Загрузка...

Bakı sakini: İki şirkət pulumuzu mənimsəyib

Bakı sakini: İki şirkət pulumuzu mənimsəyib
Загрузка...
"Niyə cinayətkarlar, dələduzlar, fırıldaqçılar cəzalandırılmır?”
"Yasamalda yeni tikilən binada ev almaq üçün 26 min dollar ödədim, aldadıldım. İki şirkət pulumu mənimsədi”. Bakı sakini İlhamə Xasməmmədova belə deyir. O, Meydan TV-yə yazaraq, 2013-cü ildə aldadıldığını söyləyib: "2013-cü ilin mayında mənzil almaq üçün Yeni Yasamal yaşayış massivinə getdim. Tikinti şirkəti "Ulduz S” MMC-yə ilkin ödəniş kimi 26000 dollar ödədim. Mənzilin ümumi dəyəri isə 48 000 manat idi. Qalan hissəni aylara böldülər. Ayda 1100 manat ödəmək şərtilə müqavilə imzaladıq”.
İki şirkət pulumuzu öz aralarında bölüşdürüblər
İ. Xasməmmədova deyir ki, bundan sonra hər ay 1100 manatı özünü onlara şirkət rəhbərinin köməkçisi kimi tanıdan Fikrət Hacıyevə ödəyiblər: "Hətta özünü bizim qohum, yerlimiz adlandırırdı. Sonradan bildik ki, biz illərlə aldadılmışıq. Evi təhvil almağa çox az qalmış Fikrət Hacıyev bizə dedi ki, "Safarı N” şirkətinin rəhbəri İsfəndiyar Axundov binanı onların əlindən alıb. Bir sözlə, pulumuzu iki şirkət öz aralarında bölüşdürüblər. Təkcə pulumuzu yox, illərlə çəkdiyimiz əziyyətimizi, zəhmətimizi, ümidlərimizi də”.
Aldadılan da bizik, idarələrdə süründürülən də
Şikayətçi deyir ki, "Ulduz S” şirkətinə, daha doğrusu, Fikrət Hacıyevə ödədikləri pulları bugünədək geri ala bilməyiblər. Üstəlik, aidiyyatı qurumlara aldadılmaları ilə bağlı şikayət, müraciətlər etsələr də, onlar barəsində hər hansı tədbir görülməyib: "2013- cü ildən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Baş Prokurorluğa, polisə və s. müraciət etmişik. Üstəlik, aldadılıb, pulu əlindən alınan da tək mən deyiləm. Fikrət Hacıyev və Elçin Babayevdən şikayətçi yüzlərlə insan var. Ancaq onlar barəsində heç bir tədbir görülmür. Korrupsiyaya 5 ildir müraciət etmişik. Bu 5 ildə idarələrə şikayətə gedib-gəlməkdən bezmişik. Bizi qəbul edir, şikayətimizi dinləyib, yola salırlar. Aldadılan da bizik, idarələrdə süründürülən də. Sonda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bizə bildirildi ki, guya Elçin Babayev həbs edilib. Sonradan öyrəndik ki, o, həbs adı ilə hospitalda müalicə alır. Biz, ümumiyyətlə, Elçin Babayevin kim olduğunu bilmirik, üzünü görməmişik. Tanıdığımız Fikrət Hacıyevdir. İllərlə pulu ona ödəmişik. Tələbimiz Fikrət Hacıyev barəsində tədbir görülməsidir”. 

