Загрузка...

Bayıl: Sürüşmə ərazisindəki sakinlərin evləri necə olacaq ?

Bayıl: Sürüşmə ərazisindəki sakinlərin evləri necə olacaq ?
Загрузка...
 Bayılda sürüşmə ərazisində yaşayan sakinlər gələcək talelərindən narahatdırlar
Tahirə Əliyeva 22 ildən çoxdur ki, Bayılda sürüşmə ərazisində məskunlaşıb. Sürüşmə prosesi aktivləşəndən sonra isə Səbail rayon 163 nömrəli məktəbdə yaradılmış müvəqqəti sığınacağa köçürülüb. Tahirə xanım BBC Azərbaycancaya deyir ki, onun və o ərazidə yaşayanların əksəriyyətinin evlərinin sənədi yoxdur. "Hətta bizi sənədlərimiz olmadığı üçün öz evimizə də qeydiyyata salmırdılar. Axırda Konstitusiya Məhkəməsi qərar verdi ki, biz yaşadığımız ərazinin polis bölmələrinə qeydiyyata düşək"-Tahirə Əliyeva deyir. O bildirir ki, həmin vaxt ərazidə tikinti işləri yerli icra orqanlarının razılığı ilə aparılıb.
Tahirə Əliyevanın sözlərinə görə, indi hamı onlara "ürək-dirək verir".
"Kirayə haqqı ilə məni bir neçə ay süründürəcəklər. Sonra da evimi sökəcəklər, sübut edə bilməyəcəm. Hər hansı kompensasiya filan verməkdən də bəhs etmədilər". Sürüşmə zonasında məskunlaşan Mirvari İsmayılova deyir ki, "evi təxminən 10 əvvəl yerli icra orqanlarının icazəsi ilə tikiblər". "Bizə demədilər bura təhlükəli ərazidir, tikməyin. Elə kirayədən canımızı qurtarmağa yer axtarırdıq. İcazəsiz iki daşı üst-üstə qoya bilməzsən". Onun sözlərinə görə, yaşadıqları evin sənədi yoxdur və heç vaxt sənəd almaq üçün müvafiq dövlət orqanlarına müraciət etməyiblər, amma evlərə işıq və su sayğacları quraşdırılıb və kommunal xərcləri ödəyirlər.
"İcra hakimiyyətindən deyiblər ki, sənədləri qaydasında olanlar əvvəl kirayəyə, sonra da evə çıxaracaqlar".
 Sürüşmə ərazilərindəki evlərə sənəd verilmir Səbail Bələdiyyəsinin sədr müavini Qurban Abbasov BBC Azərbaycancaya deyib ki, "O ərazilər sürüşmə zonası olduğu üçün heç kimə sənəd verilmir".
O bildirir ki, tikinti işlərinə Səbail rayon icra hakimiyyətinin tikinti arxitektura idarəsi baxır. "Tikinti ilə bağlı əhali Bakı Şəhər İcra hakimiyyətinə və yerli icra hakimiyyətinə müraciət edir".
Sədr müavinin sözlərinə görə, Bayıl sürüşmə zonasıdır deyə orda nə tikinti aparılır, nə də torpaq vergisi yığılır. O əlavə edir ki, əhaliyə dəyən ziyana görə ödəniləcək kompensasiya yəqin ki, bu günki bazar qiyməti ilə ödəniləcək və buna komissiya qərar verəcək. Bayıl, sürüşmə, köçürülmə Səbail İcra Hakimiyyəti: "Komissiya nə qərar versə, onu icra edəcəyik"
Sabail İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov isə deyir ki, hazırda onların qurumu sürüşmə ərazisindən çıxarılan vətəndaşların məişət şəraitinin yaxşılaşdırılması ilə məşğuldur. "Dövlət kommisiyasının məlumatını gözləyirik. Komissiya nə qərar versə, biz icaçı orqan kimi onu həyata keçirəcəyik"- İsrafil Kərimov bildirir.
"Təzminat verilməsi evin sənədinin olub-olmamasından asılı deyil"
Əmlak məsələləri üzrə hüquqşünas Emin İsayev BBC Azərbaycancaya deyir ki, təhlükəli əraziyə düşən yaşayış yerlərindən köçürülməyə görə təzminat ödənilirr. "Qanunla komissiya dəymiş zərəri, evin dəyərini qiymətləndirməlidir"- Emin İsayev deyir. Onun sözlərinə görə, evin sənədinin olub-olmamağı komissiyanın qiymətləndirməsinə təsir etməməlidir. "Buna baxmayaraq, təcrübədə bəzən elə hallar olur ki, sənədli və sənədsiz evlərə görə fərqli təzminat ödənir".
Hüquqşünas bildirir ki, vətəndaşlar hesab etsələr ki, verilən təzminat adekvat deyil, bunu məhkəməyə müraciət edib mübahisələndirə bilərlər. Cənab İsayev deyir ki, sakinlər qiymətləndirmə qurumuna müraciət edib evin təxmini qiymətini dəqiqləşdirə bilərlər. Ancaq hələ ki, sakinlər hara köçürüləcəkləri və ya ev almaları üçün onlara pul vəsaiti verilib-verilməyəcəyi ilə bağlı suallarına cavab ala bilmirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti