'Bir qardaşın təşkilatına görə o birinə ittiham verilib'

'Bir qardaşın təşkilatına görə o birinə ittiham verilib'
Загрузка...
 «Əziz Orucova verilən ittihamın əsasında Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşlarının birgə rəyi dayanır. O rəyə imza atan adamlar çağrılıb dindirilsinlər, görək ki, Anar Orucovun rəhbərlik etdiyi təşkilatın («Qafqaz Media Tədqiqatlar Mərkəzi» İctimai Birliyi) məsuliyyətini hansı əsasla onun qardaşı Əziz Orucovun üzərinə qoyublar», – vəkil Cavad Cavadov məhkəmədə belə bir vəsatət qaldırıb.
«Kanal 13» internet televiziyasının icraçı direktoru Ə.Orucovun 6 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Fevralın 6-da ilkin baxış iclasında jurnalistin zaldakı səs keçirməyən şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsi, məhkəmə prosesinin audio- və videoyazısına icazə verilməsi haqda vəsatətlər qaldırılıb. Amma vəsatətlər təmin olunmayıb.
Vəkil C.Cavadov həmçinin, Ə.Orucov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, bu olmasa belə, məhkəmənin yekun qərarına qədər onun girov müqabilində azadlığa buraxılmasını istəyib. Bu vəsatətlər də rədd olunub. Müdafiə tərəfinin daha bir vəsatəti isə jurnalistin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılması haqda olub.
C.Cavadov deyir ki, Ə.Orucova «Qafqaz Media Tədqiqatlar Mərkəzi» İctimai Birliyinin fəaliyyətinə görə ittiham verilib. Amma onun bu təşkilata aidiyyəti yoxdur. Bu quruma bir neçə ildir Almaniyada yaşayan qardaşı A.Orucov rəhbərlik edib: «Qismən də olsa, məhkəmə istintaqı keçirilsin, rəy vermiş mütəxəssislər çağrılıb dindirilsinlər. Gəlsinlər, verdikləri rəyi əsaslandırsınlar. Biz də bilək ki, Əziz Orucov ona aid olmayan təşkilatı fəaliyyətinə görə niyə məsuliyyət daşımalıdır».
Bu məsələdə də məhkəmə müdafiə tərəfinə «yox» deyib. Məhkəmə baxışı fevralın 20-nə təyin olunub. Həbsdə olan jurnalistin həyat yoldaşı Lamiyə Orucova AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsindən heç bir gözləntisi yoxdur: «Əziz Orucovu, hətta şüşə kabinədən belə çıxarmaq istəmirlərsə, belə məhkəmədən ədalətli qərarı necə gözləyim?».
Xatırlatma
Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Orucova 6 il həbs cəzası verib. Ə.Orucov ittihamları qəbul etmir. Almaniyada mühacir olan A.Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub. Ancaq rəsmilər ölkədə peşə fəaliyyətinə görə jurnalistlərin həbs olunması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar iddia edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.
Загрузка...
Загрузка...

Xəbər lenti