Əfqan Muxtarlı yaxınlarının 40 mərasiminə buraxılmır

Əfqan Muxtarlı yaxınlarının 40 mərasiminə buraxılmır
Загрузка...
Əfqan Muxtarlı Vəkilin Penitensiar Xidmətə ünvanlandığı müraciətə cavab verilməyib
Vəkil Nemət Kərimli həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının yaxınlarının hüzr mərasimində iştirakı üçün Penitensiar Xidmətin Baş İdarəsinə müraciət edib. Vəkil Meydan TV-yə deyib ki, fevralın 5-də müraciət etsə də, bugünədək cavab verilməyib. Fevralın 8-də Ə.Muxtarlının yaxınlarının 40 mərasimi keçiriləcək. Jurnalistin bacısı Nuranə Muxtarlı, bacısı və qardaşı qızları 2017-ci il dekabrın 31-də yaşadıqları mənzildə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Yanvarın 5-də Balakən Rayon Məhkəməsi, daha sonra isə Şəki Penitensiar Müəssisəsi vəkillərin Ə.Muxtarlının hüzr mərasiminə buraxılması haqqında müraciətlərini təmin etməyib. Azərbaycan hökuməti ABŞ Dövlət Departamentinin, eləcə də Avropa jurnalist və hüquq-mudafiə təşkilatlarının çağırışlarına da məhəl qoymayıb. Bu yaxınlarda isə Böyük Britaniyanın xariçi işlər naziri Alan Dunkan İcmalar Palatasının saytında yerləşdirilən yazılı sualları cavablandırarkən jurnalistin həbsi haqqında narahatlığını ifadə edib.
"Biz Əfqan Muxtarlının Balakən Rayon Məhkəməsində keçirilən məhkəmə prosesini və məhkəmə qərarının siyasi motivli olduğunu, onun həbsinin Azərbaycanda jurnalistlər, siyasi fəallar və hüquq müdafiəçilərinə elan olunan hökmlərin bir nümunəsi hesab edirik. Biz Azərbaycan hakimiyyətinə təcili olaraq işə baxılması üçün çağırışlarımızı davam etdiririk. Bizim Azərbaycandakı səfirlik Əfqan Muxtarlı işini Azərbaycan hökuməti qarşısında qaldırmaqda davam edəcək. Biz cənab Muxtarlının vəfat edən ailə üzvlərinin dəfn mərasimində iştirakı ilə bağlı müraciətdən də xəbərdarıq”.
Alan Dunkan Britaniyanın Tbilisidə yerləşən səfirliyinin Gürcüstandakı prosesləri izlədiyini də bildirib. "Bizim Əfqan Muxtarlının Gürcüstanda oğurlanması iddialarına dair ciddi narahatlığımız var. Tbilisidəki səfirliyimiz cənab Muxtarlının oğurlanması məsələsini Gürcüstan hökuməti qarşısında qaldırıb. Biz Gürcüstan hökumətini mümkün qədər tez açıq və şəffaf araşdırma aparmağa çağırmışıq”. Alan Dunkan bu açıqlamanı Britaniya Parlamentinin İcmalar Palatasının deputatı İan Austinin yanvarın 19-da ünvanladığı suallara cavab olaraq verib. İan Austinin məktubunda Ə.Muxtarlının Tbilisidən oğurlanaraq Azərbaycana gətirildiyi, faciəvi şəkildə ölən yaxınlarının yasına buraxılmadığı və 6 il müddətinə azadlıqdan məhrum edildiyi qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycan hökumətinin mətbuat azadlığı və insan hüquq və azadlıqlarına qarşı hücumu Avropa İnsan Haqları Konvensiyasının açıq şəkildə pozulması hallarıdır.
Siyasi Məhbusların Müdafiəsi Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Meydan TV-yə açıqlamasında bildirib ki, Ə.Muxtarlının yas mərasiminə buraxılmaması hökumətin qisasçılıq mövqeyi ilə bağlıdır: "Praktikada siyasi məhbusların yas mərasiminə buraxılması ilə yanaşı buraxılmaması halları da olub. Məsələn, Nemət Pənahlı və Səid Dadaşbəyli valideynlərinin yas mərasiminə buraxılmadı. Bunun səbəbi hökumətin həm qisasçılıq mövqeyi, həm də bu məhbusların səsinin dünya ictimaiyyətinə yetəri qədər çatdırılmaması ilə bağlı idi. Amma Əfqan Muxtarlı işində məsələ fərqlidir. Beynəlxalq ictimaiyyət onun oğurlanması və həbsi ilə bağlı yetərli qədər məlumatlıdır. Onun dəfnə və yasa buraxılmaması hökumətin sırf qisasçılıq mövqeyi ilə bağlıdır”.
Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Muxtarlının ilkin istintaq və məhkəmə istintaqında verdiyi ifadələrinə görə, o, Tbilisidə cinayət polisi geyimində olan şəxslər tərəfindən saxlanılıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub. Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə maddəsi (315.2), dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Jurnalist məhkəmədə çıxışı zamanı həbs səbəbinin prezident İlham Əliyevin ailə üzvlərinin Gürcüstandakı biznesi haqqında yazdığı araşdırmalar, sosial şəbəkələrdə Azərbaycan hökumətinin siyasətini tənqid edən statusları ilə bağlı olduğunu bildirib. Ə. Muxtarlı yanvarın 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır. Beynəlxalq Amnistiya təşkilatı onu vicdan məhbusu elan edib.
Загрузка...
Загрузка...

Xəbər lenti