‘Baş nazirin müavini postları ləğv edilməlidir...’

‘Baş nazirin müavini postları ləğv edilməlidir...’
Загрузка...
Aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərindən sonra hökumətin iqtisadi siyasəti və manatın taleyi indinin özündə belə müzakirə mövzusuna çevrilib. Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan iqtisadçı Əli Əlirzayev güman edir ki, aprelin 11-dən sonra da mövcud iqtisadi kurs davam edəcək: "Çünki prezident və ətrafı da neçə illərdir aparılan kurs əsasında işləyiblər. Ola bilər ki, riskli addımlar atılsın və Heydər Əliyevin varisi köklü dəyişikliklər edə bilər, edəcək də”.
"Bəzi məmurların özbaşınalığına son qoyulsun”
Bəs Əli Əlirzayev köklü dəyişikliklər deyəndə nəyi nəzərdə tutur?
"Mən keyfiyyət dəyişikliklərinə diqqət yönəltmək istəyirəm. Səhiyyə yaxşılaşsın, təhsilin səviyyəsi artsın, bürokratizm aradan qalxsın, bəzi məmurların özbaşınalığına son qoyulsun. Yəni 15 il hakimiyyətdə olan prezident qarşıdakı 7 ildə sadaladığım problemləri həll etsin. Mən bunları gözləyirəm”. 

""Kölgə iqtisadiyyatı” ləğv olunmalıdır”
 
İqtisadçı-alim Nazim Bəydəmirli isə deyib ki, iqtisadiyyatda ciddi dəyişiklik bir sıra mühüm amillərdən asılıdır. Nazim Bəydəmirli O, bildirib ki, bundan ötrü məmur sahibkarlığı, inhisarçılıq aradan qaldırılmalıdır: "Gəlirləri artırmaq üçün "kölgə iqtisadiyyatı” ləğv olunmalıdır. Bunun yeganə yolu inhisarçılığın, məmur sahibkarlığına son qoyulması və azad sahibkarlığa münbit şəraitin yaradılmasından keçir”.
"Bu, Gürcüstan modelidir”
Nazim Bəydəmirli deyib ki, bununla bərabər dövlət öz xərclərini azaltmaq məqsədi ilə idarəetmədə struktur islahatları aparmalı, baş nazirin 6 müavini postları ləğv edilməli, baş nazir və 17 nazir saxlanmalıdır: "Onların içindən də 2 nəfər ictimai əsaslarla baş nazir müavini olaraq qalmalıdır. Bu, Gürcüstan modelidir. Eyni zamanda, vergi, gömrük islahatları ciddi şəkildə aparılmalıdır, gömrüyün vergi yığma funksiyası vergilər nazirliyinə birləşdirilməlidir. İkili mühasibatlıqları götürmək üçün əmək haqqından tutulan 39 faiz 20 faizə endirilməlidir. Əgər sadaladıqlarım olmasa, heç nə gözləmirəm”.
"İdxalı tədricən aradan qaldırmaq lazımdır”

  Əli Əlirzayev
Əli Əlirzayev da deyib ki, milli valyutanı daimi olaraq inzibati yolla saxlamağı qeyri-mümkün sayır: "Dolların uçot dərəcəsinin artması və onunla manat arasındakı fərqi inzibati yolla tənzimləmək iqtisadiyyatın inkişafına mənfi təsir edir. Dollardan uzaqlaşmaq, asılılığı azaltmaq lazımdır. Yəni Azərbaycan öz məhsullarını istehsal etməli, inhisarçılığı məhdudlaşdırmaq vacibdir. Neftin qiymətinin qalxması hesabına ölkəyə dollar gəlir. Amma idxalı tədricən aradan qaldırmaq lazımdır. Əlbəttə, 10 illik hədəflər müəyyən edildikdən sonra bunları etmək mümkündür”.
Nazim Bəydəmirli isə vurğulayıb ki, manatın kursu illər boyu neftin qiymətindən asılıdır. Onun fikrincə, bu asılılıq, hələ davam edəcək. "Çünki ölkənin əsas ixrac məhsulu neftdir. Neftin qiyməti hətta 45 dollara düşəcəyi təqdirdə belə manatın indiki kursu saxlanıla bilər. Dünyada siyasi-iqtisadi proseslər göstərir ki, enerji qaynaqlarının qiyməti 60-70 dollar civarında qalacaq, bu mənada manata təhdidlər hələ ki, yoxdur”
Xatırlatma
Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi. Prezident seçkilərində ümumilikdə 8 şəxsin namizədliyi qeydə alınıb. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və «Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb. Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, azad və ədalətli seçkilərə şərait yoxdur. Ancaq Mərkəzi Seçkilər Komissiyasının sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.
Загрузка...
Загрузка...

Xəbər lenti