Aldadılan Ağdam sakini: ‘Teylor icra başçısının vassalı olub...’

Aldadılan Ağdam sakini: ‘Teylor icra başçısının vassalı olub...’
Загрузка...
Ağdam rayonunun icra başçısı Raqub Məmmədovun məhkəməyə çağrılıb dindirilməsi tələb olunur. Bu tələbi Ağdamda müxtəlif idarə və müəssisələrə işə düzəlməkdən ötrü sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimova (Fətişoğlu) pul verdiklərini iddia edən zərərçəkmişlər dilə gətirir. Onlar yanvarın 9-da T.İbrahimovun məhkəməsində bu tələblə çıxış ediblər. CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə suçlanan T.İbrahimovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Yanvarın 9-da keçirilən məhkəmədə T.İbrahimov hakimlərdən iki həftə vaxt istəyib. Deyib ki, səhhətində ciddi problemlər var və bu üzdən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb: "Hətta ola bilər ki, gələn dəfə məhkəmədə məni görməyəsiz…”
İki həftəlik möhləti isə zərərçəkmişlərdən alınan pulların qaytarılması, vurulmuş ziyanın ödənilməsi üçün istəyib. "Hamısını eləyən icra başçısıdır” Yaxınlarının həbsdən buraxılması, işə düzəlmək, vəzifədə irəli çəkilmək və başqa məqsədlə T.İbrahimova pul verdiklərini deyən zərərçəkmişlər bu işdə Ağdamın icra başçısını günahlandırdığına görə Raqub Məmmədov istintaqda dindirilib. Amma məhkəməyə gəlməkdən imtina edib. Məhkəməyə göndərdiyi teleqramda da yazıb ki, işi ilə əlaqədar məhkəməyə gələ bilmir, istintaqa ifadəsini təsdiqləyir. Zərərçəkmişlərdən İsmayıl Məmmədov icra başçısının məhkəməyə gəlməməsinə etiraz edib. Bildirib ki, mütləq çağrılıb dindirilməlidir.
"Teylor vassal olub. Bu işlərin hamısını eləyən icra başçısıdır. Mənim şikayətim də, tələbim də ondandır. Mən necə gəlmişəmsə, bütün şahidlər də gəlməlidir. Qanun qarşısında hamı bərabər olmalıdır. İcra başçısı məni qəbul eləyib, bu məsələyə görə "sən öl” vurub. Mənə "sən öl” vura bilir, bura gələ bilmir? Gəlsin, cavab versin…”, – zərərçəkmiş bildirib. İcra başçısının mütləq çağrılıb dindirilməsi məsələsində T.İbrahimov konkret fikir bildirməyib. Deyib ki, bu məsələni məhkəmənin öz ixtiyarına buraxır. Hakimlər T.İbrahimova yanvarın 19-na qədər vaxt verib.
Zərərçəkmişlər bildirirlər ki, T.İbrahimovun adamlardan pul alıb aldatmasından icra başçısının da xəbəri olub. Onların sözlərinə görə, T.İbrahimovu dəfələrlə icra başçısının yanında görüblər. Elə İbrahimov da onlara vəd verərkən, məsələni başçının köməyi ilə həll edəcəyini deyirmiş. Hətta bəzi zərərçəkmişlər aldandıqlarını biləndən sonra pullarını geri almaq üçün birbaşa icra başçısının yanına getdiklərini söyləyirlər.
İcra başçısı da istintaqa ifadəsində T.İbrahimovla münasibətləri olduğunu, onun adamları aldatdığını eşidəndən sonra zərərçəkmişlərin bəziləri ilə görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, zərərçəkmişlərə hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.
Загрузка...
Загрузка...

Xəbər lenti