Загрузка...

Bakıda 11 ailə acınacaqlı durumda - ''Mehriban xanıma arxalanıb haqqımızı tələb edirik...''

Bakıda 11 ailə acınacaqlı durumda - ''Mehriban xanıma arxalanıb haqqımızı tələb edirik...''
Загрузка...
Çox uzaqda deyilik. Bakının mərkəzində, Respublika Perinatal Mərkəzinin arxasındayıq. Binanın çöl görüntüsü çox səliqə sahmanlı göründüyündən, biz də bu ünvana tərəddüdlə gəldik. Gördüyümüz mənzərə isə bizi doğrudan da riqqətə gətirdi. Bu mənzərəni Xətai rayonu Yusif Səfərov küçəsi 12 a ünvanında lentə almışıq. Şəhərin tən ortasında müvəqqəti məskunlaşmış 11 məcburi köçkün ailəsinin yaşayış vəziyyəti doğrudan da çox acınacaqlıdır.

Kadrlardan da göründüyü kimi, şərait dözülməz həddə çatıb. Dəhlizlər keçilməz həddədir. Hətta otaqlarda belə binanın zirzəmisindən gələn üfunət iyindən beş dəqiqə belə ayaq saxlamaq mümkün deyil. Düz 25 ildir məcburi köçkünlərin yerləşdirildiyi bu ünvan əvvəllər istifadəyə yararsız halda olan uşaq bağçası olub.
Şuşa və Ağdamdan olan 11 məcburi köçkün ailəsi dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların səsisə səs verən olmayıb: "Düz 25 ildir burdayıq. Döymədiyimiz qapı, müraciət etmədiyimiz təşkilat qalmayıb. Biz başqa şey istəmirik. Cəmi 11 ailə var. Övladlarımız özümüz boydadır. Hələ də bu bir otaqda kanalizasiya iyindən boğula-boğula yaşayırıq.

Dəfələrlə Xətai RİH-ə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə, YAP-ın Xətai rayon təşkilatına belə müraciət eləmişik. Gəlirlər, siyahıya alıb geri dönürlər. Mən şəhid bacısıyam. Yoldaşım ikinci qrup Qarabağ əlilidir. İnanın Allaha, bu günə kimi hansı qapını döymüşəm, üzümə geri çeviriblər. Biz yemək, geymək, çörək istəmirik. Axı bu şəraitdə insan yaşamaz. Bu otağı oğlumu evləndirdiyim üçün təmir elədim. Amma nə olsun? Üfunət iyindən dayanmaq olmur. Heç kim inanmaz ki, biz qışda da ağcaqanad dərmanı yandırırıq".
Paytaxtın mərkəzində məskunlaşan 11 ailənin bir qaz sobası var. Hamam və ayaqyolu isə infeksiya mənbəyidir: "Yoldaşım xərçəng xəstəsidir, qızım. İllərdir bu qoxunu uda-uda yaşayır. Oğlum da ürəyindən əməliyyat olunub. Hər yerə müraciət etmişik. Bizim ümidimiz Mehriban xanım Əliyevayadır. Bilirik, eşidirik, görürük ki, o, məcburi köçkünlərin problemini həmişə diqqətdə saxlayır. Ondan imdad diləyirik. 70 yaşım var. İki dəfə döşəmə sökülüb, zirzəmiyə yıxılmışam, qıçım sınıb. Görün burda yaşamaq olar?"

Məcburi köçkünlərin məskunlaşdığı Yusif Səfərov küçəsi 12 a ünvanına Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nümayəndələri dəfələrlə baş çəkib, onların dözülməz şəraitdə yaşadıqlarının şahidi olublar. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi də binaya baxış keçirib. Mütəxəssislər baxış zamanı məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasının divarlarında müxtəlif ölçülü çatlar, beton döşəmədə dağılmalar müşahidə edildiyi, mənzillərin yaşayış üçün qeyri-qənaətbəxş olduğu haqda rəy veriblər.

Yaranmış vəziyyətlə əlaqədar sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi Bakı Şəhər və Xətai Rayon İcra hakimiyyətlərinə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib. Dövlət Komitəsindən isə müraciətə cavab olaraq bildirilib ki, hazırda Bakı və Bakı ətrafı ərazilərdə Azərbaycan prezidentinin fərman və sərəncamlarına əsasən yeni salınmış qəsəbələrdə və hündür mərtəbəli binalarda boş mənzil fondu olmadığından, problemin müsbət həlli hələlik imkan xaricindədir. Deyilənlərdən belə anladıq ki, ümid qalıb Allaha. Allahdan isə ümid kəsilməz, deyiblər.
Загрузка...
Загрузка...

Xəbər lenti