17 il cəza alan ilahiyyatçı haqqında qərar dəyişdi

17 il cəza alan ilahiyyatçı haqqında qərar dəyişdi
Загрузка...
 Vəkil: ''Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham aktını hökmə köçürüb''
İlahiyyatçılar Elman Ağayev, Zülfüqar Mikayılov və daha on nəfərin ("Nardaran işi-3) 12 ildən 17 ilə qədər azadlıqdan məhrum edilməsinə dair hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi aprelin 6-da davam edib.
Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə əvvəlcə təqsirləndirilən Zülfüqar Mikayılovun vəkili Şəhla Hümbətovanın hüquqlarını müdafiə etdiyi şəxsə verilmiş cəzanın çəkilmə rejiminin ağırlaşdırılmasına dair qərardan verdiyi şikayətə baxılıb. Həmin qərar hökmdən sonra çıxarılıb. Hökmdə Z.Mikayılova verilmiş 17 illik cəzanın ciddi rejimli müəssisədə çəkməsi müəyyən edilib. Hökm çıxarılandan bir müddət sonra hökmə düzəliş barədə qərar çıxarıb, onun cəzasını xüsusi rejimdə cəkməsi nəzərdə tutulub. Bu qərardan verilmiş şikayət müzakirə olunarkən vəkil Şəhla Hümbətova onun qanunsuz və əsassız olduğunu bildirib.
Qeyd edib ki, hakimin sonradan hökmə belə bir dəyişiklik etmək səlahiyyəti yox idi. Müdafiəçi qərarın ləğv olunmasını xahiş edib. Prokuror bu şikayətin təmin olunmamasını istəsə də, hakimlər qərarı ləğv ediblər. Daha sonra vəkillər çıxış edərək, apelyasiya şikayətinin dəlilləri barədə danışıblar. Bildiriblər ki, təqsirləndirilən şəxslərin hamısı günahsızdır, onlara qarşı irəli sürülmüş dövlət çevrilişi, silah-sursat saxlama və s. ittihamlar saxtadır. Cinayət işindəki etiraf xarakterli ifadələrin təqsirləndirilən şəxslərdən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncə altında alındığını deyiblər.
Vəkil Zibeydə Sadıqova: "Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham aktını hökmə köçürüb. Hökmdə heç bir əsaslandırma yoxdur". Vəkillər evlərdən tapıldığı iddia olunan silahlar haqqında danışarkən bildiriblər ki, həmin silahları onları tapdığını deyən polislərin özləri qoyublar. Bildiriblər ki, polislər məhkəmədə də ziddiyyətli ifadələr veriblər. Məhkəmə aprelin 12-də davam edəcək. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Elman Ağayev, Mehman Quliyev, Faiq Allahverdiyev, Ramil Seyfullayev və Mübariz İbrahimov 13 il, Mehman Məmmədov, Eldar Bünyadov, Əli Hüseynov və Elxan Həsənov isə 12 il 3 ay azadlıqdan məhrum edilib. Bu şəxslərin hamısı ittihamların qondarma olduğunu, günahsız həbs edildiklərini bildirirlər. Təqsirləndirilən şəxslər bildirir ki, bu ittihamlarla bağlı etirafedici ifadələri imzalamaları üçün polislər onlara işgəncə veriblər. Nardaran hadisələrindən sonra ümumilikdə 100-ə qədər adam həbs olunub. Onların arasında ilahiyyatçı Taleh Bağırzadə də var.
Загрузка...
Загрузка...

Xəbər lenti