiyasıdır. Mediaya açıq və gizli qrantlar verərkən, mükafatlar, mənzillər paylayarkən, televiziya və radiolara lisenziya verərkən və ya bundan məhrum edərkən də bunu düşünür. İndi əkdiyi toxumların, xərclədiyi pulların nəticəsini istəyir”.
Rəşid Hacılı deyir ki, Əli Həsənov jurnalistləri açıq-aşkar jurnalist etikasını pozmağa çağırır: "Əli Həsənov jurnalistlərə öz peşə vicdanına qarşı getməli olduqlarını deyir. Axı siz prezidenti jurnalistlərin dostu saymışdınız, buyurun, dostluğunuzu göstərin deyir. Yəni o zaman vicdanınızı büküb cibinizə qoymuşdunuzsa, indi niyə etməyəsiniz, deyə düşünür. Təəssüf ki, Ə.Həsənov öz missiyasını həddən çox uğurla yerinə yetirə bilib. Mən deyərdim, 200 faiz. Amma bir maraqlı məqam da var. Niyə belə açıq-aşkar qeyri-etik çağırış etsin ki? Bunu sadəcə öz əlinin altında olan media və jurnalistlərə örtülü mesajla ötürə bilməzdimi? Niyə jurnalistləri rəzil durumda göstərməyə cəhd etsin ki? Buna vadar edən səbəblər olmalıdır. Gerçəkdənmi onun öz xidmətlərini, öz rolunu belə açıq qabartmağa, səsləndirməyə ehtiyacı var? Bəzən elə gəlir ki, o, bu mesajı jurnalistlərə yox, başqa zümrəyə eşitdirir”.
Azər Qasımlı.
REAL İdarə Heyətinin üzvü Azər Qasımlı isə hesab edir ki, Əli Həsənov çox açıq danışıb, heç nəyi gizlətməyib: "Əli Həsənov açıq şəkildə deyir ki, mənzili vermişik, deməli, siz də səsinizi verməlisiniz. Yəni sizi satın almışıq. Biz o mənzilləri ona görə veririk ki, sabah xoşagəlməz situasiya yarananda yanımızda olasınız. Ümumiyyətlə, hakimiyyətin qaydalarından kənara çıxmayasınız”.
Azər Qasımlı hesab edir ki, medianın azad olması, icra hakimiyyətinə bağlı olmaması dəfələrlə ifadə olunub: "Media azadlığı deyəndə, şəffaf reklam bazarından söhbət gedir. Jurnalistlər elə məvacib almalıdırlar ki, mənzili özləri ala bilsinlər. Yaxud ipoteka sistemi, bankların kredit faizləri liberal bazar iqtisadiyyatı şəklində qurulmalıdır ki, azad media üçün şərait yaradılsın. Nəticədə jurnalistlərə heç kim hədiyyə verməsin. İndi kim musiqinin pulunu verirsə, sifarişi də o verir, oynayanlar da jurnalistlər olur”. (Meydan.tv)
Загрузка...
Загрузка...

Xəbər lenti