Mən dövlətdən çox şey istəmirəm ki…
İ.Xasməmmədova 2 azyaşlı uşaq anasıdır. Deyir, övladlarının hər ikisinin əqli və nitqi problemləri var: "Onların gələcəyi üçün gecə-gündüz çalışıb, boğazımdan kəsib, pul toplamışam. Onu da əlimdən alıb, vermirlər. Bu gün mən mənzil sahibi olmalıydım, ancaq idarələrin qarşısında sürünürəm. Boşuna çəkmişəm o qədər əziyyəti? Faktiki olaraq, iki azyaşlı, xəstə uşaqla bu gün küçələrdə qalmışam. O qədər ruhdan düşmüşəm ki, heç yerdə çalışa da bilmirəm. Uşaqlarım şəraitsiz yerdə qalmaqdan hər gün daha da pisləşirlər. Qüsurlu olduqlarına görə hara sığınıram problem yaranır. Biz hüquqi dövlətdə yaşayırıq axı. Niyə cinayətkarlar, dələduzlar, fırıldaqçılar cəzalandırılmır? Mən dövlətdən çox şey istəmirəm ki… İllərlə əziyyət çəkib qazandığım pulumu əlimdən alıblar, məni aldadıblar. Bir əl atsın, kömək etsin, pulumu alıb, mənə qaytarsınlar. Özümə gedib başqa yerdən də olsa bir ev alım”.
Aldadılan şəxs dərhal məhkəməyə müraciət etməli, zərərçəkmiş kimi tanınmalıdır
Hüquqşünas Yalçın İmanov deyir ki, belə olan zaman şikayətçi məhkəməyə müraciət etməlidir: "İlk iş onun zərərçəkmiş şəxs qismində tanınması olmalıdır. Bundan dərhal sonra o, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı cinayət işi çərçivəsində mülki iddia qaldırmalıdır. Dərhal dələduz MTK rəhbərinin əmlaklarının üzərinə qəbs qoyulması ilə bağlı vəsatət vermək lazımdır. Bundan sonra isə çıxarılacaq məhkəmə hökmünə ümid etmək qalır. Yox, əgər dələduz çox peşəkardırsa və adına olan bütün əmlaklarını satıb-sovub, ödəməyə heç nəyi yoxdursa, onda heç nə”.
Ötən il mayın 30-da Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, "Ulduz-S” MMC-nin rəhbəri Elçin Yaqub oğlu Babayev saxlanılıb. O, bir mənzili birdən çox şəxsə satdığına görə axtarışa verilmişdi.
Təqsirli şəxslər cəzalandırılıblar
Həmçinin ötən il fevralın 16-da Prezident Administrasiyası vətəndaşların ən çox şikayət etdiyi tikinti şirkətlərinin adını açıqlamışdı. Bildirilirdi ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində daxil olan şikayətlər vətəndaşların haqlı olduğunu bir daha təsdiq edir: "Bunlardan "Kristal Abşeron”, "Kristal-L”, "Fortis-Bayıl”, "İlin dörd fəsli”, "Belıy lebed”, "Şərur”, "Deluxe”, "Orbita”, "Badu-Kubə”, "Birlik”, "Xəmsə”, "Hasil”, "ARAZ-2011A”, "İnkişaf-S”, "Rahatlığın Məkanı-Gold”, "Ulduz-S”, "Murad M.S.”, "FVS İnşaat”, "BAKİNKOM”, "Yusifoğlu”, "AAAF İnşaat”, "Evrostroy Group”, "Akkord”, "Rahat”, "Orbit”, "Nur”, "Yüksəliş C”, "Olimp”, "İ.N.V.”, "Neftçi”, "Pərvin İnşaat”, "Azərros İK”, "Xəzər İnşaat-XXI əsr”, "Mur Ay”, "RT-LTD”, "Ələsgəroğlu-K”, "Svit Haus” və başqalarını qeyd etməliyik. Son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi başlanıb, vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilib. Məsələn, 2016-cı ildə "MTK Real”ın rəhbəri İlham Qasımov 15 il, "198 Saylı”, "200 Saylı” MTK-ların rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilib, digər MTK-ların - "Əli bəy”, "Əzizbəy-KM”, "AENT-E”, "Fateh-N”, "Badu-Kubə”, "Şahbulaq”, "Term”, "İDEAL-İ İnşaat”, "Mehriban Qonşular”, "Xətai-2”, "Ulduz-S”, "Azərtikinti ATF”, "Dərəçiçək”, "Fuad LTD”, "Birlik İnşaat” MTK, MMC və şirkətlərin rəhbərləri və digər məsul şəxsləri barədə cinayət işləri başlanıb.
Cinayət işlərinin bəzisi artıq yekunlaşıb, təqsirli şəxslər cəzalandırılıblar”. Fevralin Milli Məclis Mülki Məcəlləyə bəzi dəyişiklikləri təsdiqlədi. Dəyişikliklər tikintisi başa çatmayan, yəni tikintisinə icazə alınmış, lakin istismarına icazə verilməmiş binalardakı mənzillərə və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ ilə bağlıdır. Dəyişiklik Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndləri rəhbər tutularaq qərara alınıb.
Bu problemlərə son qoyacağı gözlənilir
Hüquqşünas Əkrəm Həsənov deyir ki, bu dəyişikliklər tikinti sahəsində olan bəzi özbaşınalıqlara son qoya bilər: "Əsas problemlər tikinti şirkətlərinin mənzilləri eyni zamanda bir neçə nəfərə satması və tikinti şirkətləri mənzillərə görə ödənişi alıb, tikintini başa çatdırmamasıdır. Və yaxud deyilən vaxtdan gec təhvil verməsidir. Məcəlləyə edilən dəyişikliklərin bu problemlərə son qoyacağı gözlənilir”.
Загрузка...
Загрузка...

Xəbər lenti