''Aşıq Ulduz binamızın qabağındakı meyvə bağını qırıb çayxana tikmək istəyir''

''Aşıq Ulduz binamızın qabağındakı meyvə bağını qırıb çayxana tikmək istəyir''
Загрузка...
Bina sakinləri: "Bağın yerində obyekt tikilsə, son nəfəsimiz də kəsilmiş olacaq”
"İyulun 13-dən günümüz qaradır. Hər dəfə meyvə bağını üzük qaşı kimi dövrəyə alırlar ki, ağacları kəsib, ərazini hasarlasınlar. 3 binanın 600 sakini tökülüşür küçəyə, sinəmizi sipər eləyirik, imkan vermirik. Çıxıb gedirlər, sonra yenə gəlirlər. Deyir, pul verib torpaq almamışam ki, üzünə baxım. Alımışam ki, çayxana tikim”. Bunu Meydan Tv-yə Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsindəki 3b binasının sakinləri deyir. Onların sözlərinə görə, meyvə bağını Ulduz Quliyeva (aşıq Ulduz) özəlləşdirib. Bir müddətdir ki, orada ağacları qoparıb çayxana tikməyə cəhd göstərir. 3, 3a və 3b binalarının sakinləri isə buna mane olur.
 
 
Sakin Sahib Məmmədov: "Yayda Ulduz xanım fəhlələrlə gəldi, özləri ilə "setka”, başqa alətlər də gətirmişdilər ki, ərazini çəpərləsinlər. Biz qarşısını aldıq, icra hakimiyyətinin nümayəndəsi də gəlib çıxdı, onları burdan uzaqlaşdırdı. Sonra da bir qonşuya məhkəmədən bildiriş gəldi. Məlum oldu ki, Ulduz xanım həmin adamı məhkəməyə verib ki, guya qonşu ona orada tikinti aparmağa mane olur. Halbuki, Ulduz xanıma tək o qonşu yox, hamımız mane oluruq”. Şikayətçi deyir, əvvəllər bir neçə binanın sakini ərazidəki Heydər parkında dincəlirmiş. İndi həmin parkda da tikintilər gedir deyə, sakinlər bu kiçik meyvə bağında toplaşıb istirahət edirlər. Bağda 30-35 ilin meyvə ağacları var. Ulduz xanım sakinlərə həmin ağacları başqa yerə köçürəcəyini deyir. Sakinlərsə bütün hallarda bağın yerində obyekt tikilməsinə qarşıdılar.
 
 Sahib Məmmədov: "Bu bağdan yola çıxışımız var. Azadlıq prospekti metrosuna və dayanacaqlara burdan keçib gedirik. Onsuz da hər tərəfi tikib bizi "həbsxanaya” salıblar. Bağın yerində obyekt tikilsə, son nəfəsimiz də kəsilmiş olacaq”.
Binəqədi bələdiyyəsinin keçmiş sədri 16 may 2006-cı ildə 164 saylı qərarla 3 saylı binanın qarşısındakı torpaq sahəsini Füzuli köçkünü Sahid Qasımova satıb. (Oxşar əməllərinə görə, həmin ərəfələrdə bələdiyyə sədri həbs olunaraq 8 illik həbsə məhkum olunub – red.) Sakinlərin iddiasına görə, alqı-satqı qanunsuz olub, çünki bələdiyyə binaların qarşısındakı həmin torpaq sahəsini sata bilməzdi, yalnız icarəyə verə bilərdi: "Torpaq sahəsinin saxta sənədinə qanuni don geyindirmək üçün 2013-cü ildə torpaq sahəsi əvvəlcə köçkünün adından aşıq Ulduzun adına keçirilib”.
1 saylı İnzibati-İqtisad Məhkəməsi də torpaq sahəsini Ulduz Quliyevanın adına təsdiqləyib. Sakinlərin "kökü saxtadır” dedikləri sənəd əsasında Ulduz Quliyevaya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 3 saylı binanın qarşısındakı torpaq sahəsinə "Çıxarış” verilib. Lakin həmin binanın qarşısında yer olmadığından Ulduz xanım qərara gəlib ki, çayxananı 3b binasının qarşısındakı kiçik bağın yerində tiksin. 

Sakin Nərminə Qasımova: "Alıb sənədinə baxanda görürük ki, bu adamın sənədindəki torpaq sahəsinin heç bizə aidiyyatı yoxdur. Onun yeri o tərəfdəki torpağadır, ora tikilib deyə, gəlib buranı zəbt etmək istəyir. Məhkəmə oldu, orda da üzə çıxdı ki, "Çıxarış” 3 saylı binanın qarşısındakı sahəyə verilib. Ulduz xanım baxıb ki, orda yer yoxdu, gəlib girib bu bağa… Daş atıb başını tutub ki, mən elə burda tikəcəm. Bir həftədir söhbət təzədən qızışıb. Yenə gəlib- gedirlər. Rəsmi qurumlara etdiyimiz müraciətlərə də ümumi cavablar alırıq”. Sakinlərin iddiasına görə, Ulduz xanımın üzərində çayxana tikmək istədiyi torpağın altından bir neçə binanın kommunikasiya xətləri keçir. Ulduz xanım sakinlərə deyib ki, tikintiyə başlamazdan əvvəl həmin xətləri çıxarıb kənar ərazidən çəkdirəcək, ağacları da kökündən çıxarıb başqa yerə köçürəcək. Qurumun sakinlərə göndərdiyi məktubda qeyd olunur ki, Süleyman Sani Axundov küçəsi, 3a saylı binanın yaxınlığındakı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 18.02.2017-ci il tarixli 1010097 saylı Çıxarışa əsasən Quliyeva Ulduz Əsgər qızının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binasına dair təqdim olunmuş memarlıq-planlaşdırmanın eskiz həlli Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 21 aprel 2017-ci il tarixli müvafiq məktubu ilə razılaşdırılıb. Sakinlərin istədiyi odur ki, Binəqədi rayon İcra Hakimiyyəti məhkəməyə müraciət edərək Ulduz Qliyevanın adına olan "Çıxarış”ı ləğv etdirsin. Qurumdansa Meydan Tv-yə bildirilib ki, sakinlərin narahatılığına əsas yoxdur. Hazırda ərazidə hər hansı tikinti işləri aparılmır və ərazi nəzarətdədir. Məhkəməyə müraciət olunub-olunmayacağı barədə hələlik konkret qərar yoxdur. Hüquqşünas Vaqif Alıyev deyir, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Dövlət qeydiyyatı ilə bağlı məhkəməyə müraciət oluna bilər. Ancaq bunu sakinlər yox, icra hakimiyyəti etməlidir.
Ulduz Quliyevadan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